Fiziki və hüquqi şəxslər tərəfindən valyuta mübadiləsi məntəqələrinin açılması bankların mənfəətinə təsir etməyəcək. FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, 2016-cı ilin yanvarında ölkənin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən valyuta mübadiləsi məntəqələrinin bağlanması barədə qəbul edilmiş qərar bankların mənfəəti bir qədər artırıb (çünki valyuta mübadiləsi üzrə əməliyyatlar yalnız bank tərəfindən həyata keçirilir). Amma bu artım əsasən valyuta bazarında müəyyən dəyişiklik dövründə müşahidə olunub: "Bu gün bazarda vəziyyət kifayət qədər sabitdir. Buna görə də bankların valyuta mübadiləsi üzrə əməliyyatlardan mənfəəti bu günə üçün o qədər də əhəmiyyətli deyil".
Z.Nuriyev əlavə edib ki, banklar nağd valyuta mübadiləsi əməliyyatlarından başqa nağdsız əməliyyatlar da həyata keçirilər, amma valyuta mübadiləsi məntəqələri bu cür xidmətlər göstərə bilməyəcəklər: "Banklarda olmayan valyuta mübadiləsi məntəqələri yalnız nağd əməliyyatlar üzrə xidmətlər göstərə biləcəklər. Bundan başqa, qanunvericilik bankların nağd valyuta mübadiləsi üzrə əməliyyatlar aparmağı davam etdirmək hüququndan məhrum edilməsini nəzərdə tutmur. Ona görə də, mən hesab edirəm ki, valyuta mübadiləsi məntəqələrinin bazara qayıdışı bankların gəlir və mənfəətinə təsir etməyəcək".
Azərbaycan Banklar Assosiasiyasının prezidenti qeyd edib ki, bankların daxilində olmayan valyuta mübadiləsi məntəqələrinin işinin bərpası Azərbaycanda turizmin inkişafına kömək edir. Bu addım, onun sözlərinə görə, ölkənin əhalisi və qonaqlarının istirahət və bayram günlərində rahat valyuta dəyişməyinə yönəlib: "Bankların əksəriyyəti istirahət və bayram günlərində işləmir. Gecə-gündüz xidmət göstərən bank filiallarının və şöbələrinin sayı da məhduddur. Bu, həm turistlər, həm də əhali üçün bir sıra çətinliklər yaradır. Ona görə də valyuta mübadiləsi məntəqədlərinin işinin bərpası əhaliyə və turistlərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək".
Xatırladaq ki, 2017-ci ilin 30 dekabrından qüvvəyə minən valyuta dəyişmə qaydalarına görə, valyutadəyişmə məntəqələrində valyuta mübadiləsindən başqa xidmətlərin göstərilməsi qadağan edilib. Mübadilə xidmətlərinin göstərilməsi üçün isə xüsusi lisenziya tələb olunur.
Qaydalara əsasən, valyuta mübadiləsi məntəqələri ayrıca köşkdə və ya binada, eləcə də vağzal, liman və aeroportlarda fəaliyyət göstərə bilər. Bununla yanaşı, görünən yerdə valyuta məzənnəsi ilə yanaşı, valyuta mübadiləsi üçün alınmış lisenziya v ya onun surəti göstərilməli, Maliyyə Bazarlarına Nəzarət Palatasının qaynar xəttinin nömrəsi, eləcə də, məntəqənin fəaliyyət rejimi (fəaliyyət göstərdiyi günlər və saatlar) göstərməlidir.
Valyutadəyişmə məntəqələrində valyuta mübadiləsi yalnız nağd formada aparılmalıdır. Müştərilərə 500 dollardan artıq valyutanın satışı və ya 10 min dollardan artıq valyutanın alışı yalnız şəxsiyyəti təsliq edən vəsiqə təqdim olunmaqla aparılacaq.
@trend