Xəbər verildiyi kimi, «Moody's Investors Service» ("Moody's") reytinq agentliyi avqustun 8-də «Bank Respublika»nın yerli və xarici valyutada bank depozitləri üzrə uzunmüddətli reytinqlərini B3-dən B2-yə yüksəldib və bu reytinqlər üzrə proqnozu «müsbət»dən «stabil»ə dəyişib.
FED.az xəbər verir ki, eyni zamanda, «Moody's» agentliyi «Bank Respublika»nın kredit qabiliyyəti üzrə baza qiymətləndirməsini - Baseline Credit Assessment (BCA) - b3-dən b2-yə yüksəldib.
BCA yeniləməsindən sonra sonra Bankın yerli və xarici valyutada kontragent risk reytinqləri (CRR) B2-dən B1-ə, uzunmüddətli kontragent risk qiymətləndirilməsi (CR Qiymətləndirilməsi) də B2(cr)-dən B1(cr) səviyyəsinə yüksəldilib.
Eyni zamanda, Moody's «Bank Respublika»nın NP qısamüddətli yerli və xarici valyutada bank depozit reytinqlərini və CRR-lərini və NP(cr) qısamüddətli CR Qiymətləndirmələrini təsdiqləyib.
Reytinqin əsaslandırılması
"Moody's" reytinq agentliyinin «Bank Respublika»nın yeni kredit reytinqi ilə bağlı açıqlamasına deyilir ki, Bankın reytinqlərinin b3-dən b2 səviyyəsinə yüksəldilməsi onun dövr ərzində aktivlərin keyfiyyətinin və gəlirliliyinin yaxşılaşdırılması üzrə təcrübəsini əks etdirir.
Ənənəvi olaraq qeyri-sabit bazar sayılan kiçik və orta biznes kreditləri, eləcə də təminatsız istehlak kreditləri bazarında fəaliyyət göstərməsinə baxmayaraq, «Bank Respublika» güclü anderraytinq standartları nümayiş etdirmiş və nəticədə problemli kreditlərin ümumi kreditlərə nisbəti 2020-ci ilin sonuna olan 7,1%-lə müqayisədə 2022-ci ilin sonunda 1,6%-ə enmişdir.
"Moody's" reytinq agentliyi bildirir ki, çox yüksək aktiv artımına baxmayaraq (2022-ci ildə 33% və 2021-ci ildə 59%) 3-cü mərhələ kreditləri kimi müəyyən edilən problemli kreditlər 2022-ci ildə 5%-dən az artıb. 3-cü mərhələ kreditlərinin qarşılanması da 2022-ci ilin sonuna 135% səviyyəsində güclü olaraq qalır.
Bankın aktivlərinin artımı gəlirliliyin yaxşılaşması ilə müşayiət olunub. «Bank Respublika» 2022-ci ildə 24 milyon manat xalis mənfəət açıqlayıb ki, bu da 2021-ci illə müqayisədə 165% artım deməkdir. Nəticədə 2022-ci ildə xalis mənfəətin maddi aktivlərə nisbəti 1,6% təşkil edib.
Agentlik bildirir ki, «Bank Respublika» 2018-ci ildən bəri müşahidə edilən müsbət xalis mənfəət tarixçəsini qarşıdakı 12-18 ay ərzində də davam etdirəcək.
Agentlik bildirir ki, «Bank Respublika»nın bazar maliyyələşdirilməsindən asılılığı aşağı səviyyədədir və bütün aktivlərin cəmi 21%-ni təşkil edir. Bunun da böyük hissəsi Azərbaycan hökuməti və milli fondların inkişaf layihələri ilə bağlı olan maliyyələşmədir, hansı ki, burada təkrar maliyyələşmə riskləri, bazar maliyyələşməsi ilə müqayisədə daha aşağı səviyyədədir.
Bank hazırda əsasən depozit portfeli hesabına maliyyələşdirilir. Bu mənbə bankın qeyri-səhmdar maliyyələşməsinin 73%-ni təşkil edir və demək olar ki kredit portfeli ilə eyni səviyyədədir.
("Moody's") reytinq agentliyi bildirir ki, Bankın likvidlik yastığı 2022-ci ilin sonunda olduğu kimi, komfort səviyyədədir və maddi aktivlərin 23%-ni təşkil edir. Agentliyin rəyinə görə, bankın likvidliyi kreditlərinin dövretmə sürəti ilə dəstəklənir – belə ki, kreditlərin yarısından çoxunun ödəmə müddəti 1 ildən azdır.
Agentlik bildirir ki, «Bank Respublika»nın uzunmüddətli depozit reytinqləri üzrə «stabil» proqnoz bankın aktivlərinin keyfiyyətinin möhkəm qalacağına dair «Moody's»in gözləntilərini əks etdirir, bankın sabit gəlirliliyi isə kapital mövqeyinin pisləşməsindən qoruyacaq.
Reytinqlərin dəyişdirilməsinə səbəb ola bilən amillər
Agentlik bildirir ki, əgər aktivlərin keyfiyyəti və gəlirlilik tendensiyaları müsbət olaraq qalırsa və kapital mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşarsa, Bank Respublika-nın reytinqinə artırılma istiqamətində yenidən baxıla bilər.