I hissə
Maliyyə sektorunun inkişafı hazırda əsas prioritet istiqamətlərdən biridir. Son illərdə qəbul olunmuş qərarlar və son bir neçə gün ərzində elan edilmiş proqramlar da bunun bariz nümunəsidir. Bu proqramlarda rəqəmsəl bankçılığın inkişafı, nağdsız ödənişlərin əhatə dairəsi və həcminin genişləndirilməsi kimi məsələlər vacib və aktualdır.
Proqramlarda bir sıra məsələlərin düzgün qoyuluşu və əhatəli əks olunması təqdirəlayiqdir. Son zamanlar bank sektoru yenidən aktual mövzuya çevrilmişdir ki, bu da əslində müsbət haldır. Fikir plüralizmi həqiqətin əsas qayələrindən biridir.
Bir sıra fikirlərdə həqiqət payı yüksəkdir, lakin təəssüf ki, bir sıra subyektiv fikirlər də davamlı olaraq səsləndirilir ki, bu da əhəmiyyətli konstruktiv fikirlərə ya kölgə salır, ya da sektor haqqında mənfi və qərəzli fikirlər yaradır. Həmin fikirlərə qısa şəkildə nəzər salaq:
Ölkənin bank sektorunda 10, 15 və ya 20 bank olmalıdır. Bu mülahizələr ən azı bank sektoru və ölkə iqtisadiyyatı üçün risk yaradan fikirlərdir. Birincisi, heç bir iqtisadi nəzəriyyədə hansı ölkədə neçə bank olmalıdır və ya əhalinin sayına görə neçə bank olmalıdır fikri və nəzəriyyəsi yoxdur. Dünyanın inkişaf etmiş elə ölkələri vardır ki, orada hər 100.000 adama 1 bank düşür, elə ölkələr də vardır ki, hər 20.000 adama bir bank düşür.
Araşdırmalar bu sahədə hər hansı normativin olmamasını və rəqəmlərin çox müxtəlif olmasını göstərir (bu barədə araşdırmalarımın nəticəsi olaraq “Risk” jurnalında geniş məqaləm dərc olunduğu üçün təkrara yol vermək istəmirəm). Ümumiyyətlə, bankların sayı ilə ÜDM-in səviyyəsi, bankların və əhalinin sayı arasında nisbət, bankların sayı və ölkənin ərazisi arasındakı nisbət ölçülmür və belə nisbətlər həmin ölkənin iqtisadi göstəricilərində nəzərə alınmır.
Çünki, qeyd etdiyim kimi burada hər hansı iqtisadi qanunauyğunluq və qəbul olunmuş normativ göstərici yoxdur. Bir ölkənin bank sektorunun vəziyyəti həmin ölkədə bank sektorunun ümumi aktivlərinin ölkənin ÜDM-nə nisbəti, bankların cəmi məcmu kapitalının bankların cəmi aktivlərinə nisbəti, cəmi depozit portfelinin ÜDM-yə nisbəti, cəmi aktivlərə nisbəti, daxili və xarici borclanmaların ÜDM-yə nisbəti və sair əmsallar və göstəricilərlə təhlil olunur. Bank sayı nə müsbət, nə mənfi mənada göstərici hesab olunmur.
Kiçik banklar sektorda risk yaradır və digər bankların böyüməsinə mane olur. Səhv fikirlərdir.
Birincisi bank sektorunda çox az sayda bankın olması risklərin bir neçə bank üzərində konsentrasiyasına səbəb olur ki, bu da həm real sektor, həm maliyyə sektoru, həm də elə həmin bank(lar)ın özü üçün yüksək risk daşıyır (Beynəlxalq Bank məsələsi ölkəmizdə yaşanan acı təcrübə kimi yaddan çıxmamalıdır).
İkincisi, ölkədə böhran baş verərkən iri bankların yaratdığı risklər ölkə iqtisadiyyatı üçün təhlükəli olur. Dünyada demək olar ki, iqtisadi qanunauyğunluğa çevrilmiş bir fikri (“Too big to fail” tərc.: Batmaq üçün çox böyükdür) əsas götürərək hökumətlər həmin banklara böyük həcmdə kömək etmək məcburiyyətində qalırlar. Çünki, batmaq üçün çox böyükdür o deməkdir ki, batarsa sistemi batırar, iqtisadiyyata böyük mənfi təsiri olar (yenə Beynəlxalq Bank amili). Kiçik banklarla bağlı bu problem olmur.
Üçüncüsü, böhran zamanı bank sektoruna gələn zərbənin təsirləri müxtəlif banklara dağıldığı üçün zəifləyir. Bir neçə kiçik bank sıradan çıxa bilər, lakin mənfi nəticələri iqtisadiyyat üçün dağıdıcı olmur.
Dördüncüsü, dünyanın ən inkişaf etmiş ölkələrində belə bankların sayı ilə bağlı fikirlər irəli sürülmür, bankların bağlanması sırf olaraq iqtisadi göstəricilər, böhranlar və sair amillərin nəticəsində baş verir.
Beşincisi, məsələn, Almaniyada 90-dan çox müxtəlif istiqamətli banklar vardır. Deucth Bank, Commerzbank kimi iri banklar da var, Sparkassen əmanət bankı da, xarici banklar da, kiçik özəl banklar da. Kiçik və orta biznes sahibləri iri banklarda xidmət görmürlər, bu onlar üçün sərfəli olmur, çünki sözlərini, istəklərini çatdıra bilmirlər. Böyük banklar üçün də bu sərfəli deyil, daha çox vaxt itkisidir. Çünki, böyük bankların müəyyən səviyyədən sonra prioritetləri, riskləri, qayğıları da fərqli olur, biznesə yanaşma tərzləri də, fəaliyyət istiqamətləri də.
Bu səbəbdən kiçik və orta ölçülü sahibkarlıq subyektlərinin kiçi və orta ölçülü banklarla dialoqu daha effekli alınır, ünsiyyətdə boşluq yaranmır. Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı prioritet məsələdir, strateji istqamətlərdən biridir. Məhz belə müştərilərə xidmət etmək üçün nisbətən kiçik banklara da hələ uzun müddət ehtiyac olacaqdır. Nəhayət, altıncı əsas məsələ. Hər bir böhranın sona çatmasının əsas göstəricisi müsbət əhvali-ruhiyyə və müsbət gözləntilərin yaranmasıdır. Böhranlardan çıxış üçün hökumətlər ilk növbədə buna nail olmağa çalışır.
Bizdə isə hazırda həm böhrandan çıxmağımız haqqında danışırıq, həm də müsbət əhvali-ruhiyyənin deyil, mənfi əhvalın, fikirlərin yaranmasına şərait yaradırıq. Çünki, bankların sayı ilə bağlı fikirlər əhalidə çaşqınlıq yaradır, depozit portfelinə mənfi təsir edir və sair. Ziddiyyətli məqam yaranır. Buna isə nə əsas vardır, nə də ehtiyac.
Əslində bank sektoru ilə bağlı müzakirə mövzuları nələr olmalıdır? Azərbaycan bank sektorunun vəsaitə ehtiyacı varmı? Bu vəsait hansı formada banklara inyeksiya olmalıdır? Bank sisteminin böyümək üçün hansı potensialları var? Bir neçə günə təqdim edəcəyim növbəti yazıda bank sektorunda müxtəlif hüquqi və digər risklərdən kifayət qədər danışıldığı üçün təkrara yol vermədən qeyd etdiyim suallara cavab vermək məqsədi daşıyan sırf iqtisadi məsələlərə toxunacağam...
Elman Sadiqov, bank-maliyyə eksperti,
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ekspertlər qrupunun sədri
Hansı vacibdir - bankların sayı, yoxsa vəziyyəti? - MƏQALƏ
08:47
1 Okt 2018