Azərbaycanın tanınmış sahibkarlarından biri, iri şərab istehsalçısı olan «Tovuz-Baltiya»nın sahibi Naiq Məhəmmədhəsənov «Bank of Baku»nu onun şirkətinə qarşı saxtakarlıq etməkdə günahlandırıb. Sahibkar FED.az-a açıqlamasında bildirib ki, bir qədər əvvəl «Tovuz Baltiya» şirkəti «Bank of Baku»nun xətti ilə Sahibkarlığa Yardım Fondundan güzəştli kredit göütürüb. Kreditin şərtlərində ilk iki ilin güzəştli (həmin müddətdə kredit üzrə yalnız faizlər ödənilir – FED.az) olması nəzərdə tutulsa da, «Bank of Baku» artıq 7 aydan sonra kredit üzrə gecikmə olduğunu bildirərək şirkətə faizlər hesablamağa başlayıb: «Biz krediti 5 illik götürmüşük, bunun ilk iki ili güzəştli idi. Amma bunlar hələ 6 ay tamam olmadan, bizim guya krediti gecikdirdiyimizi bildirərək hesablarımızdan qanunsuz pul çıxmağa başlaıblar».
N.Məhəmmədhəsənovun sözlərinə görə, bu vəziyyətdən sonra şirkətin hesablarından iri məbləğdə vəsaitlər tutulmağa başlayıb: «Onlar heç br sərəncam olmadan, tamamilə özbaşına olaraq, hesablarımızdan 350 min manat, 200 min manat və sair məbləğlərdə pullar siliblər».
Cavabında «Tovuz Baltiya» şirkəti «Bank of Baku»nu məhkəməyə verib və ilk ki instansiyada ona qalib gəlib. Ali Məhkəməyə qədər davam edən məhkəmə çəkişməsində işin yenidən araşdırılması qərara alınıb: «Məsələ 510 gün araşdırılıb, hələ yenə araşdıracaqlar, baxmayaraq ki, əlimizdə 4 ekspert rəyi var. Əslində Ali Məhkəmə o qətnaməni qüvvədə saxlamalı idi».
Dünyanın 10-dan artıq ölkəsinə məhsullarını ixrac edən şirkətin rəhbəri bildirir ki, bu hadisədən sonra «Bank of Baku» ilə əməkdaşlığı birdəfəlik dayandırıb və tanıdığı iş adamlarına həmin bankla əməkdaşlıq etməməyi tövsiyə edib: «Müştərinin mənayeyini qorumayan bankla əməkdaşlıq etmək yersizdir». Ən maraqlısı odur ki, həmkarları N.Məhəmmədhəsənovun «Bank of Baku» il əməkdaşlığına təəccübləniblər: «Mən deyəndə ki, həmin bankın müştərisiyəm, onlarla işləyirəm, mənə gülürlər, bildirirlər ki, bu ən dələduz bankdır».
«Tovuz Baltiya»nın rəhbəri bildirir ki, «Bank of Baku» ilə məhkəmə çəkişməsi onun biznesinə və xaricə ml ixracı ilə bağlı fəaliyyətlərə böyük maneələr yaradıb: «Bu məhkəməyə görə bizim vəsaitlərimiz araşdırılır, pullarla əməliyatlarımıza çətinliklər yaradılır və s. Nəticədə vaxtımız itirilir, xaricə çıxa bilmirik, qonaq dəvət edə bilmirik və s.»