Dünyanın ən böyük ərzaq istehsalçısı şirkəti olan «Nestlé» 2025-ci ilin ilk nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə şirkətin ümumi satışları 89,5 milyard İsveçrə frankı və ya 99 milyard avro olub.
Şirkətin illik EBITDA göstəricisi (EBITDA - Earnings Before Interest, Taxes, Depreciation and Amortization – vergi və sair xərclərdən əvvəlki əməliyyat mənfəəti) 18,1 milyard frank və ya 20 milyard avro təşkil edib.
Şirkət öz səhmdarlarına bu il 8,2 milyard frank və ya 9 milyard avro həcmində dividend ödəməyə hazırlaşır.
Xatırladaq ki, «Nestlé SA» - dünyanın ən böyük qida istehsalçısı şirkətidir. Onnu qlobal brendləri – «Nestlé», «Purina», «Nescafé», «Maggi», «Nespresso» və «Nido» geniş ərzaq və içki çeşidlərini əhatə edir.
Ümumilikdə «Nestlé»nin portfelinə 2000-dən artıq brend daxildir. Onlardan bir neçəsinin illik satış həcmi 1 milyard dolları keçir.
Yeri gəlmişkən, ərzaq və içki brendləri ilə yanaşı, «Nestlé» şirkəti dünyada məşhur olan «L'Oreal» şirkətində 20% paya da malikdir. Bu payın qiyməti indiki məzənnə ilə 38 milyard frank və ya 42 milyard avrodur.
Hazırda «Nestlé» şirkəti öz portfelini yenidən nəzərdən keçirir və bu addımlar çərçivəsində bəzi aktivlərini satmağa hazırlaşır - bura içməli su, vitaminlər, minerallar, qida əlavələri və dondurma istehsalı ilə məşğul olan müəssisələr aiddir.
«Nestlé» dünyanın 185 ölkəsində fəaliyyət göstərir, əsas bazarı isə ABŞ-dır. «Nestlé»nin səhmləri İsveçrə birjasında dövr edir. Hazırda «Nestlé»nin səhminin qiyməti 80 İsveçrə frankıdır (təxminən 89 avro). Son bir ildə şirkətin səhmləri 9,5 dollar və ya 10,5% ucuzlaşıb.












