Aydın Hüseynov: “Bank of New York Mellon ilə əməkdaşlıq qlobal maliyyə sisteminə inteqrasiyamızın növbəti mərhələsidir”.
Rabitəbankdan ölkədə ilk! - Uşaqlar üçün maliyyə üzrə mobil tətbiq: Rabita Junior
FED.az “Rabitəbank” ASC-nin İdarə Heyətinin Sədri Aydın Hüseynovun müsahibəsini təqdim edir:
- Rabitəbank üçün Bank of New York Mellon-da müxbir hesab açmaq hansı strateji məqsədlərə xidmət edir?
- Bank of New York Mellon-da müxbir hesabın açılması ilk növbədə Rabitəbankın beynəlxalq maliyyə bazarlarına geniş çıxış əldə etməsinə imkan yaradır. Xarici tərəfdaşlarla hesablaşmaların daha operativ və təhlükəsiz aparılması istiqamətində bu, çox mühüm addımdır. Əməkdaşlıq bankımızın beynəlxalq arenada imicini gücləndirir, müştərilərimizə isə qlobal maliyyə proseslərində daha rahat iştirak imkanı verir.
- Bu əməkdaşlıq bankın beynəlxalq nüfuzuna və etibarlılığına necə təsir göstərəcək?
- Bank of New York Mellon ilə əməkdaşlıq bizim üçün sadəcə tərəfdaşlıq deyil, müştəri mərkəzli yanaşma və məsuliyyətli bankçılıq prinsiplərimizə sadiqliyimizin göstəricisidir. Hazırda 12 ölkədə 20 müxbir bankla əməkdaşlıq edirik. 2024-cü ildə təkcə beynəlxalq ödənişlərimizin həcmi 190 milyon ABŞ dollarına çatıb. Bu addım beynəlxalq nüfuzumuzu daha da artırır, maliyyə dayanıqlığımızı gücləndirir və xarici investorlarla əməkdaşlıq imkanlarımızı genişləndirir.
- Müştərilər bu yeni əməkdaşlıqdan konkret hansı üstünlükləri əldə edəcəklər?
- Müştərilərimiz beynəlxalq ödənişlərini daha sürətli, təhlükəsiz və sərfəli şərtlərlə həyata keçirə biləcəklər. Bank of New York Mellon-un qlobal şəbəkəsi xüsusilə xarici ticarətlə məşğul olan şirkətlər və ixracatçılar üçün əhəmiyyətli üstünlüklər yaradacaq. Onlar üçün daha əlçatan maliyyələşmə mənbələri və beynəlxalq bazarlara çıxış imkanları təmin olunacaq.
- Gələcəkdə əməliyyat aparıla bilən valyutaların spektrinin genişləndirilməsi planlaşdırılırmı?
- Hazırda əməliyyatlar ABŞ dolları ilə aparılır. Ancaq bazar tələblərinə uyğun olaraq avro və digər regional valyutalarda əməliyyat imkanlarını genişləndirməyi planlaşdırırıq. Məqsəd sahibkar və ixracatçılar üçün daha çevik və geniş coğrafiyanı əhatə edən xidmətlər təqdim etməkdir.
- Bu əməkdaşlıq Rabitəbankın daxili əməliyyat sistemlərinə necə təsir edəcək?
- Bu inteqrasiya əməliyyat səmərəliliyini və müştəri xidmətlərinin keyfiyyətini yeni mərhələyə qaldıracaq. Risklərin idarə olunması, likvidliyin planlaşdırılması və müxbir əməliyyatların izlənməsi daha çevik mexanizmlərlə aparılacaq. Əməkdaşlarımız artıq bir çox prosesi manual yox, inteqrasiya olunmuş platforma vasitəsilə daha sürətli icra edəcəklər.
- Risklərin idarə olunması və beynəlxalq standartlara uyğunluq necə təmin olunacaq?
- Real vaxt rejimində monitorinq, əməliyyatların avtomatlaşdırılmış filtrasiyası və beynəlxalq risk idarəetmə modelləri tətbiq olunur. Bu, şübhəli əməliyyatların erkən aşkarlanmasına imkan verir və maliyyə dayanıqlığımızı gücləndirir.
- Rabitəbank müştərilərinə beynəlxalq maliyyə xidmətləri üzrə hansı yeni rəqəmsal imkanlar təqdim edəcək?
- Mobil və internet bank platformalarında beynəlxalq ödənişlərin çeşidini artıracağıq, rəqəmsal akkreditiv və zəmanət xidmətləri, həmçinin biznes müştərilər üçün onlayn ticarət maliyyələşməsi imkanları yaradılacaq. Məqsədimiz yalnız ənənəvi əməliyyatları rəqəmsallaşdırmaq deyil, müştərilərimizə tamamilə yeni qlobal maliyyə təcrübəsi təqdim etməkdir.
- Bankın beynəlxalq əlaqələr sahəsində uzunmüddətli strategiyası nədən ibarətdir?
- Strategiyamız Azərbaycanın maliyyə sistemini qlobal maliyyə ekosisteminə daha sıx bağlamağa xidmət edir. Rabitəbankı regionun ən etibarlı beynəlxalq tərəfdaşlarından birinə çevirməyi hədəfləyirik. Başqa sözlə, biz Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana yaxınlaşdırmaq üçün çalışırıq. (BBN.az)