Azərbaycanda biznes və maliyyə xəbərləri üzrə aparıcı mətbuat qurumu olan FED.az maliyyə və biznes xidmətləri ilə bağlı sorğularını davam etdirir.
Sorğuların keçirilməsində məqsəd, müxtəlif mövzular və xidmətlər üzrə ictimaiyyətin və istehlakçıların rəyini öyrənmək, bununla da maliyyə sektorunda xidmət keyfiyyətinin artırılmasıdır.
Eyni zamanda sorğuların keçirilməsi və əldə edilən nəticələr xidmət təminatçıları olan bank, sığorta şirkətləri və sair iştirakçıların yeni xidmətlər yaratmasına və mövcud xidmətlərin təkmilləşdirilməsinə xidmət edir.
FED.az-ın növbəti rəy sorğusu son günlər gündəmdə olan maaş kartlarının seçimi ilə bağlıdır. Rəsmi qurumların məlumatına görə, artıq qarşıdakı aylardan etibarən əmək müqaviləsi ilə çalışanlar öz əmək haqqı kartlarının hansı bankdan olmasına özləri qərar verə biləcəklər.
Xatırladaq ki, indiyədək xidmətçi bankın, yəni əmək haqqı kartını hansı bankın kartı ilə ödəniləcəyini işəgötürən seçirdi. Seçimin işçilərə verilməsi bəziləri üçün bankların dəyişməsi ilə nəticələnə bilər.
FED.az bu sahədə vəziyyəti öyrənmək üçün öz oxucuları arasında «Maaş kartını özünüz seçsəniz hansı banka üstünlük verərdiniz?» mövzusunda sorğu keçirib.
Təxminən 1200 nəfərin iştirak etdiyi sorğunu ölkənin bank sektorunda çalışan bütün banklar üzrə cavablandırmaq imkanı yaradılıb.
1 həftə davam edən səsvermənin nəticələrinə əsasən sorğunun qalibi son dövrlər riteyl bazarında aktivləşməkdə olan «Xalq bank» olub.
Oxucuların təqribən yarısı - 48,17%-i maaş kartını seçərlərsə məhz «Xalq Bank»a üstünlük verəcəklərini açıqlayıblar.
Maaş kartı seçiminə görə, sonrakı yeri ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB Bank) tutub – oxucuların 20,78%-i maaş kartının ABB-dən olmasını istəyib. Bu da təbidir, xidmət yüksək keyfiyyəti və ən əsası geniş filial şəbəkəsi və etibarlı mövqeyi, eləcə də geniş xidmət spektri ABB-nin əsas göstəricilərindəndir.
Maaş kartı seçimində növbəti yeri ölkənin bank sektorunun liderlərindən biri «KapitalBank» tutur. Səs verən iştirakçıların təqribən 9,13%-i maaşı «Kapitalbank»dan almağa üstünlük verir. Bankın son illər sürətli inkişafı, ənənəvi və mobil bank xidmətləri təklif etməsi özünü göstərib.
Səsvermədə 4-cü yeri bank sektorunun liderlərindən olan «Paşa Bank» tutub – 3,74%. Səsverənlərin maaş kartı istifadəsi baxımından diqqət göstərdiyi digər banklar «Azər Türk Bank» - 2,7%, «UniBank» - 2,1%, «Yelo Bank» və «Accesbank» - 1,7% olublar.