Bitkoin məzənnəsi bir gündə 5000 dollar artıb.
FED.az xəbər verir ki, ABŞ iqtisadiyyatı ilə bağlı bir sıra müsbət xəbərlər fonunda rəqəmsal valyutalar artım nümayiş etdirib. Amma hələlik investorlar ehtiyatı əldən vermir və kriptoları satmağa meyllidirlər.
Son 24 saat ərzində Bitcoin (BTC) 5000 dollar bahalaşıb. Kriptovalyutanın qiyməti təxminən 4,5% artaraq 101 000 dollardan 106 000 dollara yüksəlib.
Ümumilikdə son 24 saatda kriptovalyuta bazarının kapitallaşması 4,45% artaraq 3,58 trilyon dollara çatıb. Bu artım ABŞ-dan gələn bir sıra xəbərlərlə üst-üstə düşüb.
Daha dəqiqi, ABŞ prezidenti Donald Tramp yüksək gəlirli şəxslər istisna olmaqla, hər bir amerikalıya ABŞ-ın gömrük rüsumlarından topladığı vəsaitdən ən azı 2 min dollar ödəyəcəyini vəd edib.
Xatırladaq ki, ABŞ hökuməti oxşar addımı 2020-ci ildə COVID-19 pandemiyası zamanı atmışdı və həmin vaxt əhaliyə paylanılan bu pullar kriptovalyuta bazarının böyüməsinə müsbət təsir etmişdi. Ekspertlər bu dəfə də əhaliyə ödəniləcək vəsaitlərin kripto bazarına təsir edəcəyini düşünürlər.
ABŞ iqtisadiyyatı ilə bağlı daha bir müsbət xəbər - ABŞ Senatının 40 günlük fəaliyyəti dayandıran hökumətin müvəqqəti maliyyələşdirmə qanun layihəsini təsdiqləməsi olub, yəni hökumət yaxın günlərdə işini bərpa edə biləcək.
Bunun kripto bazarına müsbət təsiri odur ki, ABŞ-ın Əmtəə Fyuçers Ticarət Komissiyasının (CFTC) bitkoinlə bağlı yeniliklərə hazırlaşır. Qurumun rəhbəri Caroline Pham elan edib ki, agentlik CME, Cboe, ICE (NYSE-nin operatoru) və Coinbase Derivatives kimi birjalarla birlikdə ABŞ treyderlərinin illərdir əlçatmaz qalan leverajlı spot kripto məhsullarını dekabr ayında bazara çıxarmağa hazırlaşır.
Bitkoindən başqa «Ethereum» da son 24 saat ərzində 5,7% bahalaşaraq 3 600 dollara yüksəlib.
Ümumiyyətlə 10 əsas kriptodan hamısı artım göstərib: «Ripple»ın XRP (XRP) tokeni 8%, Solana (SOL) 5,7% və Binance-in BNB (BNB) 2% bahalaşıb. Payızın əvvəlindən sürətlə böyüyən Zcash (ZEC) son 24 saat ərzində 16% artaraq bazar kapitallaşmasına görə bazarda 13-cü yerdə qərarlaşıb.
Decred (DCR) kriptosu isə 49% artımla ilk 100 kriptovalyuta arasında ən böyük irəliləyiş əldə edib.
Bahalaşmaya baxmayaraq kriptovalyutalardan investorların vəsaitlərinin çıxarılması davam edib. «SoSoValue» şirkəti bildirir ki, keçən həftə spot birja fondlarından (ETF) Bitcoin-ə xalis investor çıxışı 1,22 milyard dollar təşkil edib. Ethereum ETF-lərindən isə 507 milyon dollar çıxarılıb.













