Bu yaxınlarda Almaniyadan Bakiya gələn turistlər haqqında yazmışdıq. Xatırladaq ki, keçmiş Azərbaycan vətəndaşlarının 18 il sonra doğma şəhərə gəlmələri və paytaxtın tanınmaz dərəcədə gözəlləşdiyini görmələri çox xoş təəssürat idi. Amma bu gün oxucumuz Kərim Məlikovun məktubu bizi çox təəssüfləndirdi. Məktubu sizə də təqdim edirik:
“Hörmətli redaksiya! Bu həftə Bakıda qonaq olmuş tanışlarımın başına gələnləri sizinlə də bölüşmək istəyirəm. Qonaqlarım olan ailə cütlüyü – Florian və Kristinanın Bakı çox xoşlarına gəldi. Günəşli, isti havaya baxmayaraq, onlar Qərblə Şərqin öz əksini tapdığı şəhərdə bütün gün gəzirdi və bu günlər ərzində onlar heç bir problemlə üzləşməmişdilər. Xarici turistlərin Bakıda nə problemi ola bilər axı? Amma problem yarandı. Həm də, heç nədən.
Bakıya gələrkən, Florian 5000 avronu manata çevirmişdi. Səyahətinin son günlərində isə əlində xərcləmədiyi 2000 manat qalmışdı. Uçuşdan qabaq bütün gün biz pulu dollar və ya avroya dəyişmək üçün o bankdan bu banka qaçdıq. Amma bu heç də asan iş olmadı. Bankların əksəriyyətində ümumiyyətlə valyuta dəyişmirdilər. Bir şəxsə 100 dollar verə bilən banklar da var idi. Ən sonda bizə çox çətinliklə yanlız 1000 manatı avroya dəyişmək qismət oldu.
“Kərim, Avropada mən bu manatlarla nə edim? Əgər sizə Bakıda manat lazım deyilsə, o zaman mən Avstriyada bu kağızlarla nə edəcəm?”- Florian acıqla məndən soruşdu. Və o, tamamilə haqlı idi.
Azərbacana səfərin bütün üstünlüklərinin üzərindən bir böyük mənfiylə xətt çəkilmişdi. Sonda biz danışdıq ki, qalan 1000 manatı hər hansı pul köçürmə sistemi ilə ona, Venaya göndərərəm. Amma razılaşın ki, Azərbaycana gələn bütün turistlərin Bakıda onlara pul göndərə biləcək tanışları yoxdur. Həm də nəzərə alaq ki, pul köçürmələri üçün müəyyən faiz də tutulur. Mənim və dostlarımın başına belə bir xoş olmayan hadisə gəlib. Arzu edərdim ki, aidiyyatı insanlar bu məsələlərlə bağlı müəyyən ölçü götürsünlər. Çünki, belə hadisələr hər gün baş verir”.
Həqiqətən də, paytaxtın bankalarındakı valyuta satışı (dollar və avro) ilə bağlı məhdudiyyətlərə susmaq mümkün deyil. Bu gün bankların bir hissəsi dollar və avro satmır, bir hissəsi isə satış limitini adam başına 100-200 dollar/avroya qədər endirib. Dövlət Neft Fondunun keçirdiyi hərraclar da vəziyyəti xilas edə bilmir. Təbii ki, bütün bunlar əllərində manatlar banka gələn və nəticə əldə edə bilməyən əhali arasında ajiotaj yaradır, bu isə “qara bazar”ın çiçəklənməsi ilə nəticələnir.
Siz deyin, xaricdə oxumağa getmək üçün, İrana və ya Türkiyəyə təcili müalicəyə yola düşmək üçün təcili valyuta dəyişmək istəyən insanlar nə etməlidir? Valyuta ilə mal alan kiçik və orta biznes sahibləri nə etməlidir? Hakimiyyətin hazırda ciddi cəhdlə ölkəyə cəlb etdiyi turistlər nə etməlidir? Bəli, bu il xeyli sayda turist ölkəyə gəlib. Amma əksər turistlər valyuta ilə bağlı belə problemlərlə üzləşməli olsalar, gələcəkdə də bu qədər turist axını gözləyə bilərikmi? Təəssüf ki, biz bu sualların cavabını hələ bilmirik...
Azeri.Today©