Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. Ölkədə kapital bazarlarında tənzimlənən ticarətin yeganə təşkilatçısıdır. Bakı Fond Birjası (BFB) 2000-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur. Müasir iqtisadiyyatın aparıcı institutlarından olan birjanın olduqca əhəmiyyətli bir funksiya yerinə yetirdiyini nəzərə alaraq Fins.az Bakı Fond Birjasında görülən işlərlə maraqlanıb.
Bakı Fond Birjanın əsas missiyası qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ədalətli və şəffaf ticarətin təşkil olunması və Azərbaycan kapital bazarı infrastrukturunun formalaşmasına, inkişafına dəstək verməkdir.
BFB-nin Ticarət dövriyyəsi 2017-ci ilin noyabr ayının sonuna_birja dövriyyəsi 11,6 milyard manat (qeyri-neft ÜDM-in 29 % faizi) təşkil edir. Bazar kapitalizasiyası 3,3 milyard manat təşkil edir (qeyri-neft ÜDM-in 8% faizi).
Bu gün Birjada ticarət dövriyyəsinin əsas hissəsi dövlət qiymətli kağızlarının payına düşür. Lakin, korporativ qiymətli kağız ticarəti dövriyyəsinin artırılması daim fokus mərkəzində saxlanılır.
Hər hansı bir aktivin birjada ticarəti onların listinqə alınması ilə başlayır. Listinq birjada qiymətli kağızların və törəmə maliyyə alətlərinin ticarət buraxılması prosedurudur. Burada məqsəd emitent barədə məlumatların yoxlanılması, onların bərabər şərtlərlə investorlara açıqlanması və şəffaf ticarətin təşkili üçün zəmin yaradılmasıdır.
Qiymətli kağızların listinqə alınması üzrə birjanın daxilində Listinq komitəsi fəaliyyət göstərir. Listinq komitəsinə birjanın müxtəlif bölmələrində çalışan əməkdaşları daxildir. Listinq komitəsinin işi listinqə müraciət etmiş emitentlərin listinq qaydaların tələblərinə uyğunluğunu yoxlamaq və şirkətlərin listinqi barədə qərarın qəbul edilməsindən ibarətdir.
Lisitnq prosesi listinq üçün müraciət, müraciətə baxılması, listinq qərarının verilməsi və emitent barədə məlumatların açıqlanması mərhələlərindən ibarətdir.
Əslində listinq davamlı prosesdir, yəni Birja listinqə alınmış şirkətlərin qaydaların tələblərinə davamlı riayət etməsinə də nəzarət edir.
Listinq prosesi tamamlandıqdan sonra qiymətli kağızlar ticarətə buraxılır
Burada prosesə Birjanın Ticarət və Üzvlük qrupu qoşulur
Ən əvvəl qeyd edək ki, Birjada ticarət saat 9:30 da başlanır və saat 16:00 da bitir.
Texnoloji olaraq, hazırda birjada ticarət CETA – Azərbaycan Mərkəzləşmiş Ticarət Platforması üzərindən təşkil edilir. Platforma 2016-cı ildə istismara verilmişdir, özündə ticarət, ticarət sonrası əməliyyatlar və bazara nəzarət modullarını ehtiva edir. Bu platforma Dövlətin və Dünya Bankının maliyyə dəstəyi ilə Koreya Fond Birjasından alınmışdır. Sistem tam avtomatlaşmışdır və heç bir insan müdaxiləsi olmadan öncədən müəyyən edilmiş iş qrafiki əsasında işləyir.
Birjada ticarət iştirakçılarını görməyəndə təəccübləndik. Bizə BFB əməkdaşları bildirdilər ki, artıq Azərbaycan kapital bazarlarında da əsas qabaqcıl dünya birjalarında olduğu kimi, ticarətə məsafədən - öz ofislərindən qoşulur. Bu yaxılnlarda isə hətta mobil telefonlar üzərindən də çıxış imkanları olacaq. Bütün bunlar məhz yeni texnologiyalar sayəsində mümkündür.
Birjada ticarət qanunvericilik o cümlədən, BFB-nin 11 qayda və prosedurundan ibarət olan ticarət qaydaları vasitəsi ilə tənzimlənir. Məqsəd ədalətli, şəffaf və optimal şərtlərlə ticarəti təşkil etmək və bazarda ən yaxşı qiyməti formalaşdırmaqdır. Bu qaydalar xarici mütəxəssislər ilə birgə tərtib edilmişdir. Tətbiq edilən ticarət üsulları, qiymətərin formalşması metodologiyası Nyu-York, London, qabaqcıl Avropa ölkələrində istifadə edilən təcrübələrə uyğundur.
Ümumilikdə, birjada ticarəti bir neçə üsul ilə təşkil etmək olar. Ticarətin növü alətdən və emitentdən asılı olaraq dəyişir. Bunlar fasiləsiz ticarət, hərrac üsulu, və ünvanlı satış üsullarıdır.
Yerli bazarlarda ən geniş yayılmış ticarət növü fasiləsiz ticarət növüdür. Bu üsul dünyada da geniş yayılmış praktikadır. Fasiləsiz ticarət əsasən təkrar bazar ticarəti üçün geniş yayılmış üsullardan biridir.
Fasiləsiz ticarət zamanı elektron şəkildə təqdim edilən alış və satış sifarişləri avtomatik olaraq uzlaşdırılır və qiymət şərtləri baxımından bir birinə uyğun gələn əks sifarişlər dərhal icra edilir. Bu zaman təqdim edilmiş sifarişlər arasında ən yaxşı qiymətin verildiyi sifarişlər ilk icra edilir. Əslində bütün bu proses müasir texnologiyalar sayəsində saniyənin kiçik bir hissəsini təşkil edir. Onu da öyrəndik ki, Birjada bir göz qırpımında təqribən 25 000 əqdin bağlanılması mümkündür.
Fasiləsiz ticarətdən fərqli olaraq hərrac üsulunda sifarişlər hərracın sonunda icra olunur. Bu gün hərrac dövlət istiqrazlarının və korporativ istiqrazların yerləşdirilməsi üçün geniş istifadə olunan metoddur. Hərrac iki mərhələdən ibarətdir – birinci mərhələdə sifarişlər toplanır, ikinci mərhələdə Emitent tərəfindən müəyən edilmiş satış/alış qiyməti əsasında icra edilir. Məsələn, bu gün istiqrazlar üzrə hərraclarda sifarişlərin qəbulu saat 11:00 dan 12:30 a qədər həyata keçirilir. Burada istənilən hüquqi və fiziki şəxs Birja üzvləri vasitəsi ilə hərraclarda iştirak edə bilər. Bu müddət ərzində hərrac iştirakçıları təqdim etdikləri sifarişləri dəyişdirə və ya ləğv edə bilir. Saat 12:30-dan sonra hərrac üçün təqdim edilmiş sifarişlərdə heç bir dəyişiklik qeydə alınmır həmçinin əlavə sifarişdə qeydə alınmır. Saat 12:30 dan sonra emitentin sesiyası başlayır və adətən saat 15:00-a dək davam edir.Bu zaman emitentin qərar verməsi üçün lazım olur. Hərrac zamanı toplanmış sifarişlərin heç də hamısı icra olunmaya bilər.
3-cü ticarət üsulu BFB-də ən yeni əlavə olunmuş ticarət növüdür. Burada ünvanlı satış həyata keçirilir. Bu zaman ancaq tərəflər iştirak edir. Kənar şəxs iştirak etmir. Bu ticarət üsulu xüsusi əhəmiyyətli və iri həcmli əqdlər üçün istifadə edilir.
Qeyd edək ki, BFB-nin ticarət sistemində yenilənmə 2016-cı ilin fevral ayında həyata keçirilib. Bu sistem ən müasir sistemlərdən biridir. Sistemdə demək olar ki, insan müdaxiləsi olmur və sistem hər şeyi özü həyata keçirir. Məsələn, hərrac haqqında məlumat sistemə daxil olduqdan sonra hərrac günü qeyd olunduqdan sonra həmin tarixdə hərrac özü avtomatik işə düşür. Sistem özü hərracı aktivləşdirir.
Birjanın Biznesin inkişafı qrupunda keçirdiyimiz müddət ərzində BFB-nin həyata keçirdiyi Listinq Məsləhət Proqramı barədə məlumat ətraflı aldıq. Layihənin məqsədi şirkətləri sıfırdan kapital bazarlarına hazırlamaq və bazara çıxmaq üçün yol göstərməkdən ibarətdir. Burada 10 dan artıq tərəfdaş – audit, hüquq və investisiya şirkətləri şirkətin maliyyələşməsi üçün birgə fəaliyyət göstərir. İlk olaraq şirkət təhlil edilir, sonra onun kapital bazarına çıxması üçün yol xəritəsi hazırlanır, şirkət investorlara təqdim edilir. Sonda şirkət listinqdən keçərək kapital bazarlarından maliyyə cəlb etməsi üçün hazır vəziyyətə gətirilir.
Hazırda BFB-nin üzvü olan 7 investisiya şirkəti üzvdür
Bunların sırasında market meyker institutları da vardır ki onlar gündəlik olaraq birjada alış-satış kotirovkaları yerləşdirir. Yəni bu gün market meykeri olan istənilən aləti gün ərzində dərhal almaq və ya satmaq mümkündür.
Birjada ticarət olunan alətllərin siyahısı BFB-nin internet saytında gündəlik olaraq dərc edilir. Birjada ticarətdə iştirak etmək istəyən şəxlər birja üzvləri vasitəsi ilə alqı-satqı əməliyyatları edə bilərlər.
Aldığımız məlumata görə hətta hazırda hesabı olan istənilən şəxsin birja üzvlərinə getmədən elektron şəkildə öz telefonlarından, ofislərindən, evlərindən ticarət etmələri üçün hazırlıq işləri gedir.