“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq kapital bazarının inkişaf etdirilməsi, repo bazarının canlandırılması və maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılması üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası (BFB) və AFBİA-nın nümayəndələrinin təklifləri əsasında “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dair dəyişikliklər təsdiq edilib.
BFB-dan FED.az-a verilən məlumata görə, təsdiq olunan dəyişikliklər kapital bazarının inkişaf etdirilməsi, repo bazarı və marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılması ilə bağlı məsələləri ehtiva edir. Qaydalarda qabaqcıl ölkələrin təcrübələri nəzərə alınmaqla aşağıdakı vacib dəyişikliklər öz əksini tapmışdır.
Eləcə də bax: BFB-də marketmeyker fəaliyyəti üzrə tələblərə - DƏYİŞİKLİK EDİLİB
Repo bazarının stimullaşdırılması üçün dəyişikliklər:
• Repo predmeti olan korporativ qiymətli kağızların dairəsi genişləndirilmişdir. Belə ki, beynəlxalq təcrübəyə uyğun olaraq, BFB-nin əsas və standart bazar seqmentində listinqə daxil olan bütün korporativ qiymətli kağızlar repo predemti ola bilər. Habelə, yüksək reytinqli (ən azı «B-») və birjada marketmeyker tərəfindən likvidliyi təmin olunmuş digər investisiya qiymətli kağızları da repo predmeti ola bilər.
• Beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq reponun bağlanma tarixinin reponun predmeti olan qiymətli kağızların ödəniş, faiz ödənişi və ya geri satınalınmasının başlanması tarixindən ən azı beş gün əvvəl olması tələbi çıxarılmışdır. Bu repo əməliyyatlarının daha uzun müddətə bağlanmasına imkan verəcək və repo ilə maliyyələşməni təmin edəcəkdir.
• Repo predmeti olan qiymətli kağızların satıcının hesabında yox, alıcının hesabında dondurulması tələbi müəyyən edilmişdir. Bununla da, repo satıcısının müddət tamamlandıqdan sonra öhdəliyini yerinə yetirmədiyi halda repo predmeti üzrə bütün hüquqlar repo alıcısına keçdiyi üçün proses daha qısa zamanda həll olunacaqdır. Eyni zamanda, repo müddəti ərzində repo predmeti olan qiymətli kağızlar üzrə əldə edilən faiz və ya divident gəlirləri repo alıcı tərəfindən əldə ediləcəkdir.
Əlavə olaraq, yeni qaydalarda tərəfləri bir-birinə məlum olan və qabaqcadan razılaşdırılmış qiymətlə və şərtlərlə bağlanan ünvanlı satış əqdlərinin optimallaşdırılması üçün iri həcmli əqdlərin məbləği təkrar bazarda marketmeykeri olan istiqrazlar üzrə 10 mln manatdan 1 mln. manata, digər istiqrazlar üzrə isə 5 mln. manatdan 500 000 manata endirilmişdir.
Bu dəyişikliklər fond birjasında aparılan əməliyyatların beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, repo bazarının inkişafına, birjada bağlanan əqdlərin sayının və likvidliyin artmasına, maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılmasına və birjadankənar bazarda bağlanan əməliyyatların fond birjasına gətirilməsinə dəstək ola bilər.