Dünyanın ən populyar kriptovalyutası olan Bitcoinin dəyəri yenidən 11 faiz yüksəlib. Lakin biz bu dəfə Bitcoinin bahalaşmasından yazmayacağıq. Bu kriptovalyutanın məşhurlaşması özü ilə bərabər daha maraqlı detallar gətirib. O detallardan biri də Bitkoinin halal, yoxsa haram olmasıdır.
Bəzi müsəlman ölkələrinin müftiləri Bitcoinin haram və günah olduğunu iddia edərək, onun qadağan olunmasına dair fətva veriblər. Bu cür fətva verənlər arasında Türkiyənin Dini İşlər İdarəsi, eləcə də, Misirin baş müftisi Şeyx Şəvki Əllam da var.
Ş.Ş.Əllamın sözlərinə görə, dələduzluq, yalan və cahilliyi özündə birləşdirən Bitcoin İslam dininə görə haramdır. Baş müftinin məsləhətçisi Məqdi Əşor isə qeyd edib ki, Bitcoin terrorçuların maliyyələşməsi üçün istifadə edilir.
Bəs Azərbaycanda nə düşünürlər? Sualımıza cavab tapmaq üçün əvvəlcə Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) ilə əlaqə saxladıq. İdarənin səlahiyyətli nümayəndəsi Hacı Şahin bildirdi ki, Bitcoin, eləcə də digər kriptovalyutalar fərdi və ictimai maraqlarla yanaşı, şəri və elmi yanaşma ilə də uzlaşdırılmalıdır:
“Ölkədə kriptovalyutaya maraq yeni-yeni kütləviləşib. Təbii ki, bu baxımdan məsələnin dini tərəflərinin də öyrənilməsinə tələbat yaranır. Şəriətin ümumi baxışı ondan ibarətdir ki, bu yeni məsələ şəriətin əsas prinsipləri ilə ziddiyyət təşkil etməsin. Belə ki, əgər kriptovalyutalar, əsassız riskə səbəb olmur və dövlətin qanunlarını pozmursa, burada elə bir qəbahət yoxdur. Bundan əlavə, məsələ ilə bağlı təbii ki, peşəkar maliyyəçilərin rəyləri də nəzərə alınmalıdır. Başqa sözlərlə, fərdi və ictimai maraqlarla şəri və elmi yanaşma ilə uzlaşdırılmalıdır. Lakin şəriət qaydalarına görə, halalıq məsələsi bir az sual altındadır. Bu baxımından valyutanın halallığı üçün əvvəlcə onun daxili dəyəri olmalıdır. Bu məsələdə iqtisadçıların yekdil rəyi isə hələ ki, mövcud deyil. Bu qeyri-müəyyənlik, eləcə də Bitcoinin valyuta bazarında davranışı, mərkəzi banklara vurduğu zərbə və digər məqamlar nəzərə alınarsa, müsəlmanların bu valyuta ilə müamilələrdən hələlik çəkinmələri məsləhətdir”.
İlahiyyatçı Elşad Miri isə bildirdi ki, hər hansı bir mövzuda fikir bildirmək, üstəlik bunu din üzərindən ifadə edərək haram adlandırmaq, yalnız həmin sahədən anlayışı olmayan insanlara xas xüsusiyyətdir:
“Bilirsiz bu gün insanların əksəriyyətinin, xüsusilə də bitcoin və digər kriptovalyutaların haram olduğunu iddia edən şəxslərin kriptovalyutadan anlayışları belə yoxdur. Amerikanın rəsmi valyutası olan dolların arxasında kim dayanır? O vaxt faktiki olaraq, ABŞ-da dollarları hazırlayan xüsusi fond var idi və bu fond bir ailənin əlində idi. ABŞ həmin fonda ödəniş edərək, dollar alırdı. Lakin sonra nə oldu? 1960-cı ildən sonra bu məsələ ləğv edildi və valyuta haqqında qanun qəbul edən ABŞ prezidenti Kennedi öldürüldü. İndi isə, gündəmdən düşməyən kriptovalyutalar haqqında qəti fikir söyləmək mümkün deyil. Mütəxəssislər belə, bu mövzuda dəqiq söz deməyə çətinlik çəkir. Niyə? Çünki, bu da dollar və digər valyutalar kimi gözlənilmədən ciddi fərqlə dəyərini itirir və ya əksinə. Kriptovalyuta virtaul (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər, elektron ödəniş şəbəkəsidir. Kriptovalyutalar birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Əsas xarakteristikası odur ki, mərkəzləşdirilmiş nəzarət mexanizmi yoxdur, inflasiyaya məruz qalmır, saxta emissiyadan söhbət gedə bilməz. Təsəvvür edin, fiziki və hüquqi şəxslər bir-biri ilə bank və ya hər hansı vasitəçi olmadan, həmçinin heç bir komissiya xərci ödəmədən valyuta mübadiləsi edir. Kriptovalyutalar bu gün maliyyə sahəsində inqilab yaradacaq yenilikdir. Yaxın gələcəkdə bütün ödəniş sahələrində ən ideal valyuta olacağı da qaçılmazdır. Bu gün Türkiyədə, BƏƏ-də xüsusi kriptovalyutalar üzərində işlər gedir. Eləcə də nəhəng şirkətlər olan “Əpl”, “Quql” və digərləri də bu sistemə uyğunlaşmaq üçün özlərinə aid kriptovalyutalar hazırlamaq niyyətindədirlər. Dünya ölkələri hər biri öz hərbi donanmasına, ordusuna külli miqdarda vəsait ayırır. Ümumilikdə bütün dünya ölkələrinin orduya xərclədikləri vəsaitin ortalama miqdarı 800 milyard dollardır. Təkcə ABŞ-ın öz ordusuna xərclədiyi vəsait isə illik 600 milyard dollar təşkil edir. İndi nəzərə alın ki, Bitcoinin arxasında nələr dayanır. Hazırda bu, bütün dünyada gündəm mövzularından biridir. Hər kəs kriptovalyutanın arxasında nəyin və ya kimin dayandığını geniş şəkildə araşdırır. “Bitcoin”, “Ethereum”, “Ripple”, “NEM”, “Litecoin”, “Dash”, “Monero” və digər kriptovalyutaların hər biri dayanmadan “oynayır”. Odur ki, heç nə bilmədən onu haram buyurmaq, qadağan etmək olmaz. Bir neçə il əvvələ qədər kim düşünərdi ki, plastik kartlarla, xüsusi kodlaşdırmanın köməyi ilə bankomatlardan pul əldə etmək olacaq? Eynisini kriptovalyutalar üçün də demək olar. Elektron gələcəyə doğru gedirik. Odur ki, qeyri-dəqiq məlumatlı olduğunuz mövzuda fətva vermək, din üzərindən insanları idarə etmək düzgün deyil. Dünya ölkələri sürücüsüz avtomobillərin istifadəsinə start verib. Belə olan halda ödənişlər necə olacaq? Təbii ki, virtual valyuta- kriptovalyutalarla”.
©Publika.az