"Bank of Baku" ASC 2025-ci ilin 1-ci rübünü 7 milyon 143 min manat xalis mənfəət ilə başa vurub.
FED.az xəbər verir ki, bank 2024-cü ilin 1-ci rübünü 3 milyon 504 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Bank of Baku"nun xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 639 min manat və ya 2 dəfə artıb.
Bankın ilk rübdə faiz gəlirləri 40,7 milyon manat təşkil edib. İllik müqayisədə gəlirlər 5,5 milyon manat, yəni 16% artıb.
Faiz gəlirlərinin 39 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 6,3 milyon manat (19%) çoxdur.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 15 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 710 min manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 869 min manat, digər faiz gəlirləri isə 188 min manat təşkil edib.
Hesabat dövründə bankın faiz xərcləri 1,9 milyon manat (14%) artaraq 15,1 milyon manata bərabər olub. Bunun da böyük hissəsi - 14,2 milyon manatı depozitlər üzrə faiz xərcləridir ki. bu da illik müqayisədə 1,9 milyon manat (15%) çoxdur.
Bankın xalis faiz gəlirləri isə 25,6 milyon manat təşkil edib. Bu da son bir ildə 3,7 milyon manat və ya 17% çoxdur.
Hesabat dövründə qeyri-faiz gəlirləri 4,1 milyon manat, xərcləri isə 20,2 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 273 min manat (7%). xərcləri isə 952 min manat (5%) artıb.
Qeyri-faiz gəlirlərinin 4,2 milyon manatı alınan haqq və komisiya gəlirlərinin payına düşüb ki, bu da illik müqayisə ilə 552 min manat və ya 15% artımdır.
Xərclərin 7,4 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər, 1,4 milyon manatı ümumi və inzibati xərclərin, 638 min manatı amortizasiya xərclərinin, 10,8 milyon manatı digər xərclərin payına düşüb.
Bank bu dövrdə 2,7 milyon manat mənəət vergisi ödəyib.
Bank of Bakunun aktivləri 2025 ilin I rübündə 1 milyard 5 milyon manat təşkil edib. Aktivlər ötən ilin sonu ilə müqayisədə 70,8 milyon manat və ya 8% böyüyüb.
Aktivlərin 78,4 milyon manatını nağd pul vəsaitləri, 76,4 milyon manatını isə qiymətli kağızlara yatırımlar təşkil edib.Nağd pul vəsaitləri 13,7 milyon manat (21%), qiymətli kağızlara yatırımlar 31,9 milyon manat (72%) artıb.
Bankın kredit portfeli 770 milyon manatdan bir qədər yüksək olub. Bundan istehlak kreditlərinin payına 589 milyon manat, biznes kreditlərinin payına 137,6 milyon manat, daşınmaz əmlak kreditlərinin payına 50,8 milyon manat düşüb.
2024-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 16,6 milyon manat (2%), istehlak kredit portfeli 9,7 milyon manat (2%), biznes kreditləri 4,9 milyon manat (4%), ipoteka kreditlərinin həcmi 2milyon manat (4%), böyüyüb.
Ümumi kredit portfelinin 56,8 milyon manatını mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyat vəsaiti təşkil edib.
Nəticədə xalis kredit portfelinin həcmi 720,2 min manata bərabər olub ki, bu da illik 14,9 milyon manat və ya 2% artım deməkdir.
Hesabat dövründə bankın öhdəlikləri 842 milyon manat təşkil edib. Öhdəliklər son 3 ay ərzində 63,4 milyon manat, başqa sözlə 8% artıb.
Bankda əhalinin və şirkətlərin pulu artıb.
"Bank Of Baku"nun depozit portfelində də artım müşahidə olunub. Belə ki, bu dövrdə bank 618,5 milyon manat depozit portfelinə malik olub. Onun da 556,5 milyon manatı fiziki, 62 milyon manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2024-cü ilin sonu ilə müqayisədə depozit portfeli 76,7 milyon manat (15%), fiziki şəxslərin depozitləri 59,5 milyon manat (13%), hüquqi şəxslərin depozitləri isə 17,2 milyon manat (43%) artıb.
Bank of Baku bu ilin ilk rübündə 163 milyon manatdan çox balans kapitalına malik olub ki, bu da illik müqayisədə 7,3 milyon manat və ya 5% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi də son bir ildə 7,1 milyon manat və ya 8% artaraq 99,8 milyon manat təşkil edib.