2025-ci ilin ilk doqquz ayında Azərbaycan banklarının qiymətli kağızlara yatırımlarının artım dinamikası bəzi bankların bu sahəyə marağının kəskin şəkildə artdığını göstərib.
FED.az xəbər verir ki, hesabat dövründə qiymətli kağızlar portfelini ən sürətlə artıran bank “Premium Bank” ASC olub. Bankın portfeli doqquz ay ərzində 17 milyon 839 min manat artaraq 18,5 dəfə böyüyüb. İkinci yerdə “Yelo Bank” ASC qərarlaşıb ki, onun portfeli 5 milyon 284 min manat artaraq 2 dəfə yüksəlib.
Siyahıda həmçinin yüksək faizli artımla seçilən “Bank of Baku” ASC (22 milyon 69 min manat və ya49,7%), “Bank Respublika” ASC (23 milyon 549 min manat və ya 41,3%), “Expressbank” ASC (10 milyon 970 min manat və ya 38,1%) və “Azər Türk Bank” ASC (45 milyon 417 min manat və ya 32,2%) də var.
Sektorun iri banklarından olan “PAŞA Bank” ASC portfelini 138 milyon 120 min manat (7,5%), “Kapital Bank” ASC isə 37 milyon 494 min manat (1,2%) artırıb.
Daha mülayim artım nümayiş etdirən banklar arasında “Bank Avrasiya” ASC (18 min manat və ya 6,4%) və “Rabitəbank” ASC (6 milyon 539 min manat və ya 5,8%) da yer alıb.