«Moody's» beynəlxalq reytinqi agentliyi Azərbaycanın aparıcı banklarından olan «Xalq Bank»ın baza kredit qiymətləndirmə səviyyəsini (Baseline Credit Assessment - BCA) B2 səviyyəsində, bankın yerli və xarici valyutada uzunmüddətli deposit reytinqini «B1» səviyyəsində təsdiqləyib və bu reytinqlər üzrə proqnozu «stabil»dən «müsbət»ə yüksəldib.
Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin proqnozunu - STABİLDƏN POZİTİVƏ YÜKSƏLTDİ
FED.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Qeyd edək ki, «Moody's» beynəlxalq reytinq agentliyi «Xalq Bank»la eyni vaxtda Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının – ABB-nin də kredit reytinqini yeniləyib və proqnozu «sabit»dən «müsbət»ə dəyişib.
Agentliyin «Xalq Bank»la bağlı açıqlamasında bildirilir ki, Bankın BCA və Düzəliş edilmiş BCA-nın b2 səviyyəsində təsdiqlənməsi aktivlərin keyfiyyətinin yaxşılaşdırılması, kredit konsentrasiyalarının (kredit portfelinin böyük hissəsinin bir neçə müştəri ilə bağlı olması halının) azaldılması və kapital adekvatlığının sağlamlığını göstərir.
Agentlik bildirir ki, Bankın uzunmüddətli depozit reytinqləri üzrə proqnozun «sabit»dən «müsbət»ə dəyişməsi Moody's-in XALQ BANK-ın müstəqil kredit profilinin, xüsusən də aktiv keyfiyyətinin və gəlirliliyinin növbəti 12-18 ay ərzində daha da yaxşılaşacağına dair gözləntilərini əks etdirir.
Açıqlamada qeyd edilir ki, son üç il ərzində «Xalq Bank»da problemli kreditlərin payı əhəmiyyətli dərəcədə azalıb, o cümlədən köhnə korporativ portfelinin qismən ödənişləri və silinməsi sayəsində ehtiyatlarla əhatə yaxşılaşıb.
Nəticədə, «Xalq Bank»da problemli kreditlərin payı 2020-ci ilin sonundakı 12,8%-dən 2022-ci ilin sonuna 4,4%-ə enib. Eyni zamanda, problemli kreditlərin örtülmə faizi iki il əvvəl 55% olduğu halda, 2022-ci ilin sonunda 102%-ə yüksəlib. «Moody's»də güman edirlər ki, 2024-cü ilin sonuna qədər XALQ BANK-ın problemli kreditlərin nisbəti 4%-5%-i ötməyəcək.
Reytinq agentliyi bankın kredit portfelinin keyfiyyətinin artdığını xüsusi qeyd edir. Agentliyin fikrincə, kredit konsentrasiyalarının (kredit portfelində bir neçə müştərinin əhəmiyyətli yer tutması halı – FED.az) aşağı düşməsi və xarici valyutada kreditlərə daha az məruz qalma sayəsində cari kredit portfeli 2-3 il əvvəlkindən daha yaxşı kredit keyfiyyətinə malikdir.
Belə ki, «Xalq bank»da 20 ən ən böyük borcalanın payı 2019-cu ilin sonunda bankın 1-ci dərəcəli kapitalının 341%-i qədər idi. 2022-ci ilin sonunda isə bu rəqəm 213%-ə düşüb. Yəni bankın kredit portfeli müştərilər üzrə əvvəlkinə nisbətən xeyli diversifikasiya olunub.
Kredit portfeli ilə bağlı ən maraqlı yenilik «Xalq Bank»da dollar kreditlərinin payının azalması olub.
«Xalq Bank» ölkədə ən çox dollarlaşan bank sayılır – ayrı-ayrı vaxtlarda onun aktivlərinin, o cümlədən kredit portfelinin böyük hissəsi xarici valyutada olub.
İndi isə bu vəziyyət dəyişib – «Moody's»in ekspertləri bildirir ki, 2019-cu ildə bankın kredit portfelində xarici valyutanın (ABŞ dollarının - FED.az) payı 76% olduğu halda, 2023-cü ilin 3-cü rübündə bu rəqəm 44%-ə düşüb.
Güclü kapital adekvatlığı XALQ BANK-ın əsas kredit güclü tərəflərindən biri olaraq qalır və aktiv keyfiyyətinin zəifləməsinə qarşı müdafiəni təmin edir.
2022-ci ilin sonuna bank TCE/RWA (TCE - maddi ümumi kapital, RWA - riskləri nəzərə almaqla ölçülmüş kapital) nisbətini 18,9% səviyyəsində bildirdi.
«Moody's» 2023-2024-cü illərdə ölkədə gözlənilən 1-2% səviyyəsində cüzi iqtisadi artımımı nəzərə alaraq «Xalq Bank»ın kredit portfelinin də yaxın 12-18 ay ərzində cüzi artacağını gözləyir.
Reytinq agentliyinin fikrincə, XALQ BANK-ın TCE/RWA nisbəti yaxın 12-18 ay ərzində 17%-dən aşağı düşməyəcək.
«Moody's» öz açıqlamasında xatırladıb ki, 2022-ci ildə «XALQ BANK» 29 milyon manat xalis gəlir əldə edib ki, bu da Bankın maddi aktivlərinin 1,1% səviyyəsindədir və 2021-ci ilin nəticələri ilə də müqayisədə aşağı göstəricidir.
Bununla yanaşı, bankın xalis faiz marjası (NIM) 2021-ci ildəki 3,3%-dən 2022-ci ildə 4,0%-ə yüksəldi. Agentlik bildirir ki, bankın kreditləri artdıqca, xalis faiz marjası da yüksələcək.
«Moody's» gözləyir ki, xalis faiz marjasının artması, kredit xərclərinin isə az olması səbəbindən yaxın 12-18 ayda bankın maddi aktivlər üzrə gəlirliliyi 1,5-1,7%-ə qədər yüksələcək.
Agentlik öz hesabatında «Xalq Bank»ın öhdəlikləri və depozit portfelinə də toxunub. Açıqlamada deyilir ki, bankın öhdəliklərinin 87%-ni müştəri hesbaları – yəni depozitlər təşkil edir. Bu göstərici uzun müddətdir ki, belədir.
Amma bu sahədə bankın həll etməli olduğu məsələlər var. Belə ki, müştəri depozitlərinin konsentrasiyası (bir neçə müştərinin payının çox olması halı) bir qədər yaxşılaşıb, lakin yenə də depozit portfelində ümumi məbləğin 68%-i 17 ən böyük əmanətçinin payına düşür – bu 2022-ci ilin sonuna olan vəziyyətdir.
Amma agentlik bildirir ki, bu cür konsentrasiyanın yaratdığı risklər bankın sabit müştəri bazası və ən böyük müştərilərlə yaxşı qurulmuş əlaqələr vasitəsilə azaldılır.
Dollarlaşma səviyyəsinin azalması özünü «Xalq Bank»ın depozitlərində də göstərir. Belə ki, bankda xarici valyutada depozitlərin xüsusi çəkisi 2019-cu ilin sonuna olan 80%-dən 2022-ci ilin sonuna cəmi 68%-ə düşüb.
Bankın 2023-cü ilin 3-cü rübünə cəmi aktivlərinin 26%-ni təşkil edən likvidlik yastığı Moody's-in təxminlərinə görə ani likvidlik ehtiyaclarını kifayət qədər qarşılayır.
«XALQ BANK»ın uzunmüddətli depozit reytinqlərinin B1 reytinqi bankın b2 səviyyəsindəki BCA-sı və Moody's-in ehtiyac yarandıqda banka dövlət dəstəyinin orta ehtimalı ilə bağlı qiymətləndirməsinə əsaslanır və onun kreditlər və depozitlər üzrə nəzərəçarpacaq bazar payını 8,3% və 6,4 səviyyəsində əks etdirir. Bu dəstək XALQ BANK-ın uzunmüddətli depozit reytinqlərinə reytinqin bir pillə yüksəlməsini təmin edir.