Ölkənin ən bödyük banklarından biri, «Paşa Holdinq»ə məxsus olan «Kapitalbank» 2021-ci ilin 4-cü rübünün nəticələrini elan edib.
FEDaz xəbər verir ki, ilin yekunlarına görə bank demək olar ki, bütün istiqamətlərdə böyüyüb, əksər növ gəlirləri artıb, amma aktivlərində yaranan poblemlər bu artımı layiqincə mənfəətə çevirməyə mane olub.
2,5 milyard manat nağd pulu var
2021-ci ilin nəticələrinə görə, «Kapitalbank»ın aktivləri 1,5 milyard manat və ya 28,3% artaraq 6 milyard 709 milyon manatı keçib.
Bankın aktivləri ən çox nağd pul vəsaitlərinin və kredit portfelinin hesabına böyüyüb. 2021-də nağd pul vəsaitləri 630 milyon manat artaraq 2,5 milyard manatı keçib.
Müştərilərə verilən kreditlər yarım milyard artaraq 2 milyard 652 milyon manata çatıb. Qiymətli kağızlara yatırılan pullar da 300 milyon manatdan çox artaraq 800 milyon manatdan 1 milyard 113 milyon manata yüksəlib.
Biznes kreditləri istehlakdan çox artıb
Bəlkə də ilk dəfə olaraq «Kapitalbank»ın kredit portfelində biznes kreditlərinin artım sürəti istehlak kreditlərini üstələyib. 2021-ci ildə bankın istehlak kreditləri 236 milyon manat və ya 17% artaraq 1 milyard 759 milyon dollara yüksəlib və bu gedişlə istehlak portfelinin 2 milyard manata çatacağı gün uzaqda deyil. Əslində burada təəccüblü bir şey yoxdur - «Kapitalbank» ölkənin özəl bankları arasında büdcə təşkilatlarına maaş və pensiya verən yeganə bankdır. Dövlətin belə dəstəyi banka bütün müşğərilərinin gəlirlərinə nəzarət etməyə və arxayın istehlak kreditləri verməyə imkan verir – maaş və pensiyalar bankın öz kartları ilə ödənildiyinə görə, həmin kreditlərin qaytarılması ilə bağlı risklər demək olar ki, sıfıra bərabərdir.
Digər banklar üçün «həyacan siqnalı»
Amma məsələ təkcə istehlak kreditlərində deyil. 2021-ci ildə «Kapitalbank»ın biznes kreditləri portfeli 177 milyon manat və ya 30%-dən çox böyüyərək 582 milyon manatdan 759 milyon manata çatıb. Bu – biznes kreditləşməsi ilə məşğul olan digər banklar üçün ciddi siqnal olmalıdır – onlar üçün ciddi rəqib yaranıb.
İpoteka kreditləri də 28%-ə yaxın artaraq 228 milyondan 291 milyona yüksəlib.
Depozitləri 50%-ə yaxın artıb
«Kapitalbank»ın öhdəlikləri də aktivləri kimi 1,5 milyar manat artaraq 6 milyard 61 milyon manata çatıb. Bankın depozit portfeli 1,4 milyard manat böyüyərək 5,2 milyard manata yaxınlaşıb.
Artımın cəmi 100 milyon manatı əmanətlərin payına düşüb (1 067 milyondan 1 164 milyona yüksəlib), qalan artım hüquqi şəxslərin depozitlərinin hesabına olub. Bu göstərici 50% artaraq 2,7 milyard manatdan 4 milyard manata yüksəlib.
Kapitalda dəyişiklik ciddi deyil - 634 milyon manatdan 648 milyon manata yüksəlib.
Kredit faizlərindən 400 milyona yaxın pul qazanıb
Belə böyük kredit portfeli, xüsusilə də istehlak kreditləri banka ciddi pullar gətirib. 2021-ci ildə «Kapitalbank»ın kreditlərdən faiz gəlirləri 386 milyon manata yüksəlib. Bu ötən illə müqayisədə 4,3% artıqdır.
Başqa sözlə, 2021-ci ildə «Kapitalbank»ın hər 100 manat krediti ona 17 manat gəlir gətirib. 2020-ci ildə bu məbləğ 19,5 manat idi.
Bankın qiymətli kağızlardan gəliri daha sürətli artıb – 63,1 milyon manat və ya əvvəlki illə müqayisədə təqribən 2 dəfə artıq.
Başqa sözlə, qiymətli kağızlara yatırılan hər 100 manat banka 5,7 manat gəlir gətirib. Ötən il bu məbləğ 4,3 manat idi.
Ümumilikdə ötən il «Kapitalbank»ın faiz gəlirləri 7,7% artaraq 474 milyon manata yüksəlib.
Əmanətçilərə 51 milyon manat ödənilib
«Kapitalbank» faiz gəlirlərinin yanında faiz xərcləri cüzidir – ötən il hətta 35% artımdan sonra da faiz xərcləri cəmi 68 milyon manat olub. Bunun 51 milyon manatı bankdakı əmanətlərin sahiblərinə ödənilib.
Nəticədə bankın xalis faiz mənfəəti 405 milyon manat olub – əvvəlki ildən 15 milyon manat artıq.
Komissiya gəlirləri və ofis xərcləri artıb
Bankın qeyri-faiz gəlirləri daha sürətli artıb – ötən il 301 milyon manat və ya 40%-lik artım baş verib. Bu məbləğin 264 milyon manatı haqq və komissiya gəlirləridir (39% artım). Artım bankın müştərilərinin çoxalması ilə bağlıdır.
Bundan başqa, «Kapitalbank» ötən il təkcə valyuta əməliyyatlarından 30 milyon manat qazanıb, əvvəlki il bu rəqəm 21 milyon manat olmuşdu – 30% artım.
Əməkhaqları çox artmayıb
Gəlirlərin kəskin artmasına baxmayaraq bankda əmək haqqı xərcləri cəmi 11% yüksəlib. Ötən il 119 milyon manat xərclənən vəsaitlər 2021-də 132 milyon manat olub. İnzibati xərclərdə isə təqşribən 20% artım var. Daha 148 milyon «Digər xərclər» maddəsi ilə xərclənib – 446 milyon daha artıq.
Aktivlərə ayırmalar xalis mənfəəti «tormozlayıb»
Belə böyük dövriyyə ilə bankın xalis mənfəəti daha artıq ola bilərdi. Amma aktivlər üzrə mümkün zərərlər buna mane olub.
Belə ki, bütün gəlir və xərcləri nəzərə alanda 2021-ci ildə «Kapitalbank»ın əməliyyat mənfəəti 369 milyon manat təşkil edib. Müqayisə üçün bildirək ki, ötən il bu məbləğ 338 milyon manat olmuşdu.
Amma bank bu məbləğin 137,5 milyon manatını mümkün zərərlərə görə ehtiyata ayırıb. Nəticədə vergidən əvvəlki mənfəəət 231 milyon manat, vergi (51 milyon manat)ödəniləndən sonra xalis mənfəət təqribən 180 milyon manat təşkil edib. Xatırladaq ki, bank əvvəlki ili 303 milyon manata xalisə mənfəətlə bağlamışdı. Yəni 2021-ci ildə bankın xalis mənfəəti təqribən 40% azalıb.