Ölkənin aparıcı ticarət şəbəkələrindən biri olan «Bravo» 40 milyon manatlıq istiqraz yerləşdirir.
FED.az xəbər verir ki, bu gün Bakı Fond Birjasında istiqrazların yerləşdirilməsi ilə bağlı təntənəli tədbir keçiriləcək, şirktə artıq elan edib ki, cəlb olunacaq vəsait hesabına «Bravo» yeni marketlər açmaq niyyətindədir.
Şirkətin açıqladığı hesabata əsasən «Bravo» 40 milyon manatlıq istiqrazı illik 10,5%-lə yerləşdirəcək. Ümumiyyətlə investorlara – əhaliyə və şirkətlərə ümumilikdə hər birinin qiyməti 1000 manat olan 40 min ədəd istiqraz satılacaq. 3 illik istiqrazlar üzrə faizlər 3 aydan bir ödəniləcək.
İstiqrazların gətirdiyi gəlirdən vergi tutulurmu?
Yeri gəlmişkən, istiqrazlar üzrə ödənilən faizlərdən vergi tutulmasından fiziki şəxslər 2023-cü ilin fevral ayının 1-dək azaddırlar. Yəni «Bravo» istiqrazlarının dövriyyədə olduğu müddətin təqribən yarısı vergi tutulmayacaq. Həmin qaydanın daha da uzadılacağı hələlik məlum deyil. Hüquqi şəxslərə isə bu güzəştlər aid deyil, və onlar istiqrazlar üzrə ödənilən faiz (kupon) ödənişindən ödəmə mənbəyində 10 % vergi ödəyəcəklər.
İstiqrazların geri alımı nəzərdə tutulmayıb. Yəni istiqrazı alan şəxs onu vaxtından əvvəl satmaq istəsə onu yalnız birjada və həmin vaxt mövcud olan qiymətə sata biləcək.
Əhalidən aldığı pulla yeni marketlər açacaq
«Bravo» bu vəsaitlərlə yeni marketlər açmaq, şəbəkəni genişləndirmək niyyətindədir. «Bravo» markasının sahibi «Azerbaycan Supermarket» MMC-nin açıqladığı hesabatda deyilir ki, ümumiyyətlə şirkət qarşıdakı illərdə yeni marketərin açılmasına 50 milyon manat ayırmaq niyyətindədir ki, bunun da 40 milyon manatı istiqrazların hesabına təmin ediləcək.
Bildirilir ki, şirkət qarşıdakı 5 il ərzində bazar payını 4 dəfə artırmaq və indiki 2%-dən 8%-ə qaldırmaq niyyətindədir.
Market bazarı «kimin əlindədir»?
Yeri gəlmişkən, son məlumatlara görə, son illər iri şəbəkələr sürətlə yayılsa da, bazarın 69%-i hələ də kiçik marketlərə aiddir. «Bravo»nun payı cəmi 2%, digər şəbəkələrin payı isə 29% təşkil edir. Amma qarşıdakı illərdə, 2025-ci ilədək Azərbaycanda kiçik marketlərin və ərzaq mazalarının bazar payı 53%-ə enəcək. İri şəbəkələr isə 47%-ə qədər böyüyəcək. «Bravo»nun sahibləri hesab edir ki, bu müddətdə şirkət öz bazar payını 4 dəfə artıraraq 8%-ə çatdıracaq.
«Zərərlə işləsək də, maliyyə vəziyyətimiz qaydasındadır»
Maraqlıdır ki, investorlar üçün açıqlanan hesabatda şirkətin gələcək gəlirləri ilə bağlı heç bir proqnoz göstərilməyib. Əvəzində məlumdur ki, şirkət son 3 ili hər il 41-47 milyon manat olmaqla, ümumilikdə 132 milyon manat zərərlə başa vurub. Bu məlumatın yaratdığı ajiotajın (zərərlə işləyən şirkət istiqrazlardan faiz ödənişi edə biləcəkmi – səbəbi ilə) qarşısını almaq üçün «Bravo»nun sahibi olan «Azərbayxan Supermarket» şirkəti təcili açıqlama yayaraq, zərərin şirkətin genişlənməsi və yeni marketlərin açılması ilə bağlı olduğnu bildirib.
«Bravo» istiqrazlarına pul yatırmaq sərfəlidirmi?
«Bravo» istiqrazları 3 illik müddətə illik 10,5% gəlir gətirəcək. Müddətin sonunadək vergi ödənişi olmayacağını güman etsək, buraya yatırılan hər min manat ildə sahibinə 105 manat pul gətirəcək. İlk baxışdan sərfəli və bank əmanətləri ilə rəqabət apara bilən göstərici kimi götünə bilər. Amma ölkədə hazırda mövcud olan qiymət artımını nəzərə alsaq, bu 10,5%-in bir hissəsi inflyasiya tərəfindən yeyilə bilər. Statistika Komitəsinin açıqladığı hələ rəsmi məlumatlara görə, son bir ildə qiymətlər 8,5% artıb, yəni manatın alıcılaq qabiliyyəti o qədər azalıb. Bu hələ ötən bir ildə olan vəziyyətdir. Həmin göstəricinin olduğu kimi qalacağı güman etsək, «Bravo» istiqrazlarının gətirəcəyi 10,5%-lik gəlirin 8,5%-i inflaysiya tərəfindən yeyilə bilər, bu isə real gəlirin cəmi 2% olması deməkdir.
Halbuki, hökumət qarşıdakı ildə minimum əmək haqqı və pensiyanın artacağını elan edib və bu növbəti qiymət artımına və pulun alıcılıq qabiliyətinin daha da aşağı düşməsinə səbəb ola bilər.
İstiqrazlar kimə sərfəli ola bilər?
Bu mənada «Bravo»nun istiqrazları fiziki şəxslərdən daha çox, əlində böyük həcmdə sərbəst vəsait olan və onu yerləşdirməkdə çətinlik çəkən iri investorlara, məsələn banklara və iri şirkətlərə sərfəli ola bilər. Belə investorlar Maliyyə Nazirliyinin illik illik 6-7% gəlir gətirən 5 illik istiqrazlarını böyük həvəslə alırlar.
Bəs «Bravo»nun sahibləri kimdir?
FED.az xəbər verir ki, «Azərbaycan Supermarket» MMC-nin 3 payçısı var. Şirkətdə 25% iştirak payı «İdeal Biznes Ko» MMC-yə, 25% iştirak payı «Yevro Standart» MMC-yə, 50% iştirak payı isə Mir Calal Paşayevə məxsusdur.
Şirkətin fəaliyyətinə birbaşa nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Təsisçilərin hər biri şirkətin idarə olunmasında təmsil olunurlar. Şirkətin Müşahidə Şurasının sədri «Paşa Holdinq»in CEO-su Calal Qasımovdur.