10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İdeal Kredit" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
FED.az xəbər verir ki, qeyd olunan AZ2001019978 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 21.11.2025-ci il tarixində yekunlaşıb.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospekti BFB-nin rəsmi internet səhifəsində “Emitentin profili” bölməsində əlçatandır.
BFB-nin məlumatına görə, istiqrazlar üzrə əsas göstəricilər aşağıdakı kimidir: emitent BOKT “İdeal Kredit” MMC, ISIN kodu AZ2001019978 olan bu istiqrazlar faizli, təminatsız, sənədsiz və adlı formada buraxılıb. Ticarət kütləvi və birqiymətli hərrac üsulu ilə həyata keçirilib.
Ümumi 10 min ədəd istiqrazın ilkin ticarət qiyməti 100 manat, buraxılış həcmi isə 1 milyon manatdır.
İllik kupon faizi 14% olmaqla faiz ödənişləri ilk yerləşdirilmə tarixindən başlayaraq hər 90 gündən bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 5 ildir.
Sifarişlərin ümumi həcmi də 1 milyon manat olub. Hərracda 51 investor iştirak edib və 51 sifariş qeydə alınıb. Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.











