Azərbaycanda bankların bağlanması və bundan sonra müştərilərin öz əmanətləri üçün bankın qapısına dayanması artıq alışılan haldır. FED.az xəbər verir ki, indiyədək bağlanan banklarda vətəndaşların bəziləri əmanətlərini geri alsalar da, bəziləri buna nail olmayıb. Çünki bəzi vətəndaşlar bankların əmanətlər üçün təklif etdiyi yüksək illik faizə aldanaraq əmanətlərini sığortasız sistemlə banka yerləşdirir. Bu isə bankın bağlandıqdan sonra əmanətinin qaytarılmasıda böyük risk daşıyır.
FED.az-ın müraciət etdiyi iqtisadçı ekspertlər həm qanunvericiliyi, həm də son illər bank sektorunda baş verənləri əsas gətirərək əmanətçilər üçün məsləhətlərini təqdim ediblər.
Əkrəm Həsənov: Bankın səhmdarları kimdir, pulu kimə etibar edirsiniz?
Müştəri əmanət yerləşdirən zaman bankı düzgün seçməlidir. Bilməlidir ki, hazırki vəziyyətdə bankların əksəriyyətinin vəziyyəti yaxşı deyil. Buna görə də, ilk növbədə bankın maliyyə hesabatlarına baxmalı, bankın səhmdarları kim olduğunu bilmədir (müştəri bilməlidir ki, əmanətini kimə etibar edir). Mətbuatda və sosial şəbəkələrdə bank haqqında danışılanlara fikir verməlidir. Bundan sonra bankın rəsmi internet saytına daxil olub bankın fəaliyyəti ilə yaxından tanış olmalıdır.
Əmanət müqaviləsi həmin tarixi keçməməlidir
Bütün bunları etdikdən sonra vətəndaş müəyyən etməlidir ki, əmanəti tam sığortalanma sisteminə düşür ya yox. Məsələ bundadır ki, Azərbaycanda əmanətlərin tam sığortalanma sistemi 2019-cu ilin martın 1- nə kimi qüvvədədir. Tövsiyyə edirik ki, vətəndaşlarımız banka tam sığortalanmış əmanət qoysunlar. Yəni, illik faiz dərəcəsi milli valyutada 15% - i, xarici valyutada isə 3% -i keçməsin. Bundan sonra isə fikir versinlər ki, müqavilə 2019 –cu ilin martın 1-ni ötməsin. Çünki, bu müddətdən sonra tam sığortalanma sistemi yoxdur.
Kassa sənədi mütləq alınmalıdır
Bundan sonra əmanəti yerləşdirərkən müştəri əmanət müqaviləsi bağlayır və düşünür ki, bu müqavilə kifayət edir. Pulunu verdikdən sonra kassa sənədini almır. Mütləq qaydada kassa sənədi alınıb saxlanmalıdır. Çünki, bankla əmanət müqaviləsi bağlanması hələ o banka əmanətin qoyulması demək deyil. Çox zaman vətəndaşlar bunu başa düşmür. Bəzən o sənədlər atılır ya da kassadan tələb edilmir. Vətəndaşın banka əmanət yerləşdirməsini təsdiq edən yeganə sənəd kassa sənədidir. O sənəd mütləq alınmalı və möhürünə diqqət yetirilməlidir ki, möhür həqiqətən də banka aiddir.
Ən sərfəli təkliflər çətin vəziyyətdə olan banklarda olur
Bankların reklamına baxıb əmanət yerləşdirmək qətiyyən düzgün deyil. Dediyimiz meyarlar üzrə seçilən banklar arasında reklamlarına baxmaq lazımdır ki, onlar nə vəd edir. Banklar bəzən tam reallığa uyğun olmayan reklam verirlər. Ən sərfəli şərtləri adətən çətin vəziyyətdə olan banklar təklif edirlər.
Vüqar Bayramov: Bankların reklamlarına inanmayın
Ötən il 11 bankın və bir neçə gün öncə «Dəmirbank»ın müflis olması bir daha onu göstərir ki, vətəndaşlar əmanət yerləşdirən zaman diqqətli olmalıdır. Çünki, əvvəlki müflis olmuş bankların təcrübəsi onu göstərir ki, banklar üzrə qorunan əmanətlər geri qaytarılsa belə qorunmayan əmanətləri geri qaytarmaq mümkün olmayıb. Qorunmayan əmanət o vaxt geri qaytarılır ki, bankın aktivləri həmin əmanəti geri qaytarmağa imkan versin. Bu baxımdan vətəndaşlar seçim edən zaman əmanətləri elə yerləşdirməlidilər ki, bank müflis olan zaman həmin əmanətləri geri qaytarmaq mümkün olsun. Əvvəla müflisləşmə təhlükəsi olan banklarda əmanətlərin saxlanılması arzu olunan deyil.
Hesabatını açıqlamayan banka əmanət yatırmayın
Ona görə də, vətəndaş əmanətini yerləşdirən zaman birmənalı şəkildə bankın internet səhifəsinə daxil olmalı, bankın mənfəət və zərərləri, aktivləri və digər məlumatlarını əldə edərək müqayisə etməlidir ki, bankın mövcud maliyyə göstəriciləri onun müflisləşməsinə gətirib çıxaracaq ya yox. Eyni zamanda əgər bankın internet səhifəsində onun hesabatları yoxdursa, o zaman həmin bankda əmanətin yerləşdirilməsi arzu olunan deyil. Qanunvericiliyə əsasən, bankların internet səhifəsində hesabatların yerləşdirilməsi məcburi xarakter daşıyır.
Əgər bank maliyyə hesabatlarını rəsmi internet səhifəsində yerləşdirmirsə, o zaman həmin bank problemi var, şəffaf deyil və məlumatları müştərilərlə bölüşməkdə maraqlı deyil.
Əmanətiniz 3% və 15%-i keçməməlidir
Əmanət yerləşdirilən zaman sığortalı əmanətlərə diqqət yetirmək lazımdır. Mövcud qaydalar çərçivəsində əmanətləri yerləşdirməyə ehtiyac var. Bəzi hallarda vətəndaş yüksək faiz əldə etmək üçün sığortalanmayan əmanət yerləşdirir. Bu da müflis olan bütün banklarda var.Çünki vətəndaş yüksək faiz üçün əmanətini sadəcə 1-3%- gəlirrə görə, qorunmayan əmanət kimi yerləşdirir. Bank işçisinin vədinə aldanaraq qorunmayan əmanət növünü seçir. Manatla 15% dən artıq divident təklif edən banklarda əmanət yerləşdirilməsi vətəndaş üçün risklidir. Çünki bu əmanətlər artıq sığortalanmır.
Bankların reklamlarına inanmayın. Bir qədər əvvəl bağlanmaq ərəfəsində olan «Dəmirbank» belə reklam yayaraq vəziyyətinin yaxşı olduğnu bildirmişdi. Amma bu prosesin necə nəticələndiyi məlumdur. Bunun yerinə bankın digər müştəriləri ilə tanış olub məsləhət almaq daha yaxşıdır.
V.Bayramov qeyd edib ki, qorunmayan əmanətlərin də qaytarılmasının tərəfdarıyıq və bununla bağlı təkliflərimizi hökümətə təqdim etmişik. Amma reallıq bundan ibarətdir ki, qorunmayan əmanətlərin geri qaytarılması hökümət zəmanət vermir.
Pulları hansı bankda və necə saxlamaq lazımdır? – EKSPERTLƏRİN MƏSLƏHƏTİ
15:08
26 Dek 2017