Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
FED.az AMB-yə istinadən xəbər verir ki, qurumun struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqində deyib ki, 2018-ci ildə ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşib, iqtisadi artım davam edib, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.
E.Rüstəmov qeyd edib ki, 2018-ci ildə AMB-nin həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib.
2018-ci ildə inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib. 2018-ci ildə in orta illik inflyasiya 2,3% təşkil edib. Dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması olub. Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin, habelə bəzi inzibati qiymətlərin yüksəldilməsinin qiymətlərə artırıcı təsirini neytrallaşdırıb.
2018-ci ildə makroiqtisadi sabitlik ölkədə iqtisadi artıma şərait yaradıb. İqtisadi artım pozitiv zonada qalmaqda davam edib. Ümumi Daxili Məhsul (ÜDM) real olaraq 1,4%, o cümlədən qeyri-neft sektorunda 1,8% artıb. Qeyr-neft sənayesi daha yüksək artım nümayiş etdirib ki, bu da ölkədə sənayeləşmənin sürətləndiyini, qeyri-neft sektorunun artımında ticari sektorun rolunun artdığını göstərir. İqtisadi artım xarici tələb və daxili tələbin istehlak və dövlət tələbi komponentləri ilə dəstəklənib.
2018-ci ilin 9 ayında cari əməliyyatlar balansında 5,1 mlrd. ABŞ dolları və yaxud ÜDM-in 15%-i səviyyəsində profisit yaranıb ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtmüş və ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb.
2018-ci ilin əvvəlinə nəzərən strateji valyuta ehtiyatları 6,5% artaraq ilin sonuna 45 mlrd. ABŞ dollarına yaxın olub, AMB-nin rəsmi valyuta ehtiyatları isə 5,5% artaraq 5,6 mlrd. ABŞ dolları təşkil edib.
Manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Valyuta bazarında təklif kanallarının artmasını şərtləndirən mühüm amil Prezidentin müəyyən etdiyi iqtisadi inkişaf kursuna uyğun olaraq ölkədə qeyri-neft sektorunun şaxələnməsi, ixracat potensialının artırılması olub.
Ümumilkdə xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib.
2018-ci ildə pul təklifinin dəyişimi makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyə olan tələbinin ödənilməsi arasında optimal balansı təmin edib. Manatla pul bazası 11,7% artmışdır. Pul təklifinin de-dollarlaşması prosesi davam edib.
E.Rüstəmov çıxışında qeyd edib ki, pul siyasəti alətləri inflyasiya, inflyasiya gözləntiləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib.
AMB 2018-ci ildə son makroiqtisadi prosesləri və yenilənmiş proqnozları nəzərə almaqla özünün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə zəruri korreksiyalar edib. İlin əvvəlindən faiz dəhlizinin parametrləri bir neçə dəfə dəyişdirilib uçot dərəcəsi mərhələlərlə 15%-dən 9,75%-ə endirilib.
Dövr ərzində iqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə AMB müxtəlif müddətli açıq bazar əməliyyatlarını aktivləşdirib.
Həmçinin bildirilib ki, monetar idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilən pul siyasətinin effektiv kommunikasiyası xüsusi diqqətdə saxlanılıb. AMB-nin hər bir siyasət qərarı ilə bağlı press-relizlər müvafiq analitik şərhlərlə dərc edilib, eyni zamanda media üçün geniş mətbuat konfransları keçirilib. Qeyd olunub ki, faiz dəhlizinin parametrlərinə dair qrafik əsaslı pul siyasəti qərarlarının verilməsi, eyni zamanda geniş mətbuat konfransları, eləcə də müasir kommunikasiya kanalları vasitəsilə həmin qərarların ictimaiyyətə açıqlanan təqvim əsasında kommunikasiyasının təşkili rejiminə keçilib.
Sonra E.Rüstəmov vurğulayıb ki, AMB öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional istiqamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etməklə ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək verib.
İclasda daha sonra AMB-nin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Müzakirələrdə qeyd edilib ki, AMB-nin fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılıb, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilib, AMB-nin məqsəd və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılıb, monetar idarəetmə, onun statistik bazası daha da təkmilləşdirilib, institusional inkişaf prosesi sürətlənib, müasir elektron infrastruktura əsaslanan, fasiləsizlik prinsipi ilə işləyən və daim təkmilləşən ödəniş sistemləri fəaliyyət göstərib, kiber təhlükəsizliyin gücləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, bütün informasiya təhlükəsizliyi sistemləri müasir virtualizasiya infrastrukturuna miqrasiya edilib.
İqtisadiyyatın nağd pula tələbatı tam təmin edilib, yeni pul nişanı və xatirə pul nişanları tədavülə buraxılıb, nağd pul dövriyyəsinin idarə olunması daha da təkmilləşib, insan resurslarının inkişafına diqqət artırılıb, cəmiyyətdə iqtisadi maarifləndirmə üzrə geniş iş aparılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.
Hesabat ilində bütün istiqamətlər üzrə vəzifələrin mütərəqqi beynəlxalq təcrübəyə uyğun reallaşması üçün AMB-də xarici əlaqələr və beynəlxalq əməkdaşlıq gücləndirilib, texniki yardım imkanları aktiv dəyərləndirilib, prioritet əsaslı texniki yardım cəlb edilib.