Livan Mərkəzi Bankının sədri Riyad Salame 30 ildən artıqdır ki, tutduğu vəzifəni tərk edərək istefa verib.
FED.az xəbər verir ki, “The Economist” jurnalı tərəfindən “dünyanın ən pis mərkəzi bankı rəhbəri” seçilən və Livanın iqtisadi çöküşündə məsul şəxs kimi göstərilən, üstəlik beynəlxalq həbs qərarı olan Riyad Salame bu vəzifəni tərk edir. 73 yaşlı bankir istefa verərkən «Həyatımda yeni səhifə açıram»-deyə bildirib.
1993-cü ildən Livan Mərkəzi Bankını idarə edən və 30 ildən sonra vəzifəsini tərk edən 73 yaşlı Riyad Salameyə münasibət həm beynəlxalq aləmdə, həm də Livanın özündə olduqca pisdir.
Bankirin işdən getməsini CNBC: “Livanın dağılmasında bir çox insanın günahlandırdığı Livanın Mərkəzi Bankının prezidenti getdi...” The Economist: “Dünyanın ən pis mərkəzi bankının rəhbəri təqaüdə çıxdı.” Əl-Cəzirə: "Arzuolunmaz adam getdi." BBC: “Livanın qüsurlu mərkəzi bankının prezidenti getdi...” kimi elan ediblər.
1950-ci il iyulun 17-də Maronit kilsəsinə bağlı xristian ailəsində anadan olan Selame Beyrutdakı Amerika Universitetində iqtisadiyyat üzrə təhsil alıb. 1973-1993-cü illərdə isə Amerikanın məşhur «Merrill Lynch» investisiya bankının Beyrut və Paris ofislərində baş menecer vəzifəsində çalışıb. Bu müddət ərzində o, livanlı iş adamı Rafik Həriri ilə tanış olub və onun portfelini idarə edib.
Vətəndaş müharibəsindən sonra baş nazir olan Həririnin ilk işi Selameni mərkəzi bankın rəhbəri təyin etmək oldu. 1993-cü ilin aprelində 6 il vəzifəyə gələn Selame 1999, 2005, 2011 və 2017-ci illərdə 4 dəfə öz vəzifəsinə yenidən təyin edilib.
Maraqlıdır ki, bankirin vəzifəsi bu il də uzadıla bilərdi. Belə ki, Baş nazir Necip Mikati bankir Selamenin iyulun 31-də başa çatan səlahiyyət müddətinin uzadılması üçün Nazirlər Şurasının iclasını çağırıb. Ancaq kvorum əldə oluna bilməyəndə onun səlahiyyət müddəti uzadılmadı və bir ölkənin mərkəzi bankının kürsüsündə ən uzun müddət oturan şəxs kimi tarixə düşən Selamenin yerinə vitse-prezident Vesim Mansuri təyin edildi.
Selamenin dövründə Livanda çoxsaylı iqtisadi fəlakətlər baş verib. Belə ki:
Livan funtu ABŞ dollarına nisbətdə demək olar ki, 100 faiz dəyər itirib.
Maliyyə sisteminə dəyən ziyan 70 milyard dolları ötüb.
Bu gün 1 ABŞ dolları düz 15 min 75 Livan lirəsidir.
Amma məsələ təkcə pis idarəçiliklə bitmir. Beynəlxalq təşkilatlar Livanın maliyyə elitasını maliyyə maxinasiyalarında da ittiham edir. 2022-ci ildə Dünya Bankı Livan elitalarını piramida sxemi yaratmaqda ittiham edib. 2019-2020-ci illərdə Livan küçələrində nümayişlər keçirilib, banklar talan edilib.
Livan Mərkəzi Bankının keçmiş vitse-prezidenti Nasser Saidi bildirib ki, «Livanda bir çox nəsillər qazanclarını itiriblər. Bu, Selamenin yeganə mirasıdır». Livanın İqtisadiyyat naziri Emin Selam: «O, çox uzun müddətdir vəzifədədir. O, yaşadığımız iqtisadi iflasa səbəb olan pul və faiz siyasətlərinə birbaşa cavabdehdir. O, bir piramida sxemi qurdu».
Takaddum Partiyasının sədri Lori Haytayan: «Ölkəni cinayəti ört-basdır edən komanda idarə edirdi. Ona görə də heç kimə hesab vermədən getdi». Keçmiş Maliyyə Nazirliyinin müşaviri Henri Chaoul: «O, iki şeyə, məzənnə siyasətinə və borc konvertasiyasına yox deyə biləcək bir mövqedə və gücdə idi. Amma hər ikisi uğursuz oldu».
Xaricdə korrupsiya və Mərkəzi Bankın aktivlərinin mənimsənilməsi ilə bağlı qırmızı bildirişlə axtarışa çıxan Selame sərt çıxış edib: “İqtisadiyyatın çöküşünün yeganə real səbəbkarının mənim olduğum yalandır. Xələfimə uğurlar arzulayıram. Həyatımda yeni səhifə açıram. Son 30 ildə etdiyim hər şey Livana və Livanlılara xidmət etmək olub... Bəziləri bunu demək istəməsələr də minnətdar idilər. Başqa insanlar da var, Allah onları bağışlasın”.
Keçmiş baş bankirlə bağlı konkret itihamlar da var – o 300 milyon dollar mənimsəməkdə ittiham olunur.
Vətəndaş müharibəsindən sonra ilk 6 illik mandatı dövründə təmin etdiyi iqtisadi rifahla alqışlanan Riyad Salame, Livan da daxil olmaqla 7 ölkədə araşdırılan, Fransa və Almaniya tərəfindən qırmızı bülletenlə axtarılan “qaçaq”dır. BBC-nin məlumatına görə, onun mənimsədiyi iddia edilən pulun məbləği 300 milyon dollar civarındadır.
İsveçrə Baş Prokurorluğu həmçinin bildirib ki, Salamenin qardaşı Raca Selameyə məxsus Forry Company Livan Mərkəzi Bankına məxsus avrobond və xəzinə veksellərinin satışından 2002-2014-cü illərdə 326 milyon dollar rüsum və komissiya alıb.