Daşınar əmlakın reyestrinin yaradılması Azərbaycanda bütün əmlakların girov kimi istifadəsinə imkan verəcək. Təsəvvür edin ki, bankdan kredit götürürsünüz və buna görə … sevimli itinizi girov qoyursunuz. Qəribədir? Əsas odur ki, tamamilə realdır.
FED.az xəbər verir ki, Azərbaycanda daşınar əmlakın reyestrinin yaradılması müzakirə olunur. Bu reyestrin yaradılması sahibinin arzusundan asılı olaraq istənilən daşınar əmlakı qeydiyyata almağa və bundan yararlanmağa imkan verir. Reyestrin gətirəcəyi ən böyük üstünlük daşınar əmlakın girov kimi istifadə edilməsi olacaq.
Daşınar əmlak nədir? Bu kontekstdə «daşınar əmlak» anlayışına az-çox dəyəri olan və bu dəyəri müəyyən bir dövr ərzində qoruyub saxlaya bilən bütün əşyalar aiddir.
Bura fabrik və zavodlardakı avadanlıq və dəzgahlar, kompüter və ofis texnikasından tutmuş, kondisioner, soyuducular və televizorlar, mobil telefonlara, dəftərxana ləvazimatından, ev heyvanlarınadək çoxsaylı əmlaklar aiddir. Reyestrə ev heyvanları, mal-qara, inək-qoyun, cins heyvanlar, cins at və itləri də daxil etmək mümkündür.
Daşınar əmlakın reyestri nə üçün lazımdır?
Yuxarıda deyildiyi kimi, inkişaf etmiş ölkələrdə daşınar əmlakın reyestrləri çoxdan mövcuddur. Özü də bu xaricilərin heyvanlara olan sevgisi ilə bağlı deyil. Məsələnin kökü daha ciddidir və heyvanlardan da vacib olan pul-kredit münasibətlərinə gedib çıxır. Söhbət belə əşyaları girov qoyub kredit götürməkdən gedir.
Daşınar əmlakın reyestrinin nə üçün lazım olduğunu başa düşmək üçün əvvəlcə başqa bir suala cavab tapmaq lazımdır: Banklar niyə daşınmaz əmlakı daha həvəslə girov götürürlər?
Məsələ, təkcə daşınmaz əmlakın daha qiymətli olmasında deyil. Əsas səbəb odur ki, mövcud qanunvericilik və qeydiyyat infrastrukturunu nəzərə alanda daşınmaz əmlaka nəzarət etmək qat-qat asandır.
Əvvəla, daşınmaz əmlak tamamilə sənədləşdirilir. Onun sahibi, ünvanı, yerləşdiyi ərazi dəqiq bilinir, texniki və digər göstəriciləri çoxsaylı sənədlərlə təsdiqlənir. Bütün bu göstəricilər və məlumatlar daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir. Nəticədə daşınmaz əmlakı dəyişik salmaq, onunla gizli əməliyyat aparmaq, oğurlamaq və s. mümkün deyil. Daşınmaz əmlakla bağlı bütün əməliyyatlar, o cümlədən onun girovluğu reyestrdə qeydiyyatdan keçir. Bu səbəbdən bir daşınmaz əmlakı eyni vaxtda bir neçə yerdə girov saxlamaq mümkün deyil. Nəticədə əmlaka nəzarət qat-qat asandır.
Daşınar əmlakda isə məsələ fərqlidir. Evdəki televizoru başqası ilə əvəz etmək, onun yerini asanlıqla dəyişdirmək, dəyişik salmaq, bir əşyanı eyni vaxtda ayrı-ayrı şəxslərə məxsus olan bir neçə əşya kimi qələmə vermək olar. Heç bir sənədləşdirmə olmadığına görə, belə əmlakların hərəkətinə, onlarla aparılan əməliyyatlara nəzarət etmək mümkün deyil. Banklar da məhz bu səbəbdən daşınar əmlakı girov götürməkdən çəkinirlər.
Nəticədə iş adamlarının, xüsusilə də kiçik və orta sahibkarların böyük hissəsi kredit imkanından məhrum olur. Belə ki, inkişaf edən ölkələrdə sahibkarların yalnız 22%-nin girov qoyula bilən daşınmaz əmlakı var. Müəssisələrin kapitalının təqribən 78 faizini maşınlar, avadanlıq və ya debitor borclar şəklində daşınar əmlak təşkil edir. Belə ölkələrdə banklar girov kimi daha çox daşınmaz əmlaka üstünlük verib, daşınar əmlakı girov kimi qəbul etməkdən çəkinirlər. Kredit ərizələrinin əksəriyyəti bu səbəbdən rədd edilir. Bəzən isə daşınmaz əmlakı olmayan sahibkarlar girovu təqdim edə bilməyəcəklərinə görə kredit üçün heç müraciət də etmirlər.
Daşınar əmlakın reyestri yarananda isə vəziyyət dəyişir
Əşyaların belə reyestrdə qeydiyyatdan keçməsi onların dəyişdirilib korlanmasına və ya bir neçə əmlak kimi qələmə verməsinə mane olur. Doğrudur, belə əşyaların ünvanı olmur, əvəzində onların başqa göstəriciləri, əşyanın xarakterindən asılı olaraq onlara aid xüsusi məlumatlar qeydə alınır. Məsələn ofis avadanlıqlarının, dəzgah və məişət texnikasının nömrəsi, ev heyvanlarının pasportları və şəkilləri qeyd olunur. Bu addımlar belə əmlakların dəyişik düşməsinin qarşısını alır. Nəticədə banklar bu əmlakların dəyişdiriləcəyindən, satılıb yox edilməyəcəyindən narahat olmayaraq onları girov kimi qəbul etməyə razılaşırlar.
Bu isə çoxsaylı müştərinin kredit almaq imkanının yaranması deməkdir. İnsanlar öz daşınar əmlakını qeydiyyata alaraq girov qoyub kredit götürə biləcəklər. Reyestrin olması bankların da müştərilər tərəfindən aldadılmasının qarşısını alacaq. Banklar kredit verdikdə təqdim olunan daşınar əmlakın başqa bir bankda girov kimi olub-olmadığını reyestr vasitəsi ilə asanlıqla yoxlaya biləcəklər. Bu da borcalanın eyni əmlakı bir neçə dəfə girov qoymasına mane olacaq.
Reyestrinin yaradılması kredit alınmasını asanlaşdıracaq
Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, girov hüququ mükəmməl olan ölkələrdə, özəl sektora verilən kreditlər ÜDM-nin 60 faizini təşkil etdiyi halda, belə mexanizmlər olmayan ölkələrdə bu rəqəm iki dəfə azdır. Digər tərəfdən, belə sistem kredit üzrə xərcləri azaldır. Sənaye ölkələrində, girovlu borcalanlar girovsuz borcalanlarla müqayisədə doqquz dəfə artıq kredit götürə bilirlər. Özü də girovlulara kreditlər daha uzun müddətə (11 dəfə uzun) və daha aşağı faizlə (2 dəfə aşağı) təklif olunur. Əqdlərə dair daha güclü qanunvericiliyi və reyestri olan ölkələrdə kiçik və orta müəssisələrin kreditlərə çıxış imkanları daha geniş, ödənilməyən kreditlərin sayı daha azdır.
Reyestr oluna bilən daşınar əmlak hansıdır?
Dövlət qeydiyyatında olmayan hər növ daşınar əmlakın reyestri mümkündür. Bura hər hansı bir sahibkarın öz fəaliyyəti ilə əlaqədar istifadə etdiyi xammal, materiallar, yarımfabrikatlar, eləcədə mebel, müxtəlif növ avadanlıqlar daxildir. Məsələn, qida məhsullarının istehsalı ilə məşğul olan şəxs avadanlığını reyestrdə qeydiyyata almaqla onu girov qoyub bankdan kredit ala bilər. Zinət əşyaları, kompüter, hətta iri buynuzlu heyvanlar da qeydiyyata alına bilər. Yəni traktor almaq istəyən fermer öz inəyini girov qoya bilər. Amma avtomobillər bura daxil deyil, çünki onun reyestri ayrıca aparılır.
Dünya təcrübəsi
Maliyyə sistemi, inkişaf etmiş ölkələrdə daşınar əmlak reyestrləri çoxdan fəaliyyət göstərir. ABŞ, Avropa Birliyi, Şərqi Avropa, hətta və bəzi MDB ölkələrində belə reyestrlər mövcuddur. ABŞ-da belə reyestr yaranandan sonra kredit almaq asanlaşdı - 1970-ci illərin ortalarından başlayaraq daşınar əmlakla təmin olunmuş kreditlərin həcmi 30 il ərzində 40 dəfə artaraq 400 mlrd. dollara çatıb. Müəssisələrin kapitalının 60 faizini daşınar əmlak təşkil edən ABŞ-da banklar belə aktivləri çox münasib girov sayırlar. Kredit almaq üçün daşınar əmlakdan effektiv istifadə bir çox Şərqi Avropa ölkələrində, o cümlədən Bosniya-Herseqovina, Slovakiya və Rumıniya kimi inkişaf edən ölkələrdə də müşahidə edilir.
Daşınar əmlakın reyestri necə işləyəcək?
Qeyd edək ki, daşınar əmlakın reyestri hər ölkədə müxtəlif qurumların nəzdində fəaliyyət göstərir. Bəzi ölkələrdə o, daşınmaz əmlakın dövlət reyestri ilə sıx əlaqəlidir və eyni qurum tərəfindən həyata keçirilir. Bəzilərində isə daşınar əmlakın reyestri Mərkəzi Bank və ya Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərir. Məsələn, Slovakiyada 2000-ci ildə yaradıl an daşınar əmlakın reyestrini notariuslar palatası idarə edir.
Azərbaycanda daşınar əmlakın reyestrinin yaradılmasına dair ayrıca 2 May 2017-ci il tarixli qanun da qəbul olunub və reyestr ölkənin tənzimləyici qurumu olan Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində yaradılır. Doğrudur, daşınar əmlakın girov kimi istifadəsi ilə bağlı məsələlər Mülki Məcəllədə əks olunub. Hazırda bəzi məişət avadanlıqlarının kreditlə satışı zamanı bu əşyalar – televizor, soyuducu və s. girov kimi qeydə alınır, amma bu simvolikdir - banklar belə kreditləri verəndə daha çox müştərinin iş yerindən alınan arayışa və əmək haqqına arxayın olurlar.
Daşınar əmlakın kütləvi şəkildə girov kimi qəbul edilməsi üçün isə onun reyestrinin yaradılması vacibdir. Hazırda Azərbaycanda belə reyestr yaradılır. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da reyestr onlayn şəklində fəaliyyət göstərəcək. Bunun üçün internet portal yaradılacaq və əmlakı qeydiyyata alan orqan ora daxil olub girov qoyulan obyekti əlavə edəcək. Qeydiyyata alınan hər bir əşyanın öz kodu olacaq. Onlar istifadə məqsədinə uyğun olaraq qruplaşdırılacaq. Bura əmlakın özünü xarakterizə edəcək məlumatlar daxil olacaq. Məsələn, əgər hansısa telefon qeydiyyata alınırsa, onda müəyyən kod altında onun istehsalçısı, rəngi, hansı xüsusiyyətlərə malik olduğu göstəriləcək, zəruri halda şəkli əlavə olunacaq. Əşyanın bazar qiyməti isə göstərilməyəcək, çünki hər bir bank və ya kredit təşkilatı girov götürdüyü malı özü qiymətləndirir.
Müştəri tərəfindən aldadılmamaq üçün isə kredit verən təşkilatlar müəyyən tədbirlər də görə bilər. Məsələn, lizinq şirkətləri kimi, banklar da qeydiyyata alınan malın üzərinə onun girov olması haqqında məlumat yapışdıra bilərlər. Müştəri əşyanın üzərindəki kağızı çıxarıb onu girov qoymaq üçün istifadə etdikdə isə burada qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək. Yəni bank müştərini məhkəməyə verib öz əmlakını geri istəyə bilər. Müştəri girov qoyduğu əmlakını satıbsa, bank məhkəməyə verərək bu alqı-satqının etibarsız olduğunu sübut etmək iqtidarındadır. ABŞ və Avropada geniş yayılan bu üsula görə, xarici ölkələrdəki müştərilər daha məsuliyyətlidirlər. Banklar isə müştəri tərəfindən aldadılmayacaqlarından arxayındırlar.
Ələ keçən hər şeyi girov qoymaq olacaq - YENİLİK GƏLİR
13:38
10 Mart 2018