Expressbank 2024-cü ilin lll rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın əməliyyat mənfəəti 15% artaraq, 15 mln. manatdan çox olub. Bankın aktivləri isə 573,7 mln. manata yüksəlib.
Hesabat dövründə Bankın depozit portfeli 236.5 mln. manata çatıb. Əhalinin Expressbanka yatırdığı əmanətlərin həcmi isə 24% artıb və 189 mln. manat təşkil edib.
Cari ildə biznes kreditləri üzrə, xüsusilə mikro kredit istiqamətində fəaliyyətini genişləndirən Expressbank biznes kredit portfelini 24% artıraraq, 140 mln. manata yüksəldib. Bununla da Bankın kredit portfelinin ümumi həcmi 468 mln. manat təşkil edib.
Kredit portfelinin artımı faiz gəlirlərinə də müsbət təsir edib. Belə ki, Bank hesabat dövründə 35.5 mln. manat xalis faiz gəliri əldə edib. Bu göstərici isə ötən il analoji dövrü ilə müqayisədə 15% artım deməkdir. Qeyri-faiz gəlirləri isə 9% artaraq, 15 mln. manat təşkil edib.
Bank cari ilin üç rübü üzrə 9 mln. manatdan çox xalis mənfəət əldə edib.
Qeyd edək ki, beynəlxalq reytinq agentliyi "Fitch Ratings" 2024-cü ilin oktyabr ayında Expressbankın reytinqini gözlənti stabil olmaqla "B+" səviyyəsinə yüksəldib. Beləliklə, Expressbankın dayanıqlılıq və emitentin uzunmüddətli defolt reytinqi "B" səviyyəsindən "B+" səviyyəsinə qalxıb. "Fitch" ekspertləri bankın cəmi likvid aktivlərinin depozitlərin üçdəbirini təşkil etməsi ilə Bankın adekvat likvidlik buferinin olduğunu qeyd ediblər. Həmçinin bu göstəricilərin yaxın gələcəkdə uğurla davam edəcəyinin gözlənildiyi vurğulanıb.
“Expressbank” ASC 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Expressbank – İşiniz rahat getsin!