Azərbaycan bank sektorunda maliyyə dayanıqlığının möhkəmləndirilməsi istiqamətində likvidlik idarəetməsi üzrə yeni mərhələyə start verilib. Mərkəzi Bank tərəfindən qəbul edilən tənzimləmələr çərçivəsində milli valyutada likvidlik əmsalının (LCR) mərhələli şəkildə tətbiqi, yüksək keyfiyyətli likvid aktivlərin əhatə dairəsinin genişləndirilməsi və valyuta balanslarının optimallaşdırılması nəzərdə tutulur.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR, SİYAHI (2025)
Yeni tələblər həm maliyyə sabitliyinin gücləndirilməsinə, həm də sektorun daha çevik və şəffaf idarə olunmasına yönəlib. Bu çərçivədə sistem əhəmiyyətli və digər banklar üçün fərqli keçid dövrləri müəyyən edilib. Eyni zamanda, gündəlik monitorinq imkanlarının təkmilləşdirilməsi, risklərin qiymətləndirilməsi və rəqəmsal alətlərdən istifadənin genişləndirilməsi də bank sektorunun qarşısında duran əsas hədəflərdəndir.
FED.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ekspert Qrupunun üzvü Məmməd Həsənov müsahibəsində yeni qaydaların əhəmiyyəti, tətbiq mexanizmləri, bankların hazırkı vəziyyəti və gözlənilən nəticələr barədə ətraflı danışıb:
- Yeni tənzimləmələr çərçivəsində milli valyutada LCR əmsalının mərhələli artırılması bankların kreditvermə imkanlarına necə təsir göstərəcək? Bu, real sektorun maliyyələşməsində çətinlik yarada bilərmi?
- Milli valyutada LCR əmsalının mərhələli şəkildə tətbiqi beynəlxalq təcrübəyə uyğundur ki, bu da banklara zaman verir ki, öz biznes modelini likvidlik vəziyyətinə və maliyyələşmə çərçivəsinə uyğunlaşdırsın. Bu xüsusda, bankların uzunmüddətli dövrdə likvidlik tələbini indidən planlaması onların kredit verilişlərinə mənfi təsirini minimallaşdırmaqla yanaşı potensial likvidlik qaçışlarına qaşrı dayanıqlığını artıracaq.
- Yüksək keyfiyyətli likvid aktivlərin siyahısının genişləndirilməsi bankların ümumi likvidlik idarəetməsinə hansı əlavə üstünlüklər gətirəcək? Bank sektoru bunu praktikada necə tətbiq etməyə hazırdır?
- Bildiyimiz kimi likvidlik qaydalarında edilən dəyişikliyə əsasən banklar arası overnayt əməliyyatları, Mərkəzi Banka olan 30 günlük yerləşdirmələr, habelə bank metalları yüksək keyfiyyətli aktiv kateqoriyasına daxil edilmişdir ki, bu da banklara likvid aktiv siyahısını genişləndirməyə, onları daha səmərəli idarəetməyə xidmət edir. Belə ki, sözügedən vəsaitlərin, xüsusən overnayt depozitlərin yüksək keyfiyyətli aktiv kimi təsnifləşdirilməsi banklararası əməliyyatların genişləndirməsinə və kiçik bankların qısamüddətli maliyyə əlçatanlığını artırmağa töhvə verəcəkdir. Bankların hazırda da, banlararası əməliyyatlar apardığını nəzərə alaraq sözügedən dəyişikliyin praktiki tətbiq zamanı əlavə çətinlik yaratmayacaq.
- Milli və xarici valyutalar üzrə likvidlik mövqelərinin bölgüsünün optimallaşdırılması gözlənilir. Bankların hazırkı strukturunda buna uyğunlaşma üçün hansı əsas çağırışlar mövcuddur?
- Azərbaycan banklarının milli və xarici valyutalar üzrə likvidlik mövqelərinin optimallaşdırılması müasir likvidlik idarəetməsində vacib istiqamətlərdən biridir. Amma hazırkı bank strukturu və bazar şəraiti nəzərə alınanda, buna uyğunlaşmaq bir neçə əsas çağırışla əlaqədar ola bilər. Bunlar, bankların balanslarında valyuta uyğunluğunu artırmaq, xarici valyutada riskləri azaltmaq üçün effektiv risk idarəetmə mexanizmlərinin qurulması; milli valyutada likvid aktivlərin artırılması və maliyyələşmə mənbələrini və faiz xərclərini buna uyğunlaşdırılması; artıq xarici valyutada likvidlik mövqelərinin idarə olunması üçün limitin yerli valyutada olan limitlə əvəzləşdirilməsi, bankların özlərinin xarici valyutada likvidliyini idarə etməyə imkan verən mexanizmlərin inkişaf etdirilməsi kimi çağırışlardır.
Məmməd Həsənov
- Yeni qaydalar xüsusilə sistem əhəmiyyətli banklar üçün sərt tələblər nəzərdə tutur. Bu, bankların idarəetmə modellərində hansı dəyişikliklərə səbəb olacaq? Kiçik və orta banklar üçün risklər necə qiymətləndirilir?
- Ümumilikdə, bildiyimiz kimi qaydalarda olan dəyişikliyə əsasən sistem əhəmiyyətli banklar üçün LCR limitinin mərhələli şəkildə 2027-ci ilin iyun ayınadək, digər banklar üzrə isə 2027-ci ilin sonunadək 100 % olması nəzərdə tutulmuşdur. Göründüyü kimi 2027-ci ilin sonudək bütün bankların 100 % tələbini qorumaq zərurəti var. Sistem və digər banklar arasında differensial yanaşma sadəcə keçid müddətlərinə münasibətdə mövcuddur ki, bu da sistem əhəmiyyətli bankların digər banklarla münasibətdə sistemə təsirinin nəzərə alaraq başa düşüləndir.
Ümumiyyətlə, limitlərin tətbiqi bütün banklara münasibətdə likvidlik idarəetməsi yanaşmasına müəyyən qədər təsir edəcək ki, bu da daha tez uyğunlaşması prizmasından sistem əhəmiyyətli bankların nisbətən yuxarı LCR tələblərinə tələblərə daha tez hazırlıqlı olmasını qaçılmaz edir. Nisbətən daha yuxarı LCR tələbinin mövcudluğu sistem əhəmiyyətli bankları digər banklarla müqayisədə daha çox proaktiv olmağa, strateji və büdcə planlamasını, ehtiyac olarsa biznes modelindəki dəyişiklikləri və s. daha çevik keçməyə stimullaşdıracaq.
- Dəyişikliklərin həyata keçirilmə müddətinə (2025–2027) uyğun monitorinq mexanizmləri necə qurulacaq? Bankların uyğunluq statusunun qiymətləndirilməsi hansı mexanizmlərlə həyata keçiriləcək?
- Məlumat üçün qeyd edim ki, banklar üzrə milli valyutalara LCR tələbi daha öncə mövcud olmasa da, banklar tərəfindən məcmu, milli və xarici valyutada LCR hesabatları hazırlanır və Mərkəzi Banka təqdim olunurdu. Bu xüsusda, banklara sözügedən limitin gətirilməsi bankların onu hesablanması baxımından bir çətinlik yaratmayacaq, lakin banklar bununla yanaşı sözügedən limiti günlük əsasda monitorinq etməsi, göstəriciyə təsir edən əsas faktorları müəyyən etməsi və onların təhlil edilməsi zəruridir ki, bu da dəyişikliklərin mərhələli tətbiqi fonunda banklara monitorinq mexanizmlərinin formalaşdırılması baxımından əlavə vaxt tanınması sektor üçün çox mühüm addımdır.
Banklar artıq indidən risk monitorinq alətlərini bu yeni çərçivəyə uyğunlaşdırmağa başlamalıdırlar. Eyni zamanda, əlavə olaraq qeyd edim ki, Mərkəzi Bankın həyata keçirdiyi tənzimləmə dialoqu çərçivəsində banklar mütəmadi olaraq məlumat mübadiləsi və uyğunluq səviyyəsinin qiymətləndirilməsi üçün açıq və şəffaf kanallar vasitəsilə əməkdaşlıq edir.
- Azərbaycan bank sektorunun regional və beynəlxalq standartlarla müqayisəsində bu dəyişikliklərin hansı fərqləndirici cəhətləri var? Bu, bankların xarici partnyorlarla münasibətlərinə təsir edəcəkmi?
- Yeni dəyişikliklər Mərkəzi Bankın regional və beynəlxalq prudensial çərçivəyə inteqrasiya istiqamətində atdığı strateji addımların davamıdır. Xüsusilə "Basel III"ə uyğunlaşdırılmış likvidlik tələbləri və proporsional yanaşmalar Azərbaycan bank sektorunun dayanıqlığını artırmaqla yanaşı, xarici investorlar və partnyor banklar üçün də müsbət siqnal xarakteri daşıyır. Bu, beynəlxalq əlaqələrin dərinləşməsinə, investisiya cəlbediciliyinin artmasına və xarici maliyyə institutları ilə etimada əsaslanan tərəfdaşlığın inkişafına müsbət təsir göstərəcək. (Report)