Azərbaycanın ən böyük banklarından olan «Kapitalbank» 2021-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 21 milyon manat və ya 6,6% artaraq 347,7 milyon manata çatıb.
Faiz gəlirlərinin böyük hissəsi kreditlərdən gələn qazancdır – ilk 9 ayda «Kapitalbank» müştərilərə verdiyi kreditlərdən 281,2 milyon manat qazanıb. Bu ötən illə müqayisədə 4 milyon manat və ya 1,3% artıqdır.
Faiz gəlirlərinin böyük bir hissəsi isə qiymətli kağızlara yatırımlardan gəlib. «Kapitalbank» dövlət istiqrazlarının əsas alıcılarından biridir. Ona görə də buradan böyük faizlər götürür – 9 ayda 46,7 milyon manat. Bu göstərici ötən illə müqayisədə 2 dəfədən çox artıb.
Bankın faiz xərcləri isə 13 milyon manat artaraq 49,6 milyon manata çatıb. Artımın əsas səbəbi bankdakı əmanətlərə görə ödənilən faizlərin yüksəlməsidir – 32,8 milyon manatdan 37,7 milyona yüksəlib.
Digər faiz xərcləri isə 2 milyondan 6,4 milyon manata qalxıb. Nəticədə bank 9 ayı 298 milyon manat xalis faiz gəliri ilə başa vurub.
Bu dövrdə «Kapitalbank»ın qeyri faiz gəlirləri 58 milyon manat və ya 37% artaraq 212 milyon manata yaxınlaşıb. Artımın əsa səbəbi komissiya və haqnlarının artımı olub. İlk 9 ayda bu maddədən gəlirləri 50 milyon manat artaraq 137 milyondan 187 milyon manata yüksəlib. Xarici valyutadan gəlirlər isə 50% artaraq 14 milyondan 21 milyona çatıb.
2021-ci ilin ilk 9 ayında «Kapitalbank»ın qeyri-faiz xərcləri də kəskin artıb. Ötən ilin eyni dlövründəki 192 milyon əvəzinə 237 milyon manat. Bu 45 milyon manat və ya 23% artım deməkdir. Amma əmək haqları bu xərclərin yarıdan az hissəsini təşkil edir – 102 milyon manat. Bankın maaşlara xərclədiyi pullar ötən illə müqayisədə 10 milyon manat artıb.
Bankın digər böyük xərc maddəsi – detallır açıqlanmayan «Digər xərclər»dir – 94,4 milyon manat (28 milyon manat və ya 40% artım var). Nəticədə «Kapitalbank» ilk 9 ayı 272,8 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon manat və ya 9% artıqdır.
Bu vəsaitdən 101 milyon manat aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün ehtiyat kimi ayrılıb. Belə böyük ayırma bankın kredit portfelində problemli hissənin artmasını göstərir.
Mənfəət vergisi üzrə isə 36,7 milyon manat ödəniş edilib. Nəticədə bank ilk 9 ayı 135 milyon xalis mənfəətlə bağlayıb. Bu rəqəm böyük olsa da, ötən ilki göstəricilən təqribən 2 dəfə aşağıdır – «Kapitalbank» 2020-ci ilin ilk 9 ayını 245 milyon xalis mənfəətlə bağlamışdı. Amma bunun 40 milyon manatı ehtiyatlardan geri qayıdan vəsaitin hesabına idi.
Son bir ildə «Kapitalbank»ın aktivləri 17 faiz və ya 900 milyon manat artaraq 5,9 milyard manatı keçib. Əsas maddə olan kredit portfeli də böyüyüb, xalis kredit portfeli 180 milyon manat və ya 11% artaraq 2 milyard 121 milyon manat təşkil edib.
Bu dövrdə bankın istehlak kreditləri 135 milyon manat, biznes kreditləri 57 milyon manat, ipoteka kreditləri isə 70 milyon manat (35% artıb).
Əvəzində bankın qiymətli kağızlara yatırımları 400 milyon manat və ya 60%-dən çox artaraq 636 milyon manatdan 1 milyard 30 milyon manata çatıb.
Hesabat dövründə «Kapitalbank»ın öhdəlikləri 860 milyon manata yaxın artaraq 5,3 milyard manatı keçib. Artım həm fiziki şəxslərin əmanətləri (27% artımla 1,28 milyard manat), həm də hüquqi şəxslərin hesablarındakı artımla (27% artaraq 3,27 milyard manat) bağlıdır.
Son bir ildə bankın kapitalı 3% artaraq 600 milyon manatı keçib. Bunun 246 milyon manatını səhmdarlar yatırıb, 318 milyon manat isə indiyədək kapitala əlavə edilmiş mənfəətdir.