Azərbaycanın bank sektorunun fəal iştirakçılarından olan «Expressbank» 2023-cü ilin 4-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2023-cü il bankın tarixində sürətli böyümə ilə qalıb. Ötən il ərzində «Expressbank»ın aktivləri 123 milyon manat və ya 28% artıb.
Nəticədə bankın ölçüləri 2022-ci ilin sonundakı 437 milyon manatdan 2023-cü ilin sonuna 560 mmilyon manata sıçrayıb. Bununla da «Expressbank» yarım milyard manatdan böyük olan bankların sırasına qoşulub.
İl ərzində bankın kredit portfeli 112 milyon manat və ya az qala 40% artaraq 297 milyon manatdan 409 milyon manata yüksəlib.
Bankın qiymətli ağızlara yatırımları isə 8 milyon manat artaraq 51 milyon manatı keçib. Bundan başqa, «Expressbank» başqa banklardakı depozitlərini də 5 milyon manat artıraraq 26 milyondan 31,9 milyon manata yüksəldib.
Belə yüksək artım «Expressbank»ın öhdəliklərini artımı ilə bağlıdır. 2023-cü ildə bankın öhdəlikləri 123 milyon manat artaraq 307 milyon manatdan 430 milyon manata yüksəlib.
Bankın təkcə depozit portfeli 37 milyon manat artaraq 193 milyondan 230 milyon manata qalxıb. Bu dövrdə «Expressbank»da hüquqi şəxslərin hesablarının kəskin artımı qeydə alınıb – artım təqribən 2 dəfə təşkil edib, nəticədə bankda şirkətlərin pulları 41 milyondan 78 milyon manata qalxıb.
Eyni zamanda 2023-cü ildə «Expressbank»ın kredit təşkilatları qarşısında öhdəlikləri də artaraq 67 milyon manatdan 154 milyon manata çatıb.
Hesabat dövründə bankın kapitalında da artım olub – 129 milyon manatdan təqribən 130 milyon manata yüksəlib.
Aktivlər və öhdəliklərdəki sürətli artım özünü «Expressbank»ın gəlir və xərclərində də göstərib.
Əvvəla kredit portfeli kəskin artdığına görə, bankın faiz gəlirlərində də ciddi yüksəliş olub – 45 milyondan 51 milyon manata qalxıb.
Başqa banklara yatırılan depozitlər və pul yatırılan qiymətli kağızlar da «Expressbank»a daha çox pul gətirməyə başlayıb. Belə ki, başqa banklara yatırılan depozitlərdən gəlirlər 5 dəfə artaraq 1,8 milyon manata, qiymətli kağızlar gəlirləri isə 2 dəfə artaraq 4,5 milyon manata çatıb.
Nəticədə, əgər 2022-ci ilin sonunda «Expressbank»ın bütün faiz gəlirlərinin 94%-i kredit portfelindən formalaşırdısa, 2023-cü ildə bu rəqəm 89%-ə düşüb, yəni bankın gəlir mənbələri şaxələnib.
Bankda depozitlərin artımı və başqa banklardan cəlb olunan kreditlərin həcminin artması isə faiz xərclərini yüksəldib.
2023-cü ildə «Expressbank»da depoziti olan şəxslərə 9,2 milyon manat faiz ödənilib, 2022-ci ildən 1,2 milyon manat artıqdır. Əlavə 1,7 milyon manat isə bankın kreditləri üzrə faizlərə sərf edilib.
2023-cü ildə «Expressbank»ın qeyri-faiz gəlirləri 19 milyon manata yaxınlaşıb, əvvəlki illə müqayisədə artım yarım milyon manat olub. Ötən il «Expressbank»ın valyuta mübadiləsindən qazancı 6,3 milyon manatdan 4,5 milyon manata enib.
Əvəzində bank müştərilərinin aktivliyinin göstəricisi olan haqq və komissiya gəlirləri ciddi şəkildə - 2,2 milyon manat artaraq 14 milyon manatı keçib.
2023-cü ildə «Expressbank»ın qeyri-faiz xərcləri də 2 milyon manat artaraq 42 milyon manatı keçib. Ötən il bank təkcə əməkdaşlarına təqribən 20 milyon manat əmk haqqı ödəyib – 3 milyon manat yaxın artım var. İnzibati xərclərdə isə qənaət baş verib.
Nəticədə «Expressbank» 2023-cü ili 18,5 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb. Bu 2022-ci ilin göstəricisindən 2,5 mmilyon manat artıqdır.
Mümkün zərərlər üçün yaradılan ehtiyatları və vergi ödənişlərini də nəzərə alanda «Expressbank» 2023-cü ili 12 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu təqribən 2022-ci ildəki qədərdir, bank əvvəlki ili 12,4 milyon manat xalis mənfəətlə bağlamışdı.