Mərkəzi Bankın İdarə Heyəti “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nı təsdiqləyib. Qayda mayın 1-dən qüvvəyə minib və ilin sonunadək qüvvədə olacaq.
Eləcə də bax: Elman Rüstəmov açıqladı: «İstehlak kreditləri məhdudlaşdırılacaq»
FED.az xəbər verir ki, bu Qayda koronavirusun Azərbaycan iqtisadiyyatına təsirinin azaldılması üçün Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq koronavirus (COVID-19) pandemiyasının Azərbaycanın bank sektoruna ehtimal olunan mənfi təsirlərinin azaldılması məqsədilə hazırlanıb və Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra – banklar) kreditlərin təsnifləşdirilməsi və risk qrupları, kapitalın adekvatlıq əmsalı və onun hesablanmasının yeni qaydasını müəyyən edir.
Bu Qayda koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndində göstərilən meyarlar üzrə müəyyən edilmiş iqtisadi fəaliyyət sahələrində fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinə şamil edilir. Dövlət tərəfindən yaradılmış qurumların vəsaiti hesabına verilmiş güzəştli kreditlərə bu Qaydanın yalnız 2.3-cü bəndi şamil edilir.
Bu Qaydada istifadə olunan anlayışlar “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) digər normativ xarakterli aktlarında nəzərdə tutulan mənaları ifadə edir.
Bu Qaydanın 2-ci hissəsinin (Kreditlərin təsnifləşdirilməsi) tələbləri bank olmayan kredit təşkilatlarına da şamil edilir.
2. Kreditlərin təsnifləşdirilməsi
2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlərin təsnifat kateqoriyası borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq subsidiyanın ödənildiyi tarixdən 30 sentyabr 2020-ci il tarixinədək pisləşdirilmir.
2.2. 01 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlər restrukturizasiya olunduqda onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 30 sentyabr 2020-ci il tarixinədək pisləşdirilmir.
2.3. 01 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər 30 sentyabr 2020-ci tarixinədək restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədərki təsnifat kateqoriyası pisləşdirilmir.
3. Kreditlərin risk qrupları
3.1. Tibbi ləvazimat və avadanlıqların istehsalçılarına verilən və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri 20 (iyirmi) faizli (0.2 əmsallı) risk qrupuna aid edilir.
3.2. “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.8.2-ci, 9.3.8.3-cü, 9.3.9.1-ci, 9.3.9.2-ci, 9.3.10.1-ci yarımbəndləri və 9.4-cü bəndi istehlak kreditləri üzrə risk qruplarına 01 yanvar 2021-ci il tarixinədək şamil edilmir.
4. Kapitalın adekvatlıq əmsalı və onun hesablanması
4.1. Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 yanvar 2021-ci il tarixinədək 11 (on bir) faizdən az ola bilməz.
4.2. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 yanvar 2021-ci il tarixinədək 9 (doqquz) faizdən az ola bilməz.
4.3. 01 yanvar 2021-ci il tarixinədək kontr-tsiklik kapital buferi 0 (sıfır) faiz müəyyən edilir.
4.4. I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı bazar və əməliyyat riskləri bu Qayda qüvvəyə mindiyi gündən 01 yanvar 2021-ci il tarixinədək nəzərə alınmır.
5. Dividend ödənişi
Bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınmalıdır, 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir.
6. Yekun müddəalar
6.1. Bu Qayda 01 yanvar 2021-ci il tarixinədək qüvvədədir.
6.2. Bu Qaydanın tələbləri əsasında güzəşt tətbiq edilmiş borcalanlara dair məlumatlar Mərkəzi Bankın müəyyən etdiyi formada prudensial hesabatlarla birlikdə Mərkəzi Banka təqdim edilir.
6.3. Bu Qaydanın qüvvədə olduğu müddətdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” və Mərkəzi Bankın digər normativ xarakterli aktları bu Qaydaya zidd olmayan hissədə tətbiq edilir.