Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank» öz ehtiyaclarını ödəmək üçün 200 milyon manat həcmində vəsait cəlb etməyə hazırlaşır.
«Paşa Bank» mənfəəti kəskin azaldı – 27 MİLYON MANAT GERİLƏMƏ – HESABAT
FED.az xəbər verir ki, bank bu vəsaitləri 200 milyon manatlıq istiqraz buraxılışı ilə cəlb edəcək.
Artıq 200 milyon manatlıq istiqraz həcminin ilkin hissəsi – 40 milyon manatlıq istiqrazın buraxılışına start verib. Bakı Fond Birjası «Paşa Bank»ın 40 milyon manatlıq istiqrazlarının ticarəti ilə bağlı sənədləri qeydə alıb.
Bankın açıqladığı emissiya prospektinə əsasən, istiqraz buraxılışının birinci hissəsi ümumi sayı 40 min ədəd, hər birinin nominal qiyməti 1000 manat olan istiqrazların yerləşdirilməsini nəzərdə tutur.
İstiqrazın müddəti 1 il, illik gəlirliyi 10,5%-dir, faizlər 3 aydan bir ödəniləcək.
«Paşa Bank» istiqraz buraxılışına olan ehtiyacını likvidliyin və aktivlərin diversifakasiyasının artırılması istəyi ilə izəh edir.
«Bu istiqrazların buraxılışı, kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, eləcə də Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədilə həyata keçiriləcək»-deyə bildirilir.
Bank bildirir ki, istiqraz buraxılışından əldə olunan vəsait bankın strateji hədəflərinin reallaşdırılması, bazar nüfuzunun və bazar payının artırılması, eləcə də xarici mühitdə yaranacaq hər cür dəyişikliyə cəld və effektiv uyğunlaşmanın təmini üçün lazımi resursların və mexanizmlərin təkmilləşdirilməsinə investisiya olacaq.
Emitentin fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər emitentin kapitallaşdırılmasına yönəldiləcək və pul vəsaitlərinin resurs bazasının fəirqləndirilməsinə imkan yaradacaqdır.
Qeyd edək ki, bu «Paşa Bank»ın manatla buraxdığı ilk istiqrazlarıdır. İstiqraz buraxılışının 3 anderrayteri var. Əsas anderrayter «Paşa Kapital», digər anderrayterlər isə «Unicapital» və «CPM-İnvest» investisiya şirkətləridir.