Azərbaycanda da bölməsi olan Türkiyənin “Yapı Kredi” bankı 2025-ci ili böyük artımla başa vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə “Yapı Kredi” bankın xalis faiz gəliri 91% artaraq 144,6 milyard Türkiyə lirəsinə (TL) (3,322 milyard dollar) çatıb.
“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin dördüncü rübünü 10 milyon manat mənfəətlə - BAŞA VURDU
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, xalis mənfəət isə son bir ildə 62% artaraq 47,1 milyard TL (1,082 milyard dollar) olub.
Bu dövrdə bankın xalis haqq və komissiya gəlirləri 51% artaraq 110,3 milyard TL-yə (2,534 milyard dollar) yüksəlib.
2026-cı ilin proqnozları
“Yapı Kredi” 2025-ci ilin nəticələri ilə yanaşı, 2026-cı ilə dair strateji hədəflərini də investorlarla bölüşüb. Bank açıqlayıb ki, 2026-da Türkiyə lirəsi ilə verilmiş kreditlərdə 30%-dən çox artım, xarici valyutadakı kreditlərdə isə tək rəqəmli artım hədəfləyir.
Bu il bankın xalis faiz marjasında 100 baza bəndi (1%) və ya daha çox yaxşılaşma proqnozlaşdırılır. Haqq və komissiya gəlirlərindəki artımın isə inflyasiya səviyyəsinə paralel olması gözlənilir.
Əməliyyat xərclərinin artımının 35% və ya daha aşağı səviyyədə saxlanılması hədəflənir, risk dəyərinin isə 150 baza bəndi ilə 175 baza bəndi (1,5 – 1,75%) intervalında olacağı təxmin edilir.
«Yapı Kredi»nin CEO-su Gökhan Erün 2025-ci ilin nəticələrindən razı qaldığını bildirib: «Həyata keçirdiyimiz əməliyyatlarla ümumilikdə 6,5 milyard dollar vəsait yaradaraq maliyyələşmə mənbələrimizi şaxələndirdik. İlin birinci yarısında 28 ölkədən 55 bankın iştirakı ilə təmin etdiyimiz 1,165 milyard dollarlıq dayanıqlılıq sindikasiya (Bir neçə bankın birləşərək bir şirkətə və ya banka verdiyi iri həcmli kreditlər – FED.az) krediti Bankımız tarixində ən yüksək iştiraklı əməliyyat oldu. İlin ikinci yarısında isə 24 ölkədən 54 bankın iştirakı ilə 1,274 milyard dollarlıq sindikasiya krediti cəlb edilib. Bu kredit ilk dəfə 3 il müddətli kredit olmaqla tariximizdə mühüm dönüş nöqtəsi oldu».
Bankın ciddi uğurları investorların diqqətini çəkib, bankın qiymətli kağızlarına maraq kəskin artıb: «Bu ilin əvvəlində son əməliyyatımıza investorlar tərəfindən göstərilən tələblə 250 milyon dollarlıq əlavə emissiya həyata keçirdik. Mart ayında 500 milyon dollarlıq avrobond və dekabr ayında 500 milyon dollarlıq kapitala bənzər istiqraz emissiyalarına da beynəlxalq bazarlardan 3 qat tələb gəlib”, - deyə «Yapı Kredi»nin CEO-su əlavə edib.











