“Biz başa düşürük ki “3 il ərzində Azərbaycanda nağdsız cəmiyyət yaradacağıq deməyimiz” qeyri-peşəkar səslənər. Ancaq bu dövlət proqramının uğurlu icrası nəticəsində rəqəmsal ödənişlərin inkişafına mane olan institutsional problemlərin aradan qaldırılmasını görəcəyik”.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı” barədə danışarkən bildirib.
Onun sözlərinə görə, dövlət proqramının icrasından sonrakı illərdə ölkədə nağdsız ödənişlərin dövriyyəsinin indiki tempdən də artıq olması gözlənilir: “Biz qəbul edirik ki, ölkədə əgər institutsional mühitdə nağdsız ödənişlərin inkişafına mane olan amillər varsa, əgər iqtisadi subyektlər arasında nağd puldan istifadəyə motivə edən amillər varsa, bu ölkədə heç bir innovasiya, heç bir innovativ həll, heç bir maliyyə texnologiyası inkişaf etməyəcək. Məhz bu səbəbdən dövlət proqramının ana xəttini institutsional mühitin nağdsız ödənişlərin aparılması üçün əlverişli olması təşkil edir. Bu istiqamət altında vergi sisteminin və vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə tədbirlər, eyni zamanda sosial müdafiə sisteminin gücləndirilməsi də yer alır”.