Azərbaycan Beynəlxalq Bankının (ABB) sənədli əməliyyatları ölkə sahibkarlarının ehtiyacı olan xidmətlər siyahısına daxildir. Sənədli əməliyyatların müxtəlif növləri var. Bu əsasən ölkəyə mal idxal edən və ya ölkədən mal ixrac edən sahibkarların marağında olduğu xidmətlərdir. FED.az bu mövzu ilə bağlı ABB-nın ticarətin maliyyələşdirilməsi şöbəsinin müdiri Erkin Həmidovun «ASAN Radio»da yayımlanan və «ASAN Radio» ilə Azərbaycan Beynəlxalq Bankının birgə layihəsi olan «Bank saatı»na müsahibəsini təqdim edir.
ELƏCƏ DƏ BAX: Bankda işə düzəlmək asandırmı? – BANKİRLƏ MÜSAHİBƏ
- Erkin müəllim, ümumiyyətlə sənədli əməliyyatlar nə deməkdir?
- Sənədli əməliyyatlar dedikdə ilk növbədə akreditivlər, bank qarantiyaları, sənədli inkasso nəzərdə tutulur. Qeyd olunan bu bank məhsulları beynəlxalq qaydalara uyğun olaraq icra olunur. Bu məhsullar əsasən satıcı və alıcı, sifarişçi və icraçı arasında imzalanmış müqavilələr əsasında açılır. Yəni ödəniş şərtlərində akreditiv və qarantiya qeyd olunması mütləqdir.
- Bu məsələlər xariclə alış-verişi olan sahibkarlara aiddir?
- Nəinki xariclə, elə ölkədaxilində də alqı-satqı edən sahibkarlara da aiddir. Bu müqavilə əsasında olur, müqavilədə də ödəniş şərtləri qeyd olunur. Akreditiv qarantiya, inkasso məhsulları bankın nağdsız hesablaşma məhsullarına aiddir.
- Gəlin açıqlayaq, bizə başa salın akreditiv, bank qarantiyası, inkasso nə deməkdir, axı hamı bu terminlərin nə məna kəsb etdiyini bilmir...
- Onda öncə akteditivdən başlayaq. Çünki bu termin daha mürəkkəb görünür. Bu terminin mənası sənədlər müqabilində ödənişlərin aparılması deməkdir. Təsəvvür edin ki, siz kimdənsə mal alırsınız. Sizin aranızda müqavilə var və aranızda inam zəifdir, bir-birinizə etibar etmirsiniz. Ola bilər ki qarşı tərəf sizə inanmır ki, malını alsanız pulu verməyə bilərsiniz və yaxud əksinə o sizdən mal alsa pulunu verməyə bilər. Bu halda akreditiv köməyə gəlir. Bu halda şərtlərdə - alıcı ilə satıcının arasında olan müqavilə şərtlərində akteditivi qeyd edirlər. Bundan sonra alıcı olaraq siz öz bankınıza müraciət edərək müqavilənizi təqdim edirsiniz və akreditivin açılmasını tələb edirsiniz. Burada müvafiq prosedurları keçdikdən sonra sizin bankınız akreditivi satıcının yəni qarşı tərəfin bankına açır, həm də qarşı tərəfin xeyrinə. Bundan sonra satıcı malları yükləməyə başlayır və yüklədikdən sonra sənədləri öz bankına təqdim edir. Satıcının bankı sənədləri yoxladıqdan sonra alıcının bankına yəni bizim bankımıza göndərir. Alıcının bankı da sənədləri yoxlayır, sənədlər akreditivin qaydalarına uyğundursa satıcının xeyrinə ödəniş aparır. Akreditiv üzrə iki sənəd əsas vacib sənəddir. Bunlar invoys və nəqliyyat sənədidir.
- Mümkünsə bir qədər də açıqlayaq. Tutaq ki, mən xaricdəki hansısa İvandan mal alıram. O mənə inanmır, düşünür ki, malı göndərsə pulunu ödəmərəm. Mən də ona inanmıram ki, birdən pulu göndərərəm o isə malı göndərməz. Mən gəlirəm sizin bankınıza, akreditiv açıram və sizin bank qarantiya verir ki əgər İvan malı göndərsə, bu adam (yəni mən) pulu ödəyəcək, elədir?
- Bəli. Yəni artıq bank satıcının qarşısında öhdəlik götürür ki, alıcı pulu ödəməsə bank həmin məbləği özü ödəyəcək.
ELƏCƏ DƏ BAX: «Zəng edirlər ki, zaminliyimi ləğv edin, istəmirəm» - BANKİRLƏ MÜSAHİBƏ
- Akteditivdən istifadə edənlər var?
- Bəli, kifayət qədər insan var.
- Yəqin ki əksəriyyəti ölkə xarici ilə alqı-satqısı olan insanlardır.
- Bəli, təxminən 80 faizi bu cür əməliyyatlar edən müştərilərimizdir.
- Mən elə hesab edirdim ki, ölkə daxilindəki alqı-satqılarda akteditiv açmağa ehtiyac qalmaz, amma bayaq dediniz ki istifadə edənlər var.
- Bəli ölkə daxilində də alqı-satqısı olan sahibkarlar var ki qarşı tərəfin nə qədər etibarlı olduğunu bilmir və akteditivdən istifadə edir.
- Aydındır. Bəs bank qarantiyası nədir?
- Deməli 4 cür bank qarantiyası var. Bunlar tender, icra, ödəniş və avans qarantiyalarıdır. Tender qarantiyası tender müsabiqədə iştirak üçündür. İcra qarantiyası hansısa işlərin görülməsi üçündür. Ödəniş qarantiyası malların alqısı üçün nəzərtə tutulub. Bu qarantiya akteditivə oxşayır, bir fərq var aralarında, onu da deyəcəm. Sonuncu avans qarantiyası da iş üçün bir tərəf ödəyir, işləri görmədiyi halda avansını geri çağırmaq üçündür.
- Mən bildiyimə görə tender proseduruna qatılmaq üçün həmişə bank qarantiyası lazım olur. Sahibkarlarımız bunu bilir?
- Əksəriyyəti bilir. Əsasən ölkədaxili tender qarantiyaları istifadə olunur.
- Yeri gəlmişkən, mən bütün sahibkarları tenderlərdə fəal iştirak etməyə çağırıram. Hazırda dövlət təşkilatları arasında yaxşı tenderlər keçirilir, sifarişlər əldə edib çox yaxşı işlər görmək olar, elə deyil?
- Elədir.
- Erkin müəllim, Azərbaycanda bu xidmətləri təklif edən banklar çoxdur?
- Ölkəmizin əsas bankları son zamanlar bu məhsulları müştərilərə təqdim edirlər. Amma Azərbaycan Beynəlxalq Bankı bu məsələdə ilk sıralarda olduğu üçün müştərilər daha çox bizə müraciət edir. Təbii ki biz də bundan daha çox stimullaşırıq, müştəriləri məmnun etmək üçün bu sahədə daha çox iş görməyə çalışırıq.
- Bu xidmətlərə son vaxtlar tələb artıb? Çünki biz müşahidə edirik ki, ümumilikdə idxal-ixrac əməliyyatları artır, xariclə əməliyyat edənlər çoxalır.
- Əlbəttə ki müştərilər – hüquqi və fiziki şəxslər, sahibkarlar bu prosedurun daha təhlükəsiz ödəniş növü olduğunu anlayırlar. Ona görə də bankın bu məhsullarına daha çox müraciət edirlər.
- Biz bayaq xaricdən mal almaqla bağlı danışdıq. Gəlin satmaq barədə misal verək. Tutaq ki, ölkədən xaricə pomidor satır bir sahibkar, o bilmir ki tutaq ki Dubayda hansısa bir şirkət o pomidorların pulunu vermədi. Ödəməsə gərək sahibkar ərəb dilini bilən bir vəkil tutsun, onların qanunvericiliyini öyrənsin, məhkəmə çəkişməsi olsun. Bunları yaşamamaq üçün akteditiv açdırmaq kifayətdir, elədir?
- Bəli, bizim ixracla məşğul olan sahibkarlar üçün tövsiyyəmiz odur ki, müqavilələrində alıcı ilə ödəmələri akreditiv yolla ödəmək barədə qeyd yazsınlar. Bu halda akreditiv xaricdəki bank vasitəsilə ixracatçının xeyrinə açılacaq. Yəni malı alan öz bankına müraciət edib satıcının xeyrinə akreditiv açmaq məcburiyyətində qalacaq.
- Deməli, mən milyon dollarlıq məhsulu xaricə göndərəcəm, amma göndərməzdən əvvəl alıcıdan tələb edirəm ki akteditiv açsın?
- Akreditivi ABB aldıqdan sonra sizi dəvət edirik və akreditivi sizə təqdim edirik. Siz akreditivin şərtləri ilə tanış olursunuz, sizə uyğundursa məhsulu yükləyirsiniz və yükləmə sənədlərini bizə göndərirsiniz. Onu xarici banka göndərmək bizim işimizdir. Əgər uyğunsuzluq yoxdursa göndəririk.
- Sadaladığımız bu inkasso, bank qarantiyası, akteditiv kimi məhsullarda operativlik necə təmin olunur? Tutaq ki mən xarici tərəfdaşımla hansısa idxal-ixrac əməliyyatı etməliyəm, amma vaxt baxımından gözləmək mümkün deyil. Bank lazımı əməliyyatı vaxtında apara bilir?
- Əlbəttə ki, bu əməliyyatın hansı dərəcədə mürəkkəb olmağından asılıdır. Bu sahədə bankımızda kifayət qədər təcrübəli mütəxəssislər var. Hər hansı bir müştəri hər hansı bir filialımıza müraciət etdikdə dərhal həmin mütəxəssisə yönləndirilir. O mütəxəssisimiz özü müştəri ilə əlaqə saxlayır.
- Proses necə gedir? Yəni müraciətdən sonra akreditiv açmaq neçə gün çəkir?
- Ən mürəkkəb hallarda bu 10 gün çəkə bilər.
- Bəs ən tez halda?
- Burada elə mürəkkəb məsələlər var ki, bəzən kredit komitəsinə aid olan məsələlər də olur, iş belə olanda kredit komitəsinə verilir. Amma problemsiz olanda 1 günə həll olunan akreditivlər də olur.
- Bayaq siz bir misal çəkdiniz, sahibkar məhsulunu xaricə göndərmək üçün akreditiv açdırır, əgər milyon dollarlıq məhsuldan söhbət gedirsə akreditiv olanda o pulun ödənməməsi kimi bir problem olmur. Amma bir məsələ də var ki, bu xidmət bahalıdırmi?
- Bir çox müştərilər akreditiv qarantiya barədə eşidəndə çəkinirlər ki ya çox vaxt aparacaq, ya da çox komissiya tələb olunacaq. Amma müştərinin öz hesabına açılan akreditivlər akreditiv məbləğinin 0.2 faizi qədərdir.
- Deməli milyon dollarlıq akreditivdən söhbət gedirsə onun 2 faizi 2000 manat edir. Hesab edirəm ki o məbləğdə pulun riski üçün 2000 məbləğ o qədər də böyük pul deyil.
- Bəli. Nəzərə alsaq ki o pulu ala bilməmək ehtimalı da var, bu kimi hallarda akreditiv yaxı təklifdir.
- Bəs inkasso əməliyyatı necədir?
- Akreditiv qarantiyadan fərqli olaraq inkasso əməliyyatı tərəflər arasında daha inamlı münasibət olduqda həyata keçirilir. İnkasso əməliyyatlarında banklar vasitəçi rolunda olurlar. Siz hardansa mal alırsınız, satıcı o malların sənədlərini öz bankına təqdim edir, o bank da sənədləri alıcnın bankına təqdim edir. Alıcının bankı o sənədləri aldıqda alıcıya məlumat verir ki, sənədlər alınıb, siz ödənişi apara bilərsiniz. Bank qarantiyası ilə akreditivin fərqi ondadır ki, inkassoda bankın ödəniş öhdəliyi yoxdur. Bank sadəcə vasitəçidir.
- Elə sahibkarlarımız var ki, onlar xaricdən iri məhsullar almaq istəyirlər. Tutaq ki istehsal xətti, iri soyuducu almaq istəyirlər. Ola bilsin ki 100-150 min dollar civarında qiyməti var bu məhsulun. Amma xaricdəki satıcı onu tanımır və dolayısı ilə güvənmir. Bizim sahibkar öz partnyorunu arxayın etmək üçün neyləməlidir ki, o arxayın olsun ki pulu ödəniləcək?
- Burda iki məhsulumuz köməkçi olur. Biri akreditivdir, biri də ödəmə qarantiyasıdır. Akreditiv hər iki tərəfi sığortalayır. Həm alıcı, həm də satıcı sığortalanır. Ödəniş qarantiyasında isə daha çox benefiiarın maraqları sığortalanır. Yəni satıcı olan tərəfin. Alıcı və satıcı arasında artıq müqavilə var ki, siz mal gələndən 1 ay sonra ödəmə etməlisiniz. Amma satıcı sizə inanmır ki, pulu ödəyəcəksiniz. Bu halda siz bizim bana müraciət edirsiniz, alıcı olan tərəf kimi bizim bankımızdan ödəniş qarantiyası alırsınız. Benifisiarın hesabına öəniş qarantiyası təqdim olunur. Siz müqavilə üzrə öhdəliklərinizi yerinə yetirməsəniz, yəni 30 gün ərzində ödənişi etməsəniz bu halda satıcı banka tələb göndərir və həmin məbləği bank olaraq biz ödəyirik.
- Deməli mən gəlib bankınızda hesab açıram, alacağım məhsula ödəyəcəyim qədər pulu o hesaba qoyuram. Siz 30 gün ərzində o hesaba blok qoyursunuz ki mən çıxara bilməyim. Ödəmə vaxtı gəlib çatdıqda əgər mən satıcıya pulu ödəməmişəmsə o hesabdakı məbləği bank olaraq siz satıcıya ödəyirsiniz. Elədir?
- Bəli. Ümumiyyətlə akreditiv qarantiyanın açılması üçün bankımızda iki sxem mövcuddur. Birincisi sizin borcunuz nə qədərdirsə bizim bankımızda olan pulunuzun həmin miqdarı bloklanır və ehtiyac yaranarsa satıcı tərəfinə həmin vəsait ödənilir. Bu bank üçün tam təcrid olunmuş əməliyyatdır. İkinci sxem isə belədir ki, sizin alıcı kimi pulunuz yoxdur. Akreditiv qarantiya lazımdır, müqaviləniz isə var. Belə olduqda bankımıza müraciət edirsiniz, bizim kredit mütəxəssisləri sizin biznesinizi araşdırırlar, dövriyyənizə və bu işi icra etmək potensialınıza baxırlar.
- Axı biznesdə bütün pul dövriyyədə olur, o məbləği dövriyyədən çıxarıb bir kənarda gözlətmək mümkün deyil...
- Bəli, dövriyyənizə buna görə baxılır və sizin məsələniz bankın kredit komitəsinə verilir.
- Eynilə kredit almaq proseesi kimidir.
- Bəli, eyni prosesdir. Yeganə fərq odur ki, sizə bankımızın kredit xidməti çərçivəsində akreditiv qarantiya açılır.
- Onda belə çıxır ki, mən ikinci sxem üzrə sizdən akreditiv qarantiya almışamsa mənim ödəmə vaxtım gələndə bank mənə ayırdığı kreditdən ödəməni özü edir?
- Tamamilə doğrudur.
ELƏCƏ DƏ BAX: Sahibkarlar üçün güzəştli kreditlərimiz var - BANKİRLƏ MÜSAHİBƏ
- Mən həmin pulu banka nə qədər müddətə qaytarmalıyam?
- Bu kredit müqaviləsindən, müştəri ilə aparılan danışıqlardan asılıdır.
Hesab edirəm ki kredit alaraq akreditiv qbarantiya açdırmaq bizim sahibkarlar üçün çox maraqlı olacaq. Çünki bəzən görürük ki bizim sahibkarlar xarici partnyorlarından möhlət istəyirlər ödəmə üçün. Hətta partnyoru ölkəyə dəvət edib biznesi ilə tanış edirlər ki, o məbləği ödəyə biləcəyinə onu əmin etsin. İstehsal sahələrini, işçiləri, anbarları gördükdən sonra xarici partnyor arxayın olur ki verəcəyi malın pulunu ala biləcək. Amma bunun üçün də müəyyən məbləğ tələb olunur. Bu halda sahibkar banka müraciət edir, kredit komitəsi müsbət cavab verir və ödənişi bank edir.
- Bu xidmətin komissiyası nə qədərdir? Yəni sahibkar partnyorunu dəvət etdikdə xərclədiyi məblığlə kredit alaraq öəmə edərsə ödəyəcəyi komissiya arasında fərq nə qədərdir?
- Əgər kredit xətti ilə akreditiv və ya qarantiya açılırsa qeyd etdiyim 0.2 faizlik əməliyyat gəlirindən başqa fərqli faiz dərəcələri olur. Bizim bankımızda kredit dərəcəsi illik maksimum 5 faizdir. Bu faiz dərəcəsindən az olan kreditlər də ola bilər. Bu artır kredit komitəsindən asılı olan məsələdir.