Bütün dünyada olduğu kimi Azərbaycanda da bank sahəsində duran əsas məsələlərdən biri də müştərilərin məlumatlarının və vəsaitlərinin qorunması və təhlükəsizliyidir. Təbii ki, Azərbaycan Bankları bu məsələdə birincilərdən deyil, lakin bu iş Azərbaycan banklarında kifayət qədər yaxşı təşkil olunmuşdur və bu işlər daim tənzimləmə və nəzarət sistemini həyata keçirən orqanlar tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Bunu FED.az-a “Azər Türk Bank”ın Ödəniş kartları departamentinin direktoru Namid Abdulov bildirib.
Eləcə də bax:Azər Türk Bankın məlumat mərkəzi - FASİLƏSİZ İŞ REJİMİNƏ KEÇDİ
“Bankımız periodik olaraq nəzarət orqanlarına banka məxsus kartlarla və ya bankın təqdim etdiyi POS terminal və elektron ticarət saytlarında aparılmış fraud və saxtakarlıq halları ilə bağlı hesabat verir. Hesabata nəzər yetirərsək, “Azər Türk Bank” belə hallarla ən az rastlaşan banklardan biridir. Ola bilər ki, bu bankımız bazar payının az olması ilə də bağlıdır. Lakin istənilən halda qeyd etməliyəm ki, təhlükəsizliyin və məlumatların qorunması prosesinin kifayət qədər yaxşı qurulması qarşımıza böyük həcmli fraud halını çıxartmamışdır. Bəzən müştərilər, kart məlumatlarını etibar edilməyən, riskli və təhlükəsizliyi təmin olunmayan internet səhifələrə daxil edirlər və təbii ki, bu xırda fraud hallarının yaranmasına gətirib çıxarır və bu danılmaz bir faktdır. Bu halların qarşısını almaq üçün bütün kartlarımızda 3D secure funksionallığı vardır. Eyni zamanda əməliyyatlar 24/7 rejimində monitorinq edilir, riskli əməliyyatlar dərhal dayandırılır, riskli hesab olunan əməliyyatlara bağlı müştərilərə məlumat verilir.”- deyə Namid Abdulov bildirib.
“Son dövrlər Azərbaycan Banklarında ciddi rəqəmsal transformasiya tendensiyası müşahidə olunur. Təbii ki, bankların rəqəmsal həlləri tətbiqi bəzən onların sistemlərində xırda boşluqların yaranması və dələduzların bu boşluqlardan istifadəsi ilə nəticələnir. Bu dünyada nəinki bankların, hal-hazırda böyük aktuallıq qazanan Fin-Techlərin də, loru dildə desək yaralı yeridir. Bu səbəbdən banklarımızda və xidmət mərkəzlərimizdə ciddi həllərin tətbiqindən sonra Penetration testlərin və yoxlamaların aparılması bizi ciddi maliyyə itkilərindən və ən əsası müştərilərin banklara etibarının azalması riskindən qoruyacaq.
Skiminqlə bağlı qeyd edə bilərəm ki, son dövrlərdə bu hala çox az rast gəlinir. Belə ki, nəzarətedici və tənzimləyici orqanlar tərəfindən banklar qarşısında ATM lərdə nəzarət mexanizmlərinin gücləndirilməsi üçün müvafiq tələblər qoyulmuşdur. Bu tələblər bankomatları əlavə müşahidə kameraları, yanğın, titrəyiş, istilik, aktiv və passiv anti-skimminq qurğuları ilə təmin olunması tələbidir. Bu ölkədaxili bankomatlarda kartların skimminq olunması ehtimalını dəfələrə azaltmışdır. Bəzən ölkəxarici bankomatlarda kart məlumatlarının oğurlanması halları ilə rastlaşırıq. Bu halların əksəriyyətində banklarımız Beynəlxalq ödəniş sistemlərinin “Məsuliyyətin ötürülməsi qaydası”na uyğun olaraq müştəri hesablarından silinmiş vəsaitin bərpa edilməsini təmin edə bilir.
2004-cü ildə Azərbaycan Mərkəzi və Şərqi Avropanın, yaxın Şərq və Afrikanın 92 ölkəsinin daxil olduğu CEMEA regionunda ilk dəfə kontaktlı-kontaktsız interfeysli və məlumatların dinamik autentifikasiyası ilə ən mütərəqqi kartlar buraxmağa başlayan ikinci ölkə oldu. Banklarımız qeyd olunan tendensiyanı davam etdirir, lakin statistik göstəricilər onu göstərir ki, nağdsız ödənişlərin həcmi hələ də qonşu ölkələrdəki rəqəmlərdən geri qalır. Son dövrlər ölkə rəhbərliyi tərəfindən verilən sərəncamlar və dövlət proqramları bu sahənin inkişafı üçün banklar qarşısında yeni hədəflər müəyyən etdi. Bu yolda bütün banklara uğurlar arzu edirik.