Naxçıvan Muxtar Respublikasında (MR) ödənişlərin əksəriyyəti nağdsız formada aparılır. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin məlumatında bildirilir.
Belə ki, 2 il əvvəl icrasına başlanmış “2016-2018-ci illərdə Naxçıvan MR-da müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödənişlərin miqyası genişləndirilib, elektron ödəniş xidmətlərindən istifadə artırılıb.
Belə ki, artıq Muxtar Respublikada vergi və rüsumlar, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumlar, gömrük rüsumları, DSMFvə onun yerli şöbələrinə sosial sığorta haqları, mobil və stasionar telefonların abunə və danışıq xərcləri ödəniş kartları vasitəsilə elektron ödəniş formasında aparılır.
Nağdsız hesablaşmaların artırılması məqsədilə AMB-nin Naxçıvan MR İdarəsi mütəmadi olaraq KİV-lərdə maarifləndirmə işləri aparılıb müvafiq qurumlara seminar-treninq keçirilıb.
O cümlədən, ticarət, iaşə və digər obyektlərdə ödənişlərin quraşdırılmış POS-terminallar və ödəniş kartı ilə aparılması üçün monitorinq aparılıb və nağd işləyən sahibkarlarla xüsusi maarifləndirici görüşlər təşkil edilmiş, müvafiq tövsiyələr verilıb.
Paralel olaraq muxtar respublikanın təhsil və səhiyyə müəssisələrində çalışan ödəniş kartı istifadəçiləri ilə görüşlər keçirilərək, onlara ödəniş kartlarından istifadənin üstünlükləri barədə məlumatlar verilib.
Bu tədbirin davamı olaraq “Mastercard” şirkəti tərəfindən cari ilin may ayında pilot olaraq seçilmiş Naxçıvan MR-da rəqəmsal ödənişlərdən istifadənin stimullaşdırılması məqsədilə “Cahan” AVM-də istehlakçılar üçün stimullaşdırıcı kampaniyalara başlanıb.
Əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə Naxçıvan MR Vergilər Nazirliyi ilə birgə mükafatlandırma tədbirləri keçirilmiş və cari ilin ötən dövründə 312 fiziki şəxsə 20 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr verilib.
Eləcə də POS-terminalların quraşdırılması artıb və mövcud POS-terminalların sayı 1270-ə çatdırılıb. Nəticədə son bir ildə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 210 min manat artaraq 26 milyon 325 min manat olub.
Nağdsız hesablaşmalara keçidlə əlaqədar olaraq büdcə və büdcədənkənar xərclərin ödənilməsi də hüquqi şəxslərə verilən korporativ kartlar vasitəsilə həyata keçirilir.