Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsinə həsr olunmuş “Açılış Zəngi” mərasimi baş tutub.
AYİB-in istiqrazları Bakı Fond Birjasında yerləşdirildi – “Açılış Zəngi” mərasimi keçirildi
FED.az xəbər verir ki, tədbirdə AYİB-in İstiqrazlar üzrə, Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mikhail Grechikho çıxış edib.
O, çıxışında bildirib ki, bu istiqraz buraxılışı Azərbaycanın maliyyə bazarının inkişafı üçün mühüm addımdır və gələcəkdə yeni emissiyalar üçün yol açacaq:
“Mən əminəm ki, bu, sadəcə başlanğıcdır və biz bununla kifayətlənməyəcəyik. İnanıram ki, bu əməliyyat gələcək istiqraz emissiyalarına yol açacaq və təkcə bizim deyil, digər beynəlxalq maliyyə institutlarının da marağına səbəb olacaq. Mən əminəm ki, onlar bir qədər qısqanacaq və bu əməliyyatdan sonra bizim ardımızca gələcəklər”, – deyə o qeyd edib.
Mikhail Grechikho həmçinin bu layihənin reallaşmasında dəstək göstərən qurumlara təşəkkürünü bildirib: “Mən AMB-yə və şəxsən cənab Taleh Kazımova dərin minnətdarlığımı çatdırmaq istəyirəm. Həmçinin Bakı Fond Birjasına (BFB), Milli Depozit Mərkəzinə (MDM) və bizimlə birlikdə çalışan dəyərli tərəfdaşımız ‘Dentons’ şirkətinə təşəkkür edirəm.”
AYİB rəsmisi sonda vurğulayıb ki, bu istiqraz emissiyasının tam həcmdə yerləşdiriləcəyinə ümid edir: “Biz birlikdə daha böyük və daha iddialı nailiyyətlərə imza atacağıq”, – deyə o əlavə edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.