“Azərbaycanda bank kartlarının təhlükəsizliyi beynəlxalq standartlara tam cavab verir”
Bunu FED.az-a müsahibəsi zamanı "Azər Türk Bank"ın Ödəniş kartları departamentinin direktoru Namid Abdulov bildirib.
- Hazırda "Azər Türk Bank"ın kart istifadəçilərinin sayı nə qədərdir?
41 min kart istifadəçimiz var. Əsas portfelimizi əməkhaqqı və biznes kartları təşkil edir. Bu günə kimi demək olar ki, bütün strategiyamızı korporativ layihələr üzərində qurmuşuq. Lakin öz prosessinq mərkəzimizi qurmamız bizə nəinki korporativ və əməkhaqqı layihələrini icra etməyə, eyni zamanda fiziki şəxslər üçün də yeni, tam funksional və əlverişli məhsulların buraxılması imkanını yaradır.
- Hədəfləriniz barədə qeyd etdiz. Zəhmət olmasa 2020-ci il üçün əsas hədəf və planlarınız barədə daha geniş məlumat verərdiz?
Əvvəllər banklar öz kart portfellərini artırmağa can atırdılar. Düşünürəm ki, bu tendensiya artıq köhnəlir və qlobal bazarlarda olduğu kimi Azərbaycan bazarında da banklar bunu qarşısına məqsəd qoymur. Əsas məsələ keyfiyyətli və müştərilərin cari tələblərinə cavab verən məhsulları təqdim etməkdir. Bu rəqəmsal həllərin, dünya təcrübəsində istifadə olunan yeni innovativ həllərin müştərilərə təqdim edilməsidir. Ona görə, əsas hədəflərimizdən biri bu yeniləkləri tətbiq etmək, bunları müştərilərin daha asan mənimsəyəcəyi formaya salmaq və rəqəmsallaşmaqdır. Ödəniş kartları isə sadəcə bir vasitə olaraq qalır və istisna olunmur ki, qarşımızdakı illərdə kartlar nostalji bir əşya olaraq xatırlanacaq.
Eləcə də bax:Azər Türk Bank “Bu fəsil istədiyini al!” kampaniyasına - START VERDİ
Hazırda əməkdaşlarımız tərəfindən yeni, daha funksional və istifadəsi daha əlverişli olan mobil tətbiq hazırlanır. ApplePay, SamsungPay, GooglePay kimi iri mobil ödəmə sistemlərinin Azərbaycan bazarına daxil olmaması bizim üçün arzuolunan deyil. Lakin Beynəlxalq Ödəniş sistemlərinin MDES, VTS kimi təqdim etdikləri tokenizasiya xidmətləri bu boşluğu qismən aradan qaldırır. Bunları andriod əməliyyat sistemi istifadəçiləri üçün unikal həll hesab etmək olar. Onlar xidmət aldıqları bank kartlarını token xidməti platformasında saxlamaqla ödənişləri fiziki kartsız, mobil telefonda biometrik eyniləşdirmə aparmaqla qısa zamanda və təhlükəsiz şəkildə həyata keçirə biləcəklər. Lakin bu üstünlükdən yalnız android əməliyyat sistemi istifadəçiləri yararlana bilirlər. Hal-hazırda bəzi banklar bu xidmətin tətbiqinə çalışırlar. Biz bu xidməti hazırlıq mərhələsində yeni mobil əlavəmizə inteqrasiya etməyi düşünürük və beləliklə müştərilərimizə vahid mobil əlavədə həm tokenizasiya xidməti, həm də digər bank xidmətləri təqdim edə biləcəyik.
- “Azər Türk Bank” özünün prosesisnq mərkəzinin yaradılmasında yerli mütəxəssislərdən faydalanıb, yoxsa əcnəbi mütəxəssislər dəvət olunub?
Prosessinq mərkəzinin qurulması çox ağır prossesdir. Bu məsələ daha böyük kart portfeli olan bankları maraqlandırır. Portfelimizin elə də böyük olmamasına baxmayaraq biz bunun icrasını vacib hesab etdik və bununla da özümüzə yeni yol açaraq, müştərilərə daha ucuz və keyfiyyətli məhsullar təqdim edəcəyik. Bu tip layihələrin icrasında yalnız bank əməkdaşları iştirak etmir, burada onlarla iştirakçı tərəflər vardır və bu tərəflərin peşəkarlığı layihə çərçivəsində özünü biruzə verir. Komandamızın tərkibi gənc, peşəkar və güclü özünü inkişaf meylləri olan əməkdaşlardan təşkil olunmuşdur. Bu əməkdaşların, təcrübəsi və əzmkarlığı hesabına layihəni uğurla yekunlaşdırmağa nail olduq.
Eləcə də bax:Azər Türk Bank bayram münasibətilə plastik kart hədiyyə edir
Hazırda Azərbaycanda tam xidmət mərkəzi funksiyasını daşıyan prosesinq mərkəzləri və qismən prosessinq xidməti icra edən (İnhouse) mərkəzlər vardır. Bankımız Azərbaycanda ilk İnhouse tipli prosesinq mərkəzidir. Banklararası Kart Mərkəzinə və Hökümət Ödəniş portlarına birbaşa inteqrasiya etdi. Yəni 3-cü tərəf prosessinq mərkəzlərinin xidmətindən istifadə etmədi. Layihənin icrası üçün hesablanmış vaxt əslində il olsa da, işləri 9 aya yekunlaşdırmaq mümkün oldu. Bununla yanaşı, sistemimizin dayanıqlığını, stabilliyini və təhlküəsizliyini təmin etmək üçün demək olar ki, tam xidmət mərkəzi funksiyası daşıyan prossesinq mərkəzləri üçün tələb olunan bütün testlər və sertifikasiya işlərindən keçildi.
- Maaş kartlarınızın üstünlükləri nədir?
Banklar ümumiyyətlə iki seqment üzrə inkişaf edirlər. İssuer (kart emissiyasına üstünlük verən) banklar və acquire (geniş ATM və POS şəbəkəsinə malik) banklar . Sözsüz ki, burada balanslaşdırma edərək həm issuer, həm də acquire funksiyanı inkişaf etdirən banklar da vardır. Biz də strategiyamızda bu balansı qorumağa çalışırıq. Geniş bankomat şəbəkəsinə sahib olmasaq da, Azər Türk Banka məxsus əmək haqqı kart sahibləri ölkənin istənilən bankomatından heç bir komissiya ödəmədən öz əmək haqlarını nağdılaşdıra bilirlər.
- Neçə adda kartınız var?
İki Beynəlxalq Ödəniş sistemi ilə əməkdaşlıq edirik və bu ödəniş sistemlərinin məhsullarını müştərilərimizə təqdim edə bilirik. Burada MasterCard Debit, MasterCard Standart, MasterCard Gold, MasterCard Platinum, MasterCard Black Edition, MasterCard World Elite, MasterCard Business, MasterCard Prepaid, Visa Classic, Visa Gold, Visa Platinum, Visa Infinite kimi çeşidli məhsulları müştərilərimizə təqdim edirik. Eyni zamanda tam fərqli formatda və dizaynda, lazer texnologiya ilə personalizasiya edilmiş ödəniş kartlarını müştərilərimizin istifadəsinə verəcəyik. Yaxın günlərdə MiniCardların personalizasiyası planlaşdırılır. Minikartları müxtəlif gündəlik istifadə edilən əşyaların (saat, qolbaq, üzük) üzərində daşımaq mümkün olacaq.
- “Azər Türk Bank”da kart təhlükəsizliyi necə tənzimlənir?
Kartların təhlükəsizliyini təmin etmək üçün sistem üzrə müxtəlif penetration testlər aparıldı və mövcud boşluqların aradan qaldırılması təmin edildi. Eyni zamanda 24/7 rejimində fəaliyyət göstərən Online Risk Monitoring Modulu vasitəsilə bütün əməliyyatlar monitorinq edilir. Riskli əməliyyatlar dayandırılır, şübhəli görünən əməliyyatlar isə müştərilər vasitəsilə dəqiqləşdirilir və qeyri sağlam xarakterli əməliyyat aşkar olunarsa dərhal kartın istifadəsi məhdudlaşdırılır.
- Ölkəmizdə kart hesablarına müdaxilələr olurmu? Dələduzluğun hansı növləri var, hansı cəhdlər olur? Kartla bağlı dələduzluqda ən çox hansı üsullardan istifadə olunur?
Bütün dünyada olduğu kimi Azərbaycanda da bank sahəsində duran əsas məsələlərdən biri də müştərilərin məlumatlarının və vəsaitlərinin qorunması və təhlükəsizliyidir. Təbii ki, Azərbaycan bankları bu məsələdə birincilərdən deyil, lakin bu iş Azərbaycan banklarında kifayət qədər yaxşı təşkil olunmuşdur və bu işlər daim tənzimləmə və nəzarət sistemini həyata keçirən orqanlar tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır.
Bankımız periodik olaraq nəzarət orqanlarına banka məxsus kartlarla və ya bankın təqdim etdiyi POS terminal və elektron ticarət saytlarında aparılmış fraud və saxtakarlıq halları ilə bağlı hesabat verir. Hesabata nəzər yetirərsək, Azər Türk Bank belə hallarla ən az rastlaşan banklardan biridir. Ola bilər ki, bu bankımız bazar payının az olması ilə də bağlıdır. Lakin istənilən halda qeyd etməliyəm ki, təhlükəsizliyin və məlumatların qorunması prosesinin kifayət qədər yaxşı qurulması qarşımıza böyük həcmli fraud halını çıxartmamışdır. Bəzən müştərilər, kart məlumatlarını etibar edilməyən, riskli və təhlükəsizliyi təmin olunmayan internet səhifələrə daxil edirlər və təbii ki, bu xırda fraud hallarının yaranmasına gətirib çıxarır və bu danılmaz bir faktdır. Bu halların qarşısını almaq üçün bütün kartlarımızda 3D secure funksionallığı vardır.
Son dövrlər Azərbaycan banklarında ciddi rəqəmsal transformasiya tendensiyası müşahidə olunur. Təbii ki, bankların rəqəmsal həlləri tətbiqi bəzən onların sistemlərində xırda boşluqların yaranması və dələduzların bu boşluqlardan istifadəsi ilə nəticələnir. Bu dünyada nəinki bankların, hal-hazırda böyük aktuallıq qazanan Fin-Techlərin də, “yaralı” yeridir. Bu səbəbdən banklarımızda və xidmət mərkəzlərimizdə ciddi həllərin tətbiqindən sonra Penetration testlərin və yoxlamaların aparılması bizi ciddi maliyyə itkilərindən və ən əsası müştərilərin banklara etibarının azalması riskindən qoruyacaq.
Eləcə də bax: "Azər Türk Bank” özünün prosessinq - MƏRKƏZİNİ YARADIB
Skiminqlə bağlı qeyd edə bilərəm ki, son dövrlərdə bu hala çox az rast gəlinir. Belə ki,tənzimləyici orqanlar tərəfindən banklar qarşısında ATM lərdə nəzarət mexanizmlərinin gücləndirilməsi üçün müvafiq tələblər qoyulmuşdur. Bu tələblər bankomatları əlavə müşahidə kameraları, yanğın, titrəyiş, istilik, aktiv və passiv antiskimminq qurğuları ilə təmin olunması tələbidir. Bu ölkədaxili bankomatlarda kartların skimminq olunması ehtimalını dəfələrə azaltmışdır. Bəzən ölkəxarici bankomatlarda kart məlumatlarının oğurlanması halları ilə rastlaşırıq. Bu halların əksəriyyətində banklarımız beynəlxalq ödəniş sistemlərinin “Məsuliyyətin ötürülməsi qaydası”na uyğun olaraq müştəri hesablarından silinmiş vəsaitin bərpa edilməsini təmin edə bilir.
- Belə mif var ki bankomatdan pul çıxararkən pulları bankomatın qabağında saymaq lazımdır ki, çünki bankomatın kamerası var və əgər pul az verilərsə sonradan bu kameradan baxılıb yoxlanılır. Bu düzdür belə bir məsələ var?
Belə bir şey yoxdur. Təbii ki, bəzən rabitə xətası, və yaxud müştəri diqqətsizliyi (ATM dən çıxan vəsaitin vaxtında alınmaması) nəticəsində müştəri hesabından vəsaitin silinməsi halı baş verə bilər. Bu halı tam aydınlaşdırmaq üçün bütün alətlər var və vəsaitin müştəri hesabına bərpa edilməsi təmin edilir.
- Banklar indi diqqəti daha çox biznes kreditlərinə yönəldirlər. Sizin biznes kreditləri ilə bağlı nə kimi kartalrınız var?
Hal-hazırda müştərilərimizə korporativ kartlar təqdim olunur. Hüquqi şəxslər və fərdi sahibkarlar bu kartları ezamiyyə, nümayəndəlik və digər xərclərinin, habelə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına icbari ödənişlərin ödənilməsində istifadə edirlər. Son zamanlar nağdsız ödənişlərin inkişafı ilə bağlı aparılan islahatların nəticəsini korporativ kartların dövriyyəsində də görürük. Keçmiş illərlə müqayisədə korparativ kartlarla aparılan nağdsız ödənişlərin, xüsusən də hökümət ödənişlərinin həcmində dəfələrlə artım müşahidə edirik və bu çox sevindirici haldır. Hüquqi şəxslərə və Fərdi sahibkarlara təqdim etdiyimiz internet banking xidməti funksionallığı ilə seçilir.
- Nağdsız əməliyyatalara insanları həvəsləndirmək üçün nə kimi kampaniyalarınız var?
Nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı qəbul olunmuş mexanizm var. Bu, bonus , cashabck sistemidir və hal-hazırda bu məhsulların buraxılması üçün işlərimiz davam edir. Zənnimizcə müştərilərimizində bankımızda hesab açmasına əsas səbəb, daha etibarlı və daha daynıqlı bankda vəsaitlərini yerləşdirmək istəyidir.
- Ağıllı kassa aparatları və post terminallarınız var?
Qanunvericilikdə edilmiş dəyişiklərə qısa zamanda reaksiya verərək məhsul hazırlayıb müştəriyə təqdim etmək vacib faktor hesab edilir. Vergilər Nazirliyi tərəfindən irəli sürülən smart kassa (kassa aparatı və POS funksiyasına malik) aparatlarının tətbiqi ilə bağlı da, layihə çərçivəsində android tipli POS- terminallarda testləşmə aparıldı və bu avadanlıqların sistemə inteqrasiyası həyata keçirildi.
- Prosesinq başqa bir təşkilata xidmət kimi təklif edibsiz?
Hazırda prosessinq mərkəzi stabilizasiya mərhələsindədir. Sistem tam qurulub və müəyyən xırda boşluqlar aradan qaldırılır. Gələcəkdə digər təşkilatlara da prossesinq xidməti təqdim edəcəyimizi istisna etmirik.