Dünyanın nüfuzlu mərkəzi bankları valyuta səbətlərində dəyişikliklər edirlər. FED.az Bloomberg-ə istinadən xəbər verir ki, mərkəzi banklar avro ilə ehtiyatlarını artırmağa başlayıblar.
Azərbaycan banklarının kəskin dollarlaşmasının və ölkənin valyuta ehtiyatlarının formalaşmasında ABŞ valyutasının rolunu nəzərə alsaq, bu ölkəmiz üçün də bir siqnal ola bilər.
Analitiklərin hesablamalarına görə, hazırda dünyanın valyuta rezervlərinin əsas hissəsi dollarla ifadə olunur. Açıqlanan rəqəmlərə əsasən, 64% ehtiyatlar məhz dollardadır. Avro isə rezerv ehtiyatında 20% səviyyəsindədir. ABŞ-ın proteksionizm siyasəti isə ölkələri valyuta səbətlərinə yenidən baxmağa vadar edir.
Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Bu pulların böyük hissəsi Neft Fondu tərəfindən idarə edilir. Rəsmi beynəlxalq ehtiyatları isə 5 milyard 381 milyon manat və ya 3 milyard 165 milyon dollardır.
Ötən müddətdə fondun valyuta siyasətində xeyli dıyişiklik olub. Fonddan FED.az-a verilən məlumata görə, 2018-ci il üzrə valyuta portfeli diversifikasiya edilib və vəsaitlərin 50 faizi ABŞ dollarında, 35 faizi avroda, 5 faizi İngiltərə funt sterlinqində, qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilməsi hədəf kimi qoyulub.
Eləcə də bax: Manat əmanəti ən sərfəli olan banklar - Mart 2018
Risk menecmenti üzrə ekspert Elman Sadıqovun sözlərinə görə, artıq dünyada bu tendensiya başlayıb və ən böyük iqtisadi güclərdən biri olan Çin dollarda olan ehtiyatlarını azaltdığını açıqlayıb. Dünya dövlətləri uzunmüddətli passivlərə yanaşmada ehtiyatlı davranaraq, valyuta səbətini diversifikasiya etməyə, xüsusən də avronun payını artırmağa başlayıblar.
Qeyd edək ki, Azərbaycan banklarının pul ehtiyatı əsasən dollarladır. Hətta hazırda bankların likvid vəsaitlərində də dollar hökmranlıq edir. Ötən dövr ərzində bankların dollarlaşması 90%-dən yuxarı hesab edilirdisə, hazırda bu tendensiya düşür. Hazırda likvid vəsaitlərin təxminən 70%-i dollardadır.
E.Sadıqovun sözlərinə görə, bankların vəsaitlərinin diversifikasiyası məsləsi bir qədər fərqlidir. Belə ki, bank depoziti hansı valyutada götürürsə, həmin valyutada saxlamalıdır. Üstəlik, banklardakı qısamüddətli vəsaitlərdir və valyutaya münasibəti də müştəri tələbi formalaşdırır. Ona görə də banklar vəsaitlərin diversifikasiyası məsələsində fərqli vəziyyətə malikdirlər. Buna baxmayaraq, investisya şirkətlərində və ümumiyyətlə passiv vəsaitlərin saxlanılmasında müxtəlif vəsaitlərə müraciətolunması halları artır.
Dünya dolları avro ilə əvəzləyir: Bizdə vəziyyət necədir?
14:49
30 Mart 2018