«Turanbank» ASC-nin kredit portfelinin durumu məlum olub. FED.az bankın hesabatına istinadən xəbər verir ki, bu ilin birinci rübünün sonuna bankın kredit portfeli 325 milyon 224 min manat olub. Son 1 ildə bank kredit portfelini 15,6% böyütməyi bacarıb.
«Ehtiyatlı» kredit portfeli
«Turanbank»ın kredit portfeli həcminə görə, ölkədə ən böyük olmasa da, diversifikasiyasına dərəcəsi olduqca, ehtiyatlıdır və bir sahəyə verilən kreditlərin payı 30%-ə də çatmır.
Kredit portfelinin iqtisadi sektorlar üzrə bölgüsünə gəlincə, burada ən böyük yeri istehlak, kənd təsərrüfatı, tikinti, eləcə də ticarət və xidmət sahələri yer alır.
Bankda istehlak kreditləri 93 milyon 99 min manatdır ki, bu da ümumi kredit portfelinin 29%-ni təşkil edir.
Kənd təsərrüfatı və tikinti sektoruna isə müvafiq olaraq 56 milyon 099 min (xüsusi çəkisi 17%) və 56 milyon 415 min manat (xüsusi çəkisi 17%) kredit ayrılıb.
Ticarət və xidmət sektoruna 53,2 milyon və ya ümumi kredit portfelinin 16%-i qədər vəsait ayrılıb. İstehsal sektoru təmsilçiləri isə bankdan 32,8 milyon manat (xüsusi çəkisi 10%) kredit ala biliblər. Turanbank sözügedən hesabat dövründə ən az krediti nəqliyyat sahəsinə verib ki, bu da ümumi kredit portfelinin 1% ni təşkil edib.
Eləcədə bax: Azərbaycanda illik 1%-lə kreditlərin – VERİLMƏSİNƏ BAŞLANILIB
Bakıdan sonra ən çox Gəncədə kredit verib
«Turanbank»ın kredit portfelinin rayonlar üzrə bölgüsünə baxdıqda isə üstünlük ənənəvi olaraq Bakı-Abşeron bölgəsindədir. Bütün kreditlərin 83,6%-i və ya təqribən 272 milyon manatı Abşeron yarımadasının payına düşür.
Sonrakı yeri Gəncə-Qazax zonası tutur - 34 milyon 943 min manat və ya ümumi kredit portfelinin 10,7%-i. Aran bölgəsinə 8,5 milyon manat, Quba-Xaçmaza 3,8 milyon manat, Lənkərana 3 milyon manat, Şəki-Zaqatala bölgəsinə isə 2,2 milyon manat kredit ayrılıb.
Ən çox problemli kredit «ən etibarlı» sahədədir
«Turanbank»ın problemli kreditləri cəmi 6,1% təşkil edir. Bank sektorunun ümumi göstəriciləri (aprelin 1-nə ölkə üzrə orta göstərici 11,9%) ilə müqayisədə çox deyil.
Əvəzində vaxtı keçmiş kreditlərin sahələr üzrə bölgüsü maraqlıdır – ən böyük problem ticarət və xidmət sahələrindədir. Bu sahəyə ayrılan kreditlərin 9,4 milyon manat və ya 18%-nin qaytarılmasında problem var. Ümumi problemli kreditlərin 47%-i də məhz ticarət və xidmət sektorunun payına düşür.
Prooblemli kreditlərin həcminə görə, sonrakı yeri kənd təsərrüfatı tutur - 4 milyon 149 min manat və ya ümumi problemli kredit portfelinin 21%-i.
İstehsal sektoruna verilən kreditlərin 2,2 milyon manatının (həmin sahə üzrə problemli hissənin 7%-i) qaytarılmasında da problem var.
Banka ən az «başağrısı» yaradan sahə tikintidir. Bu sahənin problemli kreditlərdə payı cəmi 4%-dir.