Dünyada artan təchizat riskləri fonunda misin qiymətləri ilin əvvəlində müşahidə olunan ən yüksək səviyyəyə yaxınlaşaraq 1 ton üçün 14 000 dolları keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, London Metal Birjasında (LME) qırmızı metalın qiyməti ardıcıl səkkizinci gündür ki, yüksəlir və ton başına 14 196,50 dollara çatıb. Bu səviyyə yanvar ayında müşahidə olunan rekorda – yəni 1 ton üçün 14 527,50 dollarlıq həddinə yaxındır.
Dünyada misə olan tələbat, xüsusən də dünyanın ən böyük istehlakçısı olan Çindən güclü alışlar sayəsində yüksək olaraq qalır. Belə ki, Çində elektrik şəbəkələrinin yenilənməsi, bərpa olunan enerji investisiyaları və süni intellekt sektoru misə tələbatı artırır.
Xatırladaq ki, Azərbaycan da mis ixracatçısıdır. 2024-cü ildə Azərbaycan xaricə 28 milyon dollarlıq mis və ondan hazırlanan məmulatlar ixrac edib. 2025-ci ildə isə bu rəqəm 38 milyon dollara yüksəlib.














