Dünya Bankının 214 ölkə üzrə apardığı təhlilə əsasən, 2014-cü ildə pul köçürmələri ilə daxil olan vəsaitlərin ümumi həcmi 601 milyard ABŞ dolları, 2010-cu il üzrə isə 463 milyard ABŞ dolları təşkil edib.
FED.az-ın məlumatına görə, 2015-ci il üzrə Azərbaycan Respublikasına daxil olan pul köçürmələrinin ümumi məbləği 1,3 milyard manat, ölkədən xaricə pul köçürmələrinin ümumi məbləği isə 801 milyon manat olub.
ELƏCƏ DƏ BAX: “Nikoyl Bank”ın keçmiş sədri Vasili Xamazaya cavab verdi
Cari ilin 9 ayı ərzində bu göstəricilər, müvafiq olaraq, 1 milyard 36 milyon manat və 464 milyon manat təşkil edib.
Azərbaycanda pulköçürmə prosesi
Bank-maliyyə məsələləri üzrə mütəxəssis Elman Sadıqov mövzunu şərh edərək bildirib ki, Mərkəzi Bankın «Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat»ına əsasən, pul köçürmələri ödəyici və ya vəsait alanın adına bank hesabı açılmadan nağd pulun vəsait alanın xeyrinə köçürülməsi əməliyyatıdır: «Ümumiyyətlə, pul köçürmələri ənənəvi qaydada ödəyici və vəsait alan arasında bank hesabları üzərindən aparılan nağdsız hesablaşmalardan fərqlənir. Ölkəmizdə pul köçürmələri banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır. Hazırda rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasının kredit təşkilatları vasitəsilə aparılan valyuta əməliyyatlarının rejimi «Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar»a uyğun olaraq tənzimlənir. Bu qaydalara əsasən, Azərbaycan Respublikası rezidentlərinin və qeyri-rezidentlərinin müvəkkil banklardakı xarici valyuta hesablarına vəsaitlər sərbəst şəkildə mədaxil edilə bilər. Ölkəmizdə rezident və qeyri-rezident fiziki şəxslər 1.000 ABŞ dolları ekvivalentinədək məbləğdə xarici valyuta vəsaitlərini hesab açmadan müvəkkil banklar vasitəsilə xaricə köçürə bilər. Müəyyən olunmuş limit çərçivəsində hər bir rezident və qeyri-rezident fiziki şəxs tərəfindən bir əməliyyat günü ərzində bir belə köçürmə icra edilə bilər.
Müvəkkil banklar və onların əməkdaşlıq etdiyi pulköçürmə sistemləri valyuta rejiminin bu tələblərinə uyğun olaraq eyni bir fiziki şəxs tərəfindən gün ərzində aparılan əməliyyatlara müvafiq limitlər müəyyən edirlər. Lakin fiziki şəxslər tərəfindən bir əməliyyat günü ərzində müxtəlif banklar vasitəsilə fərqli pulköçürmə sistemləri üzərindən əməliyyatlar aparıldıqda, müəyyən edilmiş limitlərin gözlənilməsi qeyri-mümkün olur».
Beynəlxalq təcrübə
Pul köçürmələri Avropa Birliyi daxilində «Daxili bazarda ödəniş xidmətləri haqqında» 13 noyabr 2007-ci il tarixli Direktivlə ödəniş xidməti olaraq klassifikasiya olunub. Bu Direktiv əsasında ödəniş xidmətləri üzrə vahid siyasət formalaşdırılaraq ümumi standartlar tətbiq edilib, həmçinin bank olmayan ödəniş xidməti təchizatçıları tərəfindən pul köçürmələrinin həyata keçirilməsinin hüquqi əsası müəyyən edilib.
E.Sadıqov qeyd edib ki, 2011-ci ildə Malayziyanın Mərkəzi Bankı maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və pul köçürmələrinin daha əlçatan olması üçün «Pul xidmətləri biznesi» Aktını qəbul edib. Akta əsasən, pul köçürmələri, valyuta mübadiləsi və xarici valyutanın alğı-satqısı ümumi olaraq pul xidmətləri biznesi kimi qəbul edilib. Bank olmayan ödəniş xidməti təchizatçıları tərəfindən bu xidmətlərin göstərilməsinin hüquqi əsasları, onların fəaliyyətinin lisenziyalaşdırılması, yerində yoxlamaların aparılması və digər tələblər bu aktla tənzimlənir. Avropa təcrübəsində olduğu kimi, pul köçürmələrinin həyata keçirilməsi üzrə Malayziya Mərkəzi Bankını əvvəlcədən məlumatlandırmaqla agentlərin cəlb edilməsi imkanı da yaradılıb. Aparılan islahatlar nəticəsində 2015-ci ildə ölkədə pul köçürmələrinin həcmi 2011-ci illə müqayisədə 2,2 dəfə artaraq 8,6 milyard ABŞ dollarına bərabər olub.
Ölkəyə daxil olan pul köçürmələrinin həcminə görə dünya üzrə aparıcı ölkələrdən olan Meksikada 2008-ci ildə bank qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, banklar pul köçürmələrini agentlər vasitəsilə həyata keçirə bilər. Həmin ölkələrdə banklar agentlərin fəaliyyətinə görə tam məsuliyyət daşıyırlar.
Təkliflər
Mütəxəssis hesab edir ki, ölkəmizdə pul köçürmələrinə nəzarətin qabaqcıl beynəlxalq təcrübə əsasında qurulması, yarana biləcək risklərin səviyyəsinin aşağı salınması, habelə maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə əsas prioritet istiqamət kimi, ödəniş xidmətləri sahəsində yeni qanunvericilik bazası formalaşdırılmalıdır. Eyni zamanda, ödəniş xidmətlərinin təhlükəsiz və effektiv formada göstərilməsi, bank olmayan ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi ilə bağlı tələblər də müəyyən edilməlidr. Bu isə Azərbaycanda pulköçürmə sistemlərinin bank olmayan ödəniş xidməti təchizatçısı kimi lisenziyalaşdırılmasına və onların fəaliyyətinə birbaşa nəzarətin həyata keçirilməsinə imkan verəcəkdir. Fiziki şəxslər tərəfindən sürətli pul köçürmələri ölkənin tədiyyə balansına təsir edən amillərdən biri olduğu üçün daim nəzarət altında saxlanılmalıdır: «Əgər ölkəyə köçürülən vəsaitlərin illik məcmu məbləği ölkədən köçürülən vəsaitlərin illik məcmu məbləğindən çoxdursa, bu, müsbət haldır. Əks halda, mənfi saldo yaranır ki, bu da tədiyyə balansına mənfi təsir edən amillərdən birinə çevrilir. Xaricə köçürülən məbləğlərlə bağlı limitlər müəyyənləşdirilərkən bu amil əsas göstəricilərdən biri sayılır. Sürətli pul köçürmələri ilə ölkəyə gələn vəsaitlərə say və məbləğ baxımından limitlər tətbiq olunmur - bir şərtlə ki, bu vəsaitlər sağlam xarakterli olsun, terrorçuluğun və digər bu kimi məsələlərin maliyyələşməsinə xidmət etməsin. Ümumiyyətlə, sürətli pul köçürmələri ilə göndərilən vəsaitlər nisbətən xırda məbləğdə olduğu üçün nəzarət mexanizmi iri məbləğli köçürmələrdə olduğu qədər sərt deyil. Çünki bu köçürmələr daha çox müxtəlif ölkələrdə yaşayan ailə üzvləri, dostlar, kiçik məbləğli əşyaların alışı, xidmətlər üçün ödənişlər və sair üçün nəzərdə tutulur. Burada əsas vəzifə sui-istifadə hallarının qarşısını almaqdır».
E.Sadıqov bildirib ki, həm kiçik məbləğli sürətli pul köçürmələri, həm də alınan mal və xidmətlər müqabilində aparılan köçürmələr ölkənin valyuta ehtiyatlarının qorunması baxımından da ciddi əhəmiyyət daşıyır: «Xüsusilə kənara iri pul köçürmələrinin istiqamətləri, bu sahədə ciddi təhlillər ölkənin hansı mal və xidmətlərdən daha çox asılı olduğunu müəyyən etməyə imkan verən əsas göstəricilərdəndir. Bu istiqamətlər təyin edildikdən sonra növbəti addım aşkar olunan asılılıqları aradan qaldırmaq və tədiyyə balansında daha çox müsbət saldoya nail olmaq üçün tədbirlərin görülməsidir. Daxil olan vəsaitlərin təhlili həm ölkənin təhlükəsizliyi baxımından, həm də hansı mal və xidmətlərin daha uğurlu ixracını müəyyən etmək baxımından əhəmiyyət kəsb edir. Bu təhlillər həmin mal və xidmətlərin daha da genişləndirilməsinin, inkişaf etdirilməsinin növbəti mərhələlərdə prioritet istiqamətlərə çevrilməsinə imkan verir. Göründüyü kimi, pul köçürmələrinin təhlili həm də idxal-ixrac siyasətinin müəyyən olunmasında böyük rol oynayır».
Mütəxəssisin sözlərinə görə, nəzarət siyasətinin aspektlərinin, o cümlədən yerində yoxlamanın prinsiplərinin, hesabatlılıq prosedurunun, auditin aparılması əsaslarının, prudensial və digər tələblərin dəqiq müəyyən edilməsi beynəlxalq pul köçürmələri üzrə xarici valyuta axınının daha çevik və effektiv tənzimlənməsini təmin edəcək. Bu, həmçinin, pul köçürmələrində tətbiq olunan limitlərlə bağlı mövcud problemlərin həll edilməsinə, bu sahədə nəzarət siyasətinin beynəlxalq təcrübə əsasında formalaşdırılmasına, habelə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində mübarizə tədbirlərinin daha da gücləndirilməsinə imkan verəcək.
vergiler.az
Pul köçürmələrinə dair – YENİ TƏKLİFLƏR
21:20
21 Noy 2018