“Inno Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 27% artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında "Inno Kapital İnvestisiya Şirkəti" ASC-nin birja dövriyyəsi 201 milyon manat təşkil edib. Şirkətin əvvəlki adı "PSG Kapital" olaraq 2024-cü ilin eyni dövründəki dövriyyəsi ilə müqayisədə, "Inno Kapital"ın dövriyyəsi 42,2 milyon manat və ya 26,6% artıb.
Bu dövrdə ASC-nin dövlət istiqrazları üzrə dövriyyəsi 17,4 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 59,0 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi isə 124,7 milyon manat olub. ARMB qiymətli kağızları və səhm əməliyyatları üzrə 2025-ci ildə dövriyyə qeydə alınmayıb.
Cari dövrdə “Inno Kapital İnvestisiya Şirkəti”nin repo əməliyyatlarının dövriyyəsi 103,8 milyon manat və ya 6 dəfə kəskin şəkildə artıb. Korporativ istiqrazlar üzrə dövriyyə isə 26,5 milyon manat və ya 81,5% yüksəlib.
Lakin, dövlət istiqrazları üzrə dövriyyə 87,3 milyon manat, yəni 6 dəfə azalıb. 2024-cü ildə qeydə alınan səhm əməliyyatları 2025-ci ildə tamamilə dayanıb.
Yanvar-sentyabr aylarının nəticələrinə görə, “Inno Kapital İnvestisiya Şirkəti”nin əməliyyatlarının sayı 200 ədəd (17,2%) azalaraq 965-ə bərabər olub.