Bir qədər əvvəl Azərbaycan Mərkəzi Bankı tərəfindən 2 bankın bağlanması və daha iki banka müvəqqəti inzibatçının təyin edilməsi bu bandakı əmanət sahibləri ilə yanaşı, hətta ondan da artıq şəkildə banklarda hesabı olan iş adamlarına da problem yaradıb.
FED.az xəbər verir ki, bu banklarda hesaba olan şirkət və sahibkarların əməliyyatları və ödənişləri dayanıb və onlar hesablarındakı vəsaitləri itirmək təhlükəsi ilə üzləşiblər. Ötən həftə Mərkəzi Bankda keçirilən mətbuat konfransında məlum oldu ki, sahibkarların bu banklardakı vəsaitlərini qorumaq üçün real mexanizm yoxdur və iş adamları belə hallardan qorunmaq üçün sadəcə bankı seçərkən ehtiyatlı olmalıdırlar.
Bəs normal, gələcəkdə problem yaranmayacaq və pulların batmayacağı bankı necə seçmək olar? İş adamları və şirkətlər bankla partnyorluğa başlayanda hansı məqamlara diqqət yetirməlidirlər? Bununla bağlı FED.az-ın suallarını maliyyəçi ekspert İsmayıl Hümbətov cavablandırır:
- İsmayıl bəy, son dövrdə bağlanan banklar həm əmanətçilərdə və həm də sahibkarlarda təşviş yaratdı. Sizcə əmanət üçün bank seçərkən hansı meyarlara diqqət etmək lazımdır?
- Son zamanlar həm mətbuatda, həm də əhali arasında bağlanan banklarla bağlı narahatlıq var. İnsanları banklara əmanət qoyarkən hansı meyarlara diqqət etməyin vacib olduğu maraqlandırır. Mütləq əksəriyyət isə maliyyə hesabatlarını diqqətdə saxlamağı məsləhət görür. Əslində isə bir neçə meyarın kompleks olaraq təhlili vacibdir.
- Çox maraqlıdır, kompleks meyar dedikdə nəyi nəzərdə tutursunuz?
- İlkin olaraq banka gedərkən personalın sizi necə qarşılamasına fikir vermək lazımdır. Yaxud bankın çağrı mərkəzinin müştərinin suallarına hansı formada və keyfiyyətdə cavablandırması əsas şərtdir. Bankın interyeri, təmizliyi və s. amillər də bankın səviyyəsi haqqında ilkin təssürat yaratmağa əsas verir. Daha sonra bankın hansı dövrdən fəaliyyətdə olmasını bilmək vacib amillərdəndir. İndi internet əsridir, araşdırma apararaq bankın məhkəmə işlərinə cəlb edilib edilməməsini yaxud hansısa neqativ qalmaqalda adının hallandığını araşdırmaq vacibdir. Bütün bunlardan sonra maliyyə məlumatlarını təhlil etmək və qərar vermək olar.
- Bir maliyyəçinin maliyyə göstəricilərinə ən sonda yer verməsi maraqlıdır. Yəqin ki, audit hesabatlarını nəzərdə tutursunuz yoxsa?
- Audit hesabatlarının olması vacib faktordur. Lakin bütün oxuculara çatdırmaq istəyirəm ki, audit hesabatına rəy verən kənar audit şirkətləri onlara bank rəhbərliyi tərəfindən təstiqlənən və təqdim edilən məlumatları yoxlayıb, hesabatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartına (“MHBS”) uyğun hazırlanmasına rəy verirlər. Yəni bu o deməkdir ki, təqdim edilən məlumatların düzgünlüyü bank rəhbərliyinin məsuliyyətidir. Bəzən hesabat istifadəçiləri kənar auditorları şişirdilmiş məlumatlara müsbət rəy verməkdə günahlandırırlar. Amma bir şeyi nəzərə almaq lazımdır ki, həmin auditorların məsuliyyəti hesabatın düzgün tərtibatına rəy verməkdir, bankın detallı yoxlanması isə daxili auditin işidir. Kənar audit şirkətlərini isə günahlandırmaq düzgün deyil.
- İsmayıl bəy, bankların audit hesabatlarından başqa hansı məlumatlara diqqət etmək vacibir ?
- Əvvəla qeyd edim ki, banklarda hər ay prudensial hesabat hazırlanır və bu hesabat Mərkəzi Banka təqdim olunur. Bu hesabatların çoxlu sayda əmanətçiyə verilməsi mümkün deyil və bankların əksəriyyəti bu məlumatları verməkdən imtina edir. Prudensial hesabatın təhlili və hesabat əsasında qərar verilməsi xüsusi maliyyə biliyi tələb edir. Bunu bəlkə normal saymaq olar, amma son həftələrdə Mərkəzi Bankın sədrinin müəssisələrin və fiziki şəxslərin məlum banklardakı cari hesabının bata biləcəyi və bankın maliyyə məlumatlarının əvvəlcədən təhlil olunması məsələsinin şirkətlərin məsuliyyəti olduğunu deməsi fikri biraz məsələyə başqa prizmadan baxmağa vadar etdi.
- Başqa prizmadan baxmaq deyəndə nəyi nəzərdə tutursunuz ?
- Xatırladım ki, banklara biznes fəaliyyətini genişləndirməklə bağlı kredit üçün müraciət edəndə, banklar tərəfindən girov, biznes plan, aylıq və ya rüblük detallı şəkildə maliyyə hesabatları, audit hesabatları və onlarla əlavə sənəd tələb edilir. Bu başa düşüləndir. Şirkətlər də bankla əməkdaşlıq etmək istəyərkən təkcə bankın audit hesabatı yox aylıq prudensial hesabatını da əldə edib təhlil etməlidir. Çünki audit hesabatları adətən illik tərtib olunur və ən son yenilənmiş məlumatları əks etdirmir. Prudensial hesabatda isə bankın cari vəziyyətindən müəyyən qədər xəbərdar olmaq olur. Bunu banklarla konfedinsiallıq razılaşması imzalamaqla həyata keçirmək olar. Əlavə şərt ondan ibarət olmalıdır ki, bu məlumatlar yalnız şirkət rəhbəri və maliyyə idarəetməsinə cavabdeh şəxsdə olsun.
- Sizcə prudensial hesabatı bütün əmanətçilərə də verilməlidir?
- Xeyr. Çünki banklar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir daha obrazlı desək ürəyidir. Bankların prudensial hesabatlardakı məlumatları kütləvi yayılsa və hansısa neqativ məlumat qabardılsa, şayiə şəklində yayılsa əmanətçilər öz əmanətləri üçün, şirkətlər cari hesablardakı vəsaitlərlə bağlı banklara axın edəcək və kütləvi olaraq vəsaitlər çıxarılacaq. Bu da bankları tez bir zamanda müflisləşdirəcək. Nəticədə əsasən kreditlə maliyyələşən şirkətlərin maliyyə mənbəyi bağlanacaq və böyük ehtimalla bu şirkətlər də müflisləşəcək. Şirkətlər bağlanandan sonra kütləvi işsizlik başlayacaq və təbii ki, bütün bunlar iqtisadiyyatın durğunluğuna yol açacaq. Qeyd edim ki, müasir zamanda, sosial şəbəkələrin həyatımızda aktiv rol oynadığı bir dövrdə şayələrin yayılma tezliyi olduqca yüksəkdir.
- Banklara əmanət qoyarkən və ya bankda cari hesab açarkən hansı maliyyə göstəricilərini daha çox diqqətdə saxlamaq lazımdır?
- Saytlarda bankların nə qədər mənfəət və zərər etməsi ilə bağlı rüblük məlumatlar çıxır. Bu məlumatlar yaxşıdır amma ki, qərar vermək üçün kifayət deyil. Ona görə də bir sıra məsələlərə ciddi diqqət yetirilməlidir, bunlar hansılardır?
Əsas olaraq:
1-Bankların Likvidlik Gap deyilən göstəricisi (1aylıq, 3aylıq, 6 aylıq və s) - Bu göstərici bankın cari aktivləri və öhdəliyinin fərqini göstərməklə, əmənətçilər tərəfindən vəsaitin geri götürülməsi tələbi yaranan vaxtı bankın ödəmə qabiliyyətinin yetərli olub-olmamasını əks etdirir. Bu göstəricini digər banklarların müvafiq göstəricisi ilə müqaisə etmək tövsiyyə olunur. Likvidlik boşluğu (GAP)-ın qısa müddətdə və uzun müddətdə kəskin şəkildə mənfiyə düşməyi xoşagəlməz haldı.
2- Bankın birinci və ikinci dərəcəli kapitalı və o cümlədən kapital adekvatlığı əmsalı - Bu göstəricini Mərkəzi Bankın normativi, yaxud digər banklarla müqayisə etmək məsləhətdir;
3-Gecikmədə olan kreditlərin (NPL) ümumi kredit portfeli üzrə nisbəti – 90 gündən artıq gecikmədə olan kreditlərin ümumi kredit portfelindəki payını əks etdirir. Bu göstəricinin dövrlər üzrə dinamikasını izləmək yaxud digər banklarla müqayisə etmək məsləhətdir.
4- Dəyərsizləşmiş aktivlər barədə məlumat – Bu göstəricinin əvvəlki dövrlər üzrə dinamikasının izlənməsi və həmçinin digər banklarla müqayisəsi optimal qərarvermə üçün daha çox effektivdir.
5 - Aslı və yaxud əlaqəli tərəflərə verilən kreditin həcmi – Bu məlumatın Mərkəzi Bankın qaydalarına uyğun olub-olmaması yoxlanılmalıdır;
6-Bankın kredit portfelinin diversifikasiya səviyyəsi – Bankın verdyi kreditlərin istehlak krediti və yaxud biznesin müxtəlif sahələri üzrə şaxələndirilməsinin incələnməsi tövsiyyə olunur.
7- Bankın faiz və qeyri-faiz gəlirlərinin dinamikası – Bu göstəricinin digər banklarla müqayisə edilməsi və aylıq dinamikanın təhlili məsləhətlidir.
8 - Bankın kredit portfelinin dinamikası – Bu banklarda hansı dövrlərdə kredit verilişinin azalmasını aşkarlamağa imkan verir və daha sonra nəyə görə bankın kreditləşməni azaltdığı məsələsi araşdırmalıdır.
- Mərkəzi Bankın sədrinin hüquqi və fiziki şəxslərin cari hesablarının, bağlanan banklar tərəfindən geri qaytarıla bilməyəcəyi və bankda hesab açarkən bankın araşdırılmalı olduğunu deməsi məsələsinə necə baxırsınız?
- Bilirsiniz, bankda hesab açdıran sahibkarların hamısı maliyyə peşəkarı deyil. Məsələn fermer, stomotoloq, hüquqşünas, ictimai iyaşə obyekti işlədən fiziki şəxs və s. kimi insanlar maksimum şəkildə bankın imici ilə bağlı məsələlərdən xəbərdar ola bilərlər. Bu insanların prudensial hesabatı təhlil etmək üçün maliyyə biliklərinin olmaması normaldır. İri və orta sahibkarlıq subyektlərinin baş mühasiblərinə yaxud maliyyə direktorlarına tam şəkildə prudensial hesabatların təqdim edilməsində problem yaradılır. Saytlarda yerləşdirilən audit hesabatlarının əksəriyyəti isə yalnız illik olaraq yerləşdirilir və yenilənmiş məlumatları təhlil etməyə imkan vermir. Bu cür şəraitdə fəaliyyət göstərən bankın maliyyə vəziyyətindən nece xəbərdar olmaq olar ? Bankın fəaliyyətinə nəzarəti bir müddət başqa orqan həyata keçirdi, amma indi requlyator yenə də Mərkəzi Bankdır. KİV-də sədr tərəfindən yayılan bu fikirlər birbaşa ya da dolayı yolla sahibkarlarda yerli banklara qarşı müəyyən inamsızlıq yaratdı. Nəzərə alaq ki, bank sistemi yalnız bir prinsip əsasında işləyir, bu da inamdır.