2019-cu ildə Azərbaycanda kredit aktivliyi nisbətən yüksəlsə də, bank sistemində iri həcmli likvidlik profisiti qalmaqda davam edib.
Eləcə də bax: "TBC Bank" Azərbaycan bazarına - DAXİL OLA BİLƏR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Pul Siyasəti icmalında bildirilir.
AMB bildirir ki, bu vəziyyətdə iqtisadiyyatın pula tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli bazar əməliyyatlarını aktiv saxlayıb.
Kredit verilməsindəki çətinliklər nəticəsində, vəsatilərini idarəetməkdə çətinlik çəkən banklar Mərkəzi Bankın sterilizasiya əməliyyatlarına böyük maraq göstəriblər. Bu özünü not və depozit hərraclarında göstərib.
2019-cu ildə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 53 depozit hərracı keçirmişdir. Depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilmişdir. İlin sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 250 mln. manat təşkil etmişdir.
Depozit əməliyyatları ilə yanaşı, Mərkəzi bank 2019-cu ildə notların yerləşdirilməsi üzrə 55 hərrac keçirmişdir. Bunlardan 51-də 28 günlük notlar yerləşdirilmişdir. Mərkəzi Bank 2019-cu ilin sentyabr ayından etibarən izafi likvidliyin sterilizasiya imkanlarının artırılması və gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasını dəstəkləmək məqsədilə dövriyyəyə daha uzunmüddətli (84 gün, 168 gün, 252 gün) notların buraxılmasına başlamışdır. 2019- cu ildə 4 uzunmüddətli not hərracı keçirilmişdir ki, bununla da 120 mln. manat cəlb edilmişdir. Ümumilikdə ilin sonuna qısamüddətli notlar vasitəsilə sterilizasiyanın toplam qalığı 700 mln. manat təşkil etmişdir.
Bankların bu hərraclara tələbi yüksək olubö Belə ki 2019-cu ildə keçirilən depozit hərraclarında tələb təklifi 3.6 dəfə, not hərraclarında isə 3.2 dəfə üstələmişdir. Bu göstəricilər bank sistemində izafi likvidliyin yüksək olaraq qaldığını göstərir. Bu şəraitdə 2019-cu ildə depozit əməliyyatları və notların yerləşdirilməsi üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşmışdır.
Başqa sözlə, tələb artıq olduğuna görə, alətlərin gəlirliyi də kəskin azalaraq illik 5% ətrafına düşüb.