Son illərdə Azərbaycanda maliyyə infrastrukturunun inkişafına, xüsulə də, kiçik biznes və əhalinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsinə böyük diqqət göstərilir. Maliyyə infrastrukturunun inkişafı üzrə mühüm komponent effektiv və etibarlı kredit informasiya mübadiləsi sisteminin mövcud olmasıdır və kredit bürolarının da rolu burada mühüm əhəmiyyət kəsb edir. Kredit bürolarının maliyyə bazarının gələcək inkişafına nə dərəcədə müsbət təsir edə biləcəyi barədə Dünya Bankı Qrupunun Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) maliyyə infrastrukturunun inkişafı layihəsinin nümayəndəsi Teymur Heybətov danışacaq.
-Zəhmət olmazsa, kredit tarixçəsi, kredit büroları və onların əhəmiyyəti haqqında danışardınız.
-Kredit bürosu – bank və qeyri-bank institutlarının, kommunal xidmət göstərən şirkətlərin, mobil rabitə xidmətləri təqdim edən şirkətlərin, habelə məhsulların nisyə satışını həyata keçirən firmalardan məlumatları toplayır. Kredit tarixçəsinin – indiki və keçmiş faktlara, habələ, potensial borclunun ödəmə intizamını müəyyənləşdirməyə (daha doğrusu, potensial borclunun xidmət və məhsullara görə ödəmələri və digər öhdəlikləri nə dərəcədə vaxtlı-vaxtında həyata keçirməsi) imkan verən hadisələrə dair informasiya olduğunu nəzərə alsaq, büro bu cür informasyanı toplayıb üzərində işləyərək, borclu üçün müəyyən reytinq yarada biləcək kredit hesabatını hazırlayır. Kreditorlar kredit hesabatlarını bilavasitə öz kredit informasiya emalı sistemlərinə qəbul edirlər. Burada mühüm olaraq qeyd etmək lazımdır ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, ildə iki dəfə olmaqla, borclu öz kredit tarixçəsini pulsuz əldə etmək hüququna malikdir.
Əgər siz ödəmələri düzgün həyata keçirmisinizsə və ya öz öhdəliklərinizə uyğun həyata keçirməyə davam edirsinizsə, bu, sizin kredit tarixçənizdə öz əksini müsbət formada tapacaq və nəticədə, istənilən maliyyə təşkilatının arzuedilən müştərisinə çevrilməyinizə kömək edəcək. Qüsursuz kredit tarixçənizin olması kredit xidmətlərindən daha əlverişli şərtlərlə faydalanmağınıza - daha aşağı faizlər ilə və ya daha uzun kredit müddətləri ödəniş həyata keçirməyinizə imkan yaradacaq.
Qeyd etmək vacibdir ki, kredit tarixçələrinin əsasında müştəri ilə maliyyələşdirən təşkilat arasında müəyyən etibarlı münasibətlər formalaşır. Bundan başqa, digər maliyyə təşkilatları da borcluların kredit tarixçələrinə çıxış imkanlarına malik ola bilər. Bu, borclunun özünəməxsus “nüfuz göstəricisi”dir. Nəticə etibarilə, kredit bazarları daha açıq və rəqabət qabiliyyətli olur və nəticədə, kiçik biznes və əhalinin onlara çıxışı daha rahat olur.
-Kredit büroları maliyyə bazarlarına necə təsir edə ilər?
-Normal fəaliyyət göstərən kredit bürosu maliyyə bazarlarının inkişafına şərait yaradır. Kredit bürosunun xidmətləri sayəsində, maliyyə təşkilatları kreditin verilməsi barədə cəld və daha etibarlı qərarlar qəbul edə bilər ki, bu da öz növbəsində maliyyə bazarlarında müvəffəqiyyət əldə edilməsinə təkan verir. Kredit bürosu maliyyə təşkilatları tərəfindən, əhalinin və kiçik biznesin maliyyələşməsində zəruri bir alət kimi istifadə edilir. Inkişaf etmiş ölkələr sırasında, kredit tarixçəsi sizə etibar etməyin mümkünlüyünə dair mühüm bir dəlildir və yalnız kredit tarixçəsinə malik olmaqla, siz hökumət və özəl şirkətlərin bu və ya digər kredit xidmətlərindən yararlanmaq imkanı əldə etmiş olursunuz. Xüsusilə də, kredit bürosu maliyyə bazarlarının, bizə “assimetrik informasiya” kimi məlum olan və borclunun öz borcunu ödəmək imkanlarından kreditora nisbətən daha yaxşı xəbərdar olduğunu bildirən problemini yoluna qoymaqda kömək edir. Əgər kreditor borclunun kredit qabiliyyətini düzgün qiymətləndirməyi bacarmırsa, bu, kreditlər üzrə defolt faizinin artmasına gətirib çıxaracaq və nəticədə, maliyyə təşkilatlarının gəlirliliyinə mənfi təsir göstərəcək.
-Kredit büroları maliyyə təşkilatlarının kredit portfelinin yaxşılaşdırılmasına necə təsir edir?
Kredit bürolarının ölkədə fəaliyyət göstərməsi kredit riskinin səviyyəsini azaldacaq və eyni zamanda, problemli kreditlərin verilməsi ehtimalını azaldacaq ki, bu da ümumi kreditləşmə fonunda, kreditlər üzrə mümkün itkilərə sərf olunan ehtiyatların azalmasına səbəb olacaq. Müvafiq olaraq, kredit portfelinin keyfiyyəti nə qədər yüksək olarsa, ehtiyatların yaradılmasına çəkiləcək xərclər bir o qədər aşağı olar. Nəticədə, maliyyə fəaliyyətinin daha böyük bəhrəsi əldə edilmiş olur.
-Bu isə öz növbəsində biznesin inkişafına təsir edir. Bu sualı da hansısa bir nümunə göstərməklə şərh edə bilərsinizmi?
-Bəli, siz tamamilə haqlısınız. Son faydalanan tərəf əlbəttə ki, müəssisə sahibi sahibkardır. Kredit informasiya mübadiləsi sisteminin təkmilləşdirilməsində qazanan tərəf şəxsi biznes sahibləridir. Nümunə olaraq, Doing Business mütəxəssislərinin apardıqları araşdırmanın nəticələrini göstərə bilərik.
Dünya Bankı Qrupunun ekspertləri müəyyən dövriliklə 190 ölkəni əhatə edən “Biznesin aparılması” üzrə qiymətləndirmə aparırlar və bu prosesdə onlar ölkənin kommersiya fəaliyyətinin əlverişlilik səviyyəsini qiymətləndirirlər. Məsələn: 2016-cı ildə reytinq siyahısında Azərbaycan 190 ölkə arasında 65-ci yeri tutmuşdu ki, bu reytinqdə Azərbaycanı 64-cü yerdə qabaqlayan ölkə Monqulustan, ondan sonrakı, yəni 66-cı yerdə duran ölkə isə Oman idi. Yeri gəlmişkən, əvvəlki il ilə müqayisədə ölkə dörd pillə aşağı düşmüşdü.
Bu araşdırmada ölkənin mövqeyinin müəyyən olunmasında nəzərə alınan 11 göstəricidən biri “Kreditin əldə edilməsi” göstəricisdir. Kreditlərə daha azad çıxış zamanı şirkət və özəl müəssisələrin investisiya və artım üçün daha çox imkanları olacaq. Öz növbəsində, kreditorun kredit tarixçələri vasitəsilə riskləri daha dəqiq müəyyən edə biləcəyi kredit hesabatlılığı sisteminin inkişafı kreditlərə çıxış imkanlarının genilşlənməsinə imkan yaradır.
Bunu nəzərə alaraq, Dünya Bankı Qrupu sözügedən sahədə islahatların aparılmasına xüsusi diqqət ayırır. Dövlət reyestrlərində və ya özəl bürolarda kredit məlumatlarının əlçatanlılığını və həcmini müəyyənləşdirməyə kömək edən xüsusi kredit informasiya indeksi işlənib hazırlanmışdır.
Beləliklə, ölkədə maliyyə infrastrukturu qaydaya salınmamışdırsa, yəni, indiki vəziyyətdə, əsas həlqəsini Kredit Bürosu təşkil edən kredit informasiya mübadiləsi sistemi mövcud deyildirsə, nəticə etibarilə, ölkənin reytinqində bu öz əksini göstərəcək ki, bu isə öz növbəsində sahibkarlığın inkişafına, xarici kreitlərin axınına, ümumilikdə ölkənin investisiya baxımından cəlbediciliyinə təsir edir.
-Azərbaycanın maliyyə bazarında cari vəziyyət necədir və kredit bürosunun yaradılması ölkənin maliyyə infrastrukturunun daha da möhkəmlənməsinə necə kömək edəcək?
-Artıq qeyd edildiyi kimi, kredit bürosu – maliyyə infrastrukturunun çox vacib elementidir və büronun normal fəaliyyəti maliyyə resurslarına çıxışın yaxşılaşdırılmasına şərait yaradır. Bununla belə, kredit bürosunun inkişafı uzunmüddətli proses olub, bütün maraqlı tərəflərin uzunmüddətli öhdəlik götürmələrini tələb edir.
2005-ci ildən etibarən Azərbaycanda, hal-hazırda, bütün banklardan və qeyri-bank kredit təşkilatlarından bütün borclulara dair informasiya toplayan Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) mövcuddur. MKR fəaliyyət göstərdiyi dövr ərzində kredit məlumatlarının mübadiləsi üzrə başlıca alətə çevrilmişdir ki, bu da problemli kreditlərin əmələ gəlməsinin qarşısını almağa, habelə, keçmiş illərdə kreditləşdirmə risklərini xeyli azaltmağa kömək etmişdir.
Lakin məlum olduğu kimi, kamilliyin sərhədi yoxdur. Kredit məlumat mübadiləsi sistemi daim təkmilləşmə tələb edir və bu isə daha geniş xidmətlər spektrini təqdim edə bilən kommersiya krediti bürosunun yaradılması yolu ilə mümkündür.
Ətraflı informasiyanın mövcudluğu borclunun ödəmə qabiliyyəti/intizamı haqqında bankda ümumi təsəvvür yaradacaq. Yekun nəticədə, bank kredit verilməsi ilə bağlı daha cəld və düzgün qərar verə biləcək.
Düşünürəm ki, Azərbaycanın maliyyə bazarında özəl kredit bürosunun yaradılması maliyyə infrastrukturunun beynəlxalq təcrübə və standartlara uyğun olaraq daha da möhkəmlənməsinə şərait yaradacaq.
Layihə haqqında: ACAFI —Mərkəzi Asiya və Azərbaycanda İsveçrə Hökuməti (SECO) ilə əməkdaşlıq zəminində Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi Layihəsi.
ACAFI Layihəsi 2009-cu ilin may ayından etibarən, Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanda, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçirilir.
Layihənin məqsədi fiziki şəxslərin,mikro, kiçik və orta müəssisələrin (MKOM) maliyyə çıxışının effektiv və etibarlı kredit hesabatlılıq sisteminin və daşınar əmlakın yüklülüyü sisteminin inkişafına şərait yaradılması yolu ilə yaxşılaşdırılmasıdır.