2021-ci ilin əvvəlindən Rusiyanın Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarına məhdudiyyət tətbiq etməsi ölkəmizdə problemli kreditlərin artmasına səbəb olub.
Eləcə də bax: Bankların bahalı kredit siyasəti problemli kreditlərin artmasında rol oynayır
Bəhruz Nağıyev qeyd edib ki, PAŞA Bankda qeyri-işlək portfelin xüsusi çəkisinin 2,7%-dən 4,1%-ə yüksəlməsi pandemiya ilə bizneslərin geriləməslə əlaqədər deyil, bunun 2 əsas səbəbi var:
“Burada iki başlıca səbəb var: Birincisi səbəb aqrar sektordakı çətinliklər ilə əlaqədardır. Bildiyimiz kimi, Rusiya bir müddət Azərbaycan ixracatçılarına məhdudiyyətlər tətbiq etdi, 4 aya yaxın bir müddətdə çətinliklər yarandı. Bunun nəticəsində kreditlərdə gecikmələr oldu. Çünki müştərilər məhsulları ixrac edə bilmədilər, yollarda qalan məhullar yararsız oldu, ümumiyyətlə bizneslərə çoxlu fəsadları oldu. Bu çətinliklər aqrar istehalçıların və ixracatçıların gəlirlərində də əks olundu və istər-istəməz bizdən də yan keçmədi. Belə ki, PAŞA Bank aqrar sektorda geniş fəaliyyət göstərir, çox ciddi maliyyələmələr edir. İri fındıq, pomidor istehsalçıları bizim müştərilərdir. Ölkəmizin əsas ixracatçıları ilə əməkdaşlıq edirik. Bu şirkətlərin üzləşdikləri çətinliklər istər-istəməz bizə də təsir etdi.
İkinci səbəb bir çox Azərbaycan şirkətlərində korporativ mədəniyyətin tam formalaşmamasıdır. Bir şirkətin idarəçisi dəyişiən zaman, yeni rəhbər hər şeyə yenidən baxır, analizlər aparır və təbii ki, bu da ödənişlərin gecikməsi ilə nəticələnir”.
Bəhruz Nağıyev əlavə edib ki, ilin sonundakə problemli kreditlərin azalacağına inanırlar:
“Açığını desəm, əksər problemləri həll etmişik. Bir neçə problem qalıb. Bu normaldır, iqtisadiyyatda dəyişikliklər olan zaman bizneslərə mənfi təsir edə bilir. İlin sonunadək çətinliklərin bir hissəsini də aradan qaldıracağımıza və qeyri-işlək kreditlərin səviyyəsinin hazrkı 4,1%-dən 2,7% - 3% səviyyələrinə düşəcəyinə inanırıq”.
Qeyd edək ki, təkcə 2021-ci ilin 6 ayında “PAŞA Bank” ASC aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 24 milyon 473 min manat ayırıb. Bu, cəmi əməliyyat gəlirlərinin təxminən 13%-dir. Eyni zamanda, ayırma ötən ilin 6 ayı ilə müqayisədə (12 milyon 214 min manat) 2 dəfə çoxdur.
Məlumat üçün bildirək ki, banklar kreditlər və digər aktivlər üzrə zərərin ödənilməsi üçün xüsusi ehtiyat fondu ("adi ehtiyat" və "məqsədli ehtiyat") yaradırlar. Bu fond əməliyyat mənfəəti və ya kapital hesabına yaradılır. Məqsədli ehtiyat Bankın qeyri-standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılan xüsusi fonddur. Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlər - "qənaətbəxş" aktivlər və "nəzarət altında olan" aktivlərdir. Qeyri-standart aktivlərə - "qeyri-qənaətbəxş", "təhlükəli" və "ümidsiz" aktivlər (kreditlər) daxildir.
Qeyd edək ki, artıq Rusiya məhdudiyyətlərin bir çoxunu aradan qaldırıb. (Marja)