Aprelin 9-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.
FED.az xəbər verir ki, prezident İlham Əliyev forum iştirakçılarının suallarını cavablandırıb.
Prezident Xorvatiyadan Anton Deymoviçin "Hazırda Albaniya qazlaşdırmaya milyardlarla sərmayənin yatırılmasını arzulayır. Çünki onlarda TAP boru kəməri var, lakin ölkə qazlaşdırılmayıb. Hazırda Xorvatiya öz qaz boru kəmərinin uzadılması məqsədilə Avropanın vəsaitlərini istifadə edir. Sizin fikrinizcə, Brüsselə Balkanlar üçün sərmayə planında həmin qazlaşdırma layihələrində iştirak etməyin vaxtının yetişməsi barədə danışmaq, Azərbaycanı, sadəcə, faydalı qazıntı və qaz platforması kimi deyil, o cümlədən tərəfdaş ölkə kimi qəbul etmək, onun yaşıl enerjisinə qapıları açmaq, regionla əməkdaşlıq etmək, eləcə də Azərbaycanın yenidənqurma və süni zəka layihələrində və digər işlərdə iştirak etmək fürsəti görünürmü?" sualına belə cavab verib:
"Elə indicə artıq qeyd etdiyim kimi, beş gün əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarını keçirdik. Bunlar bir neçə il öncə Azərbaycan və Avropa Komissiyasının himayəsi ilə irəli sürdüyümüz bizim təşəbbüs idi. Giriş nitqimdə ötən il Avropanın qaz bazarında nəyi etdiyimiz barədə məlumat verməklə yanaşı mən qeyd etdim ki, əgər Avropa maliyyə təsisatları və Avropa Komissiyası böyük həcmdə qazı almağı davam etmək və Azərbaycandan qaz təchizatını artırmaq istəyirlərsə, onda onlar iki mühüm məsələni həll etməlidirlər. Birincisi, təsisatların maliyyə siyasətidir. Bütün enerji layihələrimizdə, - istər neft, istər qaz olsun, - eləcə də hasilat və nəqlolunmada, korporativ maliyyələşmə ilə kreditə götürülən pul vəsaitləri arasında razılaşdırılmış nisbət var idi. Adətən 70 faiz kredit, 30 faiz isə korporativ pul vəsaitləri idi. Beləliklə, indi Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və bu səbəbdən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər etdi. O vaxt Avropa İttifaqı qaz təchizatından çox narahat idi və biz energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə imza atdıq. Həmin vaxtdan etibarən, Avropa Komissiyasının müraciəti əsasında, biz Avropaya qaz təchizatını təxminən 60 faiz artırmışıq və bu, 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı. Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi. Hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Əlavə bir neçə milyard kubmetr qazımız da olacaq, çünki biz yaşıl enerji stansiyalarını quracağıq və beləliklə, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır.
Daha çox təfərrüatlara varmaq istəməzdim. Lakin minimum dedikdə, mən hər qiymətləndirməm zamanı daha çox mühafizəkar olmağa çalışıram. Yəni, bu, ən kiçik minimumu təşkil edir. Nəqletmə infrastrukturu olan Cənub Qaz Dəhlizinin buraxma qabiliyyəti tam dolub, əlavə yer yoxdur, o genişləndirilməlidir. Lakin yenə sual yaranır: necə? Kredit vəsaitləri və korporativ vəsaitlər hesabına. Burada biz belə bir nöqtəyə gəlib çıxırıq: Avropa İnvestisiya Bankı faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırıb. Bu, strategiyadır və hamımız bilirik ki, həmin Bank Avropa Komissiyasına tam inteqrasiya olunub. Özünün faydalı qazıntı səhifəsini rəsmən tam bağlamasa da, Avropa Yenidənqurma və İnkişaf Bankı həmin sahə üçün çox kiçik hissə saxlayır. Bu ilin yanvarında Davosda bu bankın prezidenti ilə söhbət zamanı mən həmin məsələni qaldırdım. Mən bir neçə gün əvvəl, Almaniya Prezidentinin səfəri zamanı da bu məsələni qaldırdım, çünki Avropanın aparıcı ölkəsi kimi Almaniya həmin siyasətə təsir etmək üçün bir çox vasitələrə malikdir. Aprelin 4-də Məşvərət Şurasında çıxışım zamanı bu məsələni açıq qeyd etdim. Sonra Avropanın enerji komissarı ilə də görüş zamanı bu məsələni qaldırdım. Bir sözlə, bu, bir nömrəli məsələdir. Faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır. Onların yubanmaması üçün bir baxsınlar ki, Prezident Tramp faydalı qazıntı ilə bağlı nə edir!
İkinci mühüm meyar uzunmüddətli müqavilələrdir. Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir.
Avropanın enerji təhlükəsizliyi problemləri bizə məlumdur. Hazırda onların təhlükəsiz şəraitdə olmasına baxmayaraq, orada sənayenin tələbatları bizə bəllidir. Hətta yaşıl enerjiyə olan tələbatı da bilirik. Yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Yeri gəlmişkən, dörd qiqavat yalnız başlanğıcdır. Beləliklə, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq.
Xorvatiyaya gəldikdə, biz ötən il həmin ölkəyə qazı təchiz etməyə başladıq. Hazırda qaz təchizatımız 12 ölkəni əhatə edir, onlardan 10-u Avropa ölkəsidir, sonunculardan 8-i isə Avropa İttifaqının üzvüdür. Siz, həmçinin Albaniyanın qazlaşdırılmasını qeyd etdiniz. Sadəcə, sizi məlumatlandırmaq istərdim ki, Albaniyanın Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycan sərmayələri sayəsində həyata keçiriləcək. Beləliklə, o, artıq razılaşdırılıb. Alban hökuməti həmin şəhəri seçdi və düşünürəm ki, bu il biz qazlaşdırmağa sərmayə yatırmağa başlayacağıq. Bu sahədə təcrübəmiz var. Biz Gürcüstanın qazlaşdırılmasına artıq böyük sərmayələr yatırmışıq, düşünürəm ki, indi orada qazlaşdırmanın səviyyəsi təxminən 80 faiz təşkil edir. Biz öz vəsaitlərimizlə başladığımız zaman həmin səviyyə 30 faiz təşkil edirdi. Hazırda Bolqarıstanda qazlaşdırma layihəsini müzakirə edirik. Əslində, həmin ölkədə qazlaşdırma var, lakin məhduddur. Bu gün Bolqarıstan öz qaz istehlakının təxminən 50 faizini Azərbaycandan təmin edir və biz digər ölkələrdə də eyni addımı atmağa hazırıq. Yeri gəlmişkən, Xorvatiyaya gəldikdə, işimiz yalnız qazlaşdırmanın və ya qaz təchizatının müzakirəsi ilə məhdudlaşmır. Energetikaya aid digər məsələlər də var. Sağ olun. Bu suala görə minnətdaram, çünki mən həmin mühüm məsələni Avropadakı tərəfdaşlarımızın diqqətinə bir daha gətirə bildim".