Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin yekunları üzrə bank sektorunun əsas makrogöstəricilərini açıqlayıb. Statistikada əvvəlki illə müqayisədə bank sektorunun resurs bazasında baş verən dəyişikliklər diqqəti cəlb edir.
Bank sektorunun real sektora aktiv dəstəyinin təmin edilməsi, həmçinin sektorun dayanıqlılığı və sabitliyi baxımından resurs bazasının dinamikasında və strukturunda baş verən dəyişikliklər çox önəmlidir. Palatanın statistik məlumatlarının dəyərlənidirlməsi bank sektorunun resurs bazasında baş verən əsas trendlər kimi aşağıdakıları göstərmək mümkündür.
1-ci trend: resurs bazası daralıb
Ötən il bankların məcmu resurslarının həcmi (öhdəliklərin və bank kapitalının cəmi) 2016-cı illə müqayisədə 3518 mln. manat və ya 11.2% azalaraq 27921 mln. manata enib. Resursların azalması bilavasitə müxtəlif öhdəliklərin azalması səbəbindən baş verib.
Bank sektoru üzrə kapitalın və öhdəliklərin həcminə görə resurs bazasının strukturu, mln. manat
2017-ci ildə bank sektoru üzrə resurs bazasının 86.7%-ni öhdəliklər (2016-cı ildə 93.9%), 13.3%-ni (2016-cı ildə 6.1%) bank kapitalı təşkil edib. Göründüyü kimi, ötən il əvvəlki dövrlə müqayisədə bank sektorunun kənar resurslardan asılılıq səviyyəsi 7.2% bəndi azalıb.
2-ci trend: fiziki şəxslərin depozitlərinin bank sektorunun resurslarında payı yüksəlib
Ötən il fiziki şəxslərinin depozitlərinin bank sektorunun ümumi resurs bazasında payı 2016-cı ilə nisbətən 3.4% bəndi yüksələrək 27%-ə çatıb.
Fiziki şəxslərin depozitlərinin bank sektorunun resurslarında payı, yekuna görə %-lə
2017-ci ildə fiziki şəxslərin depozitlərinin ümumi həcmi 7542.5 mln. manat olub ki, bu əvvəlki ilə nisbətən 110.4 mln. manat və ya 1.5% çoxdur.
3-cü trend: hüquqi şəxslərin depozitləri artıb
Ötən il qeyri-maliyyə sektorunu təmsil edən hüquqi şəxslərin bank sektorunda saxladıqları depozitlərin məbləği 374.5 mln. manat artaraq 9352.4 mln. manata çatıb.
Bank sektoru üzrə hüquqi şəxslərin depozitlərinin həcmi, mln. manat
2016-cı ildə qeyri-maliyyə sektoru üzrə hüquqi şəxslərin depozitlərinin həcmi 8977.9 mln manat olmuşdur ki, bu ötən ilə nisəbətən 4.2% azdır.
4-cü trend: maliyyə institutlarının depozitləri kəskin azalıb
Fiziki və hüquqi şəxslərin depozitlərindən fərqli olaraq maliyyə sektorunun banklardakı depozitlərinin məbləğində azalma baş verib. Maliyyə sektorunun depozitlərinə bankların biri-birinə yerləşdirdikləri vəsaitlərlə yanaşı bir sıra maliyyə fondlarının da depozitləri də daxildir.
Maliyyə sektorunun banklardakı depozitlərinin həcmi, mln. manat
2016-cı ilə nisbətən maliyyə sektorunun banklardakı depozitlərinin həcmi ötən il 3 dəfəyə yaxın azalaraq 1515.5 mln. manat təşkil edib
5-ci trend: bankların qiymətli kağızlar vasitəsilə resurs cəlb etmək təşəbbüsləri genişlənib
2017-ci ildə qiymətli kağızlarla əməliyyatlardan əldə olunan vəsaitlərin bank sektorunun resurs bazasına təsiri əhəmiyyətli dərəcədə yüksəlib.
Qiymətli kağızlar üzrə vəsaitlərin bank öhdəliklərində payı, yekuna görə %
Ötən il bankların buraxdığı qiymətli kağızlara görə cəlb olunan resursların həcmi 2016-cı ilə nisbətən 1468.2 mln. manat artaraq 1855.4 mln. manat təşkil edib. 2017-ci ildə bu mənbə üzrə öhdəliklərin bank sektorunun ümumi resurs bazasında payı 6.6% təşkil edib (2016-cı ildə 1.2% olmuşdu)
6-cı trend: bankların kapitallaşması artıb
Ötən il bankların məcmu kapitalının həcmi 2 dəfəyə yaxın artaraq 3709.2 mln. manata yüksəlib.
Bankların məcmu kapitalının həcmi, mln. manatla
2017-ci ildə bank kapitalının bank sektorunun ümumi resurs bazasında xüsusi çəkisi 13.3% təşkil edib və əvvəlki dövrə nisəbətən 2.2 dəfə yüksəkdir (2016-cı ildə 6.1% olmuşdu).
7-ci trend: banklararası kreditləşmənin həcmi kəskin azalıb
Bank sektorunun resurs bazasının formalaşmasında mənbələrdən biri də banklararası kreditlərdir.
Ötən il bu mənbənin ümumi resurs bazasında payı cəmi 0.8% təşkil edib. Halbuki bu göstərici 2016-cı ildə 5.4% təşkil etmişdi
Banklararası kreditlərin həcmi, mln. manatla
Ötən il banklar öz aralarında kreditləşməsinin həcmi 223.9 mln. manat olub. Bu, 2016-cı ilə nisbətən 1484.4 mın. manat və ya 7.5 dəfə azdır.
8-cü trend: bank sektorunda “uzun” pulların mövqeyi zəifləyib
Müddətli depozitlərin həcmi nə qədər çox olursa, bankların real sektoru daha uzun müddətli resurslarla təmin etmək imkanı olur.
Müddətli depoztlərin həcmi, mln. manatla
2017-ci ildə bank sektoru üzrə müddətli depozitlərin həcmi 6898.5 mln. manat olub ki, bu əvvəlki dövrlə müqayisədə 2912.8 mln. manat və ya 29.7% azdır. Azalma əsasən hüquqi şəxslərin müddətli depozitləri hesabına baş verib. Belə ki, 2016-cı ildə hüquqi şəxslərin müddətli depozitləri 4140.1 mln. manat olduğu halda, ötən il həmin göstərici təxminən 2.5 dəfə və ya 2429.2 mln. manat azalmaqla 1710.9 mln. manat təşkil edib. Hüquqi şəxslərin depozitlərinin strukturuna gəldikdə, 2017-ci ildə bu seqment üzrə ümumi depozitlərin cəmi 18.2%-i (1710.9 mln. manat) müddətli, yerdə qalan 81.8%-i (7641.5 mln. manat) tələb olunanadək depozitlər olub. Halbuki 2016-cı ildə huquqi şəxslərin ümumi depozitlərinin 46.1%-i (4140.1 mln. manat) müddətli depozitlər olmuşdu.
Ümumilikdə 2017-ci ildə fiziki şəxslərin depozitlərinin strukturunda müddətli depozitlərin payı 68.9% olub (2016-cı ildə 76.3% olmuşdu). Fiziki şəxslərin müddətli depozitlərinin həcminə gəldikdə, 2017-ci ildə bu göstərici 483.6 mln.manat yaxud 8.5% azalmaqla 5187.6 mln. manat təşkil edib.
9-cu trend: Mərkəzi Bankın tələbləri kəskin azalıb
Palatanın son statisitkasına görə Mərkəzi Bankın bank sektoruna qarşı tələbləri 507.6 manat təşkil edib ki, bu 2016-cı ilə nisbətən təxminən 3 dəfə (1187.9 mln. manat) azdır.
Mərkəzi Bankın bank sektoruna qarşı tələbləri, mln. manatla
Mərkəzi Bankın bank sektoruna qarşı tələblərinin ümumi resurs bazasında payı 2016-cı ildə 5.4% təşkil etdiyi halda, 2017-ci ildə həmin göstəricinin səviyyəsi kəskin azalaraq 1.8%-ə enib.
FED.az təhlil qrupu
Ötən il bank sektorunda baş verən - 9 ƏSAS TREND
08:43
6 Fev 2018