Azərbaycanda bank sahəsində İT yenilikləri ilə xüsusi seçilən banklardan biri də "Bank of Baku"dur.
Belə ki, bank İT sahəsində innovativ layihələr həyata keçirməklə bərabər, ölkə miqyasında bir çox yeniliklərə imza atıb. İlk dəfə olaraq müştərilərə ödəniş terminalından istifadə imkanı verən, Q-matik sistemi ilə xidmət göstərən, SMS Bankçılıq və İnternet Bankçılıq xidmətini təqdim edən, kredit ödənişlərinin onlayn formada həyata keçirilməsini mümkün edən, təcili pul köçürmə sistemlərini internet və mobil bankçılıq, həmçinin, ödəniş terminallarına inteqrasiya edən ilk bank olub.
FED.az "Bank of Baku"nun Proqramlaşdırma departmentinin direktoru Ziya Əskərovla müsahibəni təqdim edir.
- Ziya bəy, İT – nin bank sahəsində rolu nə qədər önəmlidir?
- Müasir texnologiyanın inkişaf etdiyi bir dövrdə İT sahəsi sadəcə bank sektorunda deyil, istehsalatın bütün sahələrində sürətlə inkişaf edir. Bankdaxili proseslərin avtomatlaşdırılması, kağız sənədlərin elektron sənədlərlə əvəzlənməsi, təhlükəsizlik tədbirlərində insan faktorunun azalması informasiya cəmiyyətinin anbaan inkişafının nəticəsi və sübutudur.
Bu inkişaf isə bank sahəsində ödəniş kartlarına və rəqəmsal bank əməliyyatlarına olan ehtiyacı yaradır. Məhz bu səbəbdən də, müştəri məlumatlarının düzgün şəkildə idarəsi, təhlükəsizliyinin təmin olunması və xidmət səviyyəsinin yüksəldilməsi üçün İT sahəsinin inkişafı bank sektorunda ən vacib faktorlardandır.
- Bank of Baku-nun İT texnologiyaların tətbiqi sahəsində ən mühüm nailiyyətləri nədən ibarətdir?
- Bildiyiniz kimi, Bank of Baku 25 ildir ki, innovativ bank olaraq müştərilərinin xidmətindədir. Siz də təsdiq edərsiniz ki, bu illər ərzində ilklərin bankı adını qoruyub saxlamaq, böyük bir əməyin nəticəsidir.
Bank olaraq, müştərilərimizin məmnuniyyətini artırmaq, bank əməliyyatlarından rahat istifadə imkanını təqdim edə bilmək üçün mövcud sistemlərin optimizasiyasına və yeni sistemlərin yazılmasına xüsusi diqqət yetiririk. Bank sektorunda İT texnologiyalarının tətbiqi sahəsində ən mühüm nailiyyətimiz də məhz, “Sizə Yaxın Bankçılıq” şüarımıza olan sadiqliyimiz nəticəsində, xidmətlərimizi müştərilərə 1 klik qədər daha yaxın edə bilməyimizdir. Bu da zənnimcə, rəqəmsal dünyanın əsas tələbidir.
- Hansı İT layihələr həyata keçirmisiz?
- Bank of Baku olaraq, İT sahəsində innovativ layihələr həyata keçirməklə bərabər, ölkə miqyasında bir çox ilkə də imza atmışıq. Məsələn, ölkədə ilk dəfə olaraq müştərilərə ödəniş terminalından istifadə imkanı verən, Q-matik sistemi ilə xidmət göstərən, SMS Bankçılıq və İnternet Bankçılıq xidmətini təqdim edən, kredit ödənişlərinin onlayn formada həyata keçirilməsini mümkün edən, təcili pul köçürmə sistemlərini internet və mobil bankçılıq, həmçinin, ödəniş terminallarına inteqrasiya edən bank məhz Bank of Baku-dur.
Hal-hazırda isə Hökumət Ödəniş Portalı və Asan ödəniş sisteminə inteqrasiyamız, İnternet Bankçılıq və Mobil Bankçılıq sahəsində etdiyimiz onlarla yeniliklər ən son IT layihələrdəndir.
Eləcə də bax:"Bank of Baku"mənfəətini 10 dəfə artırıb - HESABAT AÇIQLANDI
Ödəniş terminallarımızda ən son dünya standartlarına cavab verən texnologiyalardan istifadə edilir. Bu isə müştərilərimizə daha sürətli xidmət imkanı yaradır.
- "Bank of Baku"nun hazırda mobil tətbiqin varmı? Və burada hansı əməliyyatlar aparmaq mümkündür?
- Bəli, bankımız müştərilərinə öz hesablarına daha rahat nəzarət edə bilmələri və bank əməliyyatlarını telefon vasitəsilə icra edə bilmələri məqsədilə DostBank mobil tətbiqini istifadəyə vermişdir. Məlumat üçün bildirim ki, DostBank mobil tətbiqimizi həm Android, həm də IOS əməliyyat sistemindən istifadə edən müştərilər telefonlarına yükləyə bilərlər.
Müştərilərimiz İnternet Bankçılıqda icra etdikləri bütün əsas əməliyyatları mobil tətbiqimizdə də icra edə bilərlər. Belə ki, onlar DostBank mobil tətbiqi vasitəsilə kommunal və digər xidmətlərin ödənişlərini edə, pul köçürməsi xidmətindən istifadə edə, kart və ya kredit hesablarına nəzarət edə və s. bu kimi bank xidmətlərindən 24/7 rejimində onlayn faydalana bilərlər.
- İT-lə əlaqədar bankda hansı fövqəladə hal baş verə bilər?
- İT ilə əlaqədar Bankda baş verə biləcək fövqəladə hallara misal olaraq, serverlərdə texniki nasazlıqların yaranmasını, xaker hücumlarının baş verməsini və digər bu kimi halları misal göstərmək olar. Bankımızın İT şöbəsi isə bu kimi fövqəladə halların qarşısının alınması üçün tam hazırlıqlıdır. Müştərilərimizin bankımızın xidmətlərindən rahat və təhlükəsiz istifadəsini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb və bu istiqamətdə görülən işlər daim təkmilləşdirilir.
- Bankın İT təhlükəsizliyinin təmin edilməsi üçün nə qədər işçiyə ehtiyacı var?
- İstənilən şirkətdə istehsalatın həcmindən asılı olaraq işçi qüvvəsinə olan tələbatın dəyişməsi kimi, banklarda da bu rəqəm istifadə olunan infrastrukturun həcmindən, bankın müştərilərinin sayından, tələb olunan yeni funksionallıqların həcmindən asılıdır.
- Bank üçün İT sahəsində ən təhlükəli hadisə nədir?
- Bir az əvvəl də bildirdiyim kimi, bank üçün ən təhlükəli hadisələrin başında kiber hücumlar dayanır. Bankın infrastrukturunun yaxşı təşkil edilməsi, resursların geniş həcmli olması və təhlükəsizliyinin düzgün qurulması kiber hücumların tez bir zamanda qarşısının alınmasının başlıca təminatçısıdır.
- İT sahəsində yüksək ixtisaslı kadrlar yetərincədir?
- Texnologiya əsrində yaşadığımızı və İT sahəsinin surətli inkişafını nəzərə alaraq deyə bilərəm ki, bütün dünyada bu sahəyə olan təlabatın artdığı bir dövrdə təəssüf ki, yüksək ixtisaslı kadr çatışmazlığı yaşanır.
- Yeni innovativ həllər müştəriyə nə kimi müsbət imkanlar yaradır?
- Bank sektorunda İT yönümlü yeni innovativ həllər, müştərinin zaman itkisinin azalmasına və təhlükəsiz şəraitdə xidmətlərdən faydalanma imkanı yaradır. Bank of Baku da xüsusi avtomatlaşdırma prosesləri və innovativ həll yollarının tətbiqi sayəsində müştərilərinə sürətli, təhlükəsiz və rahat bir şəkildə rəqəmsal bankçılıq dünyasından istifadə imkanı təqdim edir. Nəticədə müştərilər olduqları məkanı tərk etmədən, günün istənilən saatı bank xidmət və məhsullarından onlayn formada istifadə edə bilirlər.