Ötən il MDB ölkələri banklarının kredit portfelində xarici valyutada olan kreditlərin xüsusi çəkisi 2,9 faiz bəndi azalıb. Bu effekt Azərbaycan, Tacikistan və Ukrayna kimi milli valyutanın devalvasiyasının davam etdiyi ölkələrdə bir qədər çox, 4,4 faiz bəndi olub.
Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin MDB ölkələrində valyuta riskləri və dollarlaşma ilə bağlı hazırladığı hesabatda qeyd edilib.
Agentlik hesab edir ki, xarici valyutada kreditlərin verilməsinin azalması əsasən tənzimləyicilərin qadağaları ilə bağlıdır: “Qazaxıstan, Azərbaycan və Ukrayna da daxil olmaqla bir sıra MDD ölkələrində tənzimləyicilər fərdi və ixracdan gəliri olmayan korporativ müştərilərə xarici valyutada borc verməyi müvəqqəti olaraq qadağan edib. Bu, düşünülmüş, lakin olduqca gecikmiş addımdır və xarici valyutada verilmiş bir çox problemli kreditlərdə görünür. Bundan əlavə, bir çox banklar xarici valyutada olan kreditləri restrukturizasiya edərək milli valyutaya çevirib. Bu prosesə kreditlərin ödəmə müddətinin artırılması daxildir. Amma aylıq ödənişlər dəyişməz qalıb. Bu strategiya yerli valyutanın likvidliyinin olmamasından və qısa açıq xarici valyuta mövqeyindən irəli gəlir”.
"Moody's" iddia edir ki, Azərbaycanda dollar kreditləri ilə əmanətlər arasında böyük uçurum mövcuddur: “Bu uyğunsuzluqlar tədricən aradan qalxsa da, maliyyələşmənin de-dollarizasiyası aktivlərin dövretmə prosesini qabaqlayır, bir çox MDB ölkələrində xarici valyuta depozitləri əvvəlki kimi kreditləri üstələyir ki, bu da bankların xarici valyuta mövqeyinin qənaətbəxş olmamasına gətirib çıxarır. Sözügedən təsirlər bu amillərin valyuta məzənnəsinin dəyişməsi zamanı zəifləməsinə yol açır və daha dəyərli hedclərə keçid almasını zəruri edir. Xarici valyutada olan kreditlərlə əmanətlər arasında ən böyük uçurum isə Azərbaycan, Belarus və Qazaxıstan banklarında müşahidə edilir. Bəzi tənzimləyicilər "swap" alətlərindən istifadə edərək bankların hedc əməliyyatlarına dəstək verib”.