Konstitusiya Məhkəməsi «Banklar haqqında» Qanunun 1.0.9-cu, «İpoteka haqqında» Qanunun 10.5, 14 və 48-ci maddələrinin və Mülki Məcəllənin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarınvı açıqlayıb.
FED.az xəbər verir ki, sözügedən qərar iki məsələyə – 1) zaminin razılığı olmadan kredit şərtlərinin dəyişməsinə, 2) əmlak saşibinin razılığı olmadan ipoteka müqaviləsinin dəyişməsinə aiddir.
Məhkəmənin qərarında bildirilir ki, KM bu məsələyə artıq bir dəfə – 2018-ci il 31 may tarixli qərarında münasibət bildirib. Həmin vaxt Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar verib.
Həmin qərarda deyilirdi ki, zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilib. Bu maddəyə görə, zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olsa zaminliyə xitam verilir.
Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur.
Başqa sözlə, zaminliyə xitam verilməsi üçün hər iki şərt təmin edilməlidir – yəni zaminin razılığı olmadan öhdəlik dəyişməli, və bu dəyişmə onun məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olmalıdır.
Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara:
- kreditin ümumi məbləğinin artırılması;
- kreditin faizinin artırılması;
- kreditin valyutasının dəyişdirilməsi;
- kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu hələ 2018-ci il 31 may tarixli Qərarında göstərib ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə isə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.
Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması dedikdə isə kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bütün bunlar KM-in hələ 2018-ci il 31 may tarixli qəranında nəzərdə tutulmuşdu. Bu dəfəki mübahisə isə zaminliyin tam, yoxsa, qismən ləğv olunmasına aid idi. KM qanunvericiliyi araşdıraraq bildirib ki, zaminlik ya bütövlükdə olur, ya da tamamilə ləğv edilir. Çünki müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa (adətən başqa qayda nəzərdə tutulmur), zamin kreditin alındığı tərəf qarşısında borclu qədər, onunla eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. Ona görə də, Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir.
«İpoteka haqqında» qanunla bağlı məsələdə də oxşar yanaşmadır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır.
Yəni şərtlərin kreditin əmlak sahibinin razılığı olmadan dəyişməsinə görə, ipotekaya xitam verilmir, sadəcə onun məsuliyyəti bundan əvvəlki müqavilədə müəyyən olunmuş şərtlər daxilində qalır.
«İpoteka haqqında» Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.
İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
Konstitusiya Məhkəməsi zaminliyin ləğv olunması şərti barədə - QƏRAR QƏBUL EDİB
23:56
2 Avq 2019