Nə üçün banklarda müştərilərin hesablarına pul köçürmələri hər bankda bir vaxtda olur. Elə bank var ki bir günə, eləsi var ki bir neçə saata köçürürlər pulu. Banklar bunu əsasən pul yoxlanışının Mərkəzi Bankdan keçməsi ilə əlaqələndirirlər. Məsələ ilə bağlı Azərbaycan Respublikasınının Mərkəzi Bankından açıqlama verilib.
Bank hesabları ilə vəsaitlərin köçürülməsi və bank hesablarına vəsaitlərin daxil olması üzrə fərqli icra müddətləri bir çox səbəblərdən ola bilər.
Əsas səbəblərdən biri bankların daxili informasiya sisteminin imkanları və prosedurları ilə müəyyən edilmiş reqlamentdir. Belə ki, bank hesablarından köçürmələr zamanı adətən bankların filialları vasitəsilə toplanılan bütün ödəniş əməliyyatları bankın baş idarəsi tərəfindən müəyyən olunmuş reqlament əsasında müvafiq avtorizasiya və s. proseslərdən keçməli olur ki, bu da əməliyyatın icra müddətinə təsir göstərir.
Müəyyən məbləğdən, ödəniş tipindən və s. amillərdən asılı olaraq müxtəlif səviyyəli avtorizasiya prosedurlarından istifadə edən banklar, normalda bunu risklərin idarə olunması məqsədilə edirlər. Bank daxilində bütün prosedurlar yekunlaşdıqdan sonra, digər banklara olan ödənişlər Mərkəzi Bankın sistemləri vasitəsilə köçürülür.
Respublika daxilində bank hesabları ilə vəsaitlərin köçürülməsi Mərkəzi Bankın idarə etdiyi 2 ödəniş sistemi vasitəsilə həyata keçirilir: AZIPS - iri həcmli, təcili ödənişlər üçün və XÖHKS – məbləği 40 min AZN-ə qədər olan təcili olmayan ödənişlər üçün.
AZİPS sistemi vasitəsilə əməliyyatlar real vaxt rejimində həyata keçirilir. Ödəyici bankın hesabında vəsait olduğu təqdirdə avtomatik rejimdə 30-60 saniyə ərzində alıcı bankın hesabına vəsait daxil olur. Vəsait olmadıgı təqdirdə ödəniş “gözləmə” rejiminə daxil olur və ödəyici bankın hesabına vəsait daxil olduqda yerinə yetirilir.
Günün sonunadək vəsait olmazsa ödəniş ləğv edilir. XÖHKS sistemi vasitəsilə əməliyyatlar isə gün ərzində 3 (klirinq sessiyaları) dəfə icra olunur: 1-ci sessiya üzrə 12:00-12:35, 2-ci sessiya üzrə 14:30-15:05, 3-cü sessiya üzrə isə 16:00-16:40 intervalları.
Ödənişi göndərən bankın hesabında vəsait olduqda həmin kliring sessiyasının yekununda alıcı bank avtomatik rejimdə ödənişi alır. Vəsait olmadıgı təqdirdə son kliring sessiyasında ödəniş ləğv edilir. Hər iki sistem üzrə qeyd olunan proseslər tam avtomatik rejimdə Mərkəzi Bankın müdaxiləsi olmadan həyata keçirilir.
Daxil olan ödənişlər də öz növbəsində bankın daxili informasiya sisteminin imkanından asılı olaraq emal edilir və müştərilərin hesablarına daxil edilir. Lakin, qeyd etmək lazımdır ki, bir sıra banklar artıq daxili prosedurlarının avtomatlaşdırılması və ödənişlərin müəyyən həcm və risk kateqoriyalarından asılı olaraq onlayn rejimdə emal olunması istiqamətində işlər aparılır.